Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:30

Məcburi köçkünlərin ev məsələsində aldadılması - 19 illik hökm


Masazırda məcburi köçkünlər üçün tikilmiş binalar
Masazırda məcburi köçkünlər üçün tikilmiş binalar

Bakıətrafı qəsəbələrdə məcburi köçkünlər üçün tikilən binalarda mənzillərin satılması ilə bağlı indiyədək xeyli adam haqda cinayət işləri qaldırılıb, hökmlər verilib. Bu qəbildən olan daha bir cinayət işinin məhkəmə araşdırması başa çatıb. Məcburi köçkünlər üçün dövlətin puluna tikilmiş evlərin satılmasına görə məhkəmə önünə çıxarılan iki nəfərə – Rabil Rəhimov və Şəfayət İsmayılova birlikdə 19 il həbs cəzası verilib. Onlar həmin evləri məcburi köçkünlərə satmaq adı ilə pul alıb onları aldatmaqda suçlanırlar.

Cinayət işinin materiallarına görə, 14 zərərçəkmişdən ümumilikdə 143 min 500 manat pul alınıb. Ayrı-ayrılıqda adamlar 4 mindən 45 min manata qədər pul veriblər.

Zərərçəkmişlər deyib ki, onlar həmin binalardakı mənzillərin satıldığını, məcburi köçkünlərin adlarının siyahılara pulla salındığı haqda başqalarından da eşitdiklərinə görə istənilən məbləği verməyə razılaşıblar. Verdikləri pulun müqabilində onların adları mənzil alacaq şəxslərin siyahısına salınacaqmış.

Zərərçəkmişlər iddia edir ki, təqsirləndirilən şəxslərin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin vəzifəliləri ilə əlaqələri var.

Məhkəmədə hər iki şəxs özünü təqsirli bilsə də, deyiblər ki, ziyanın məbləği şişirdilib. Yəni hər zərərçəkmişin verdiyi məbləğ onların iddia etdiyi və ittihamda yazılan rəqəmdən xeyli az olub.

Oktyabrın 26-da keçirilən məhkəmədə prokuror təqsirləndirilən şəxslərdən R.Rəhimovun 10 il 6 ay, Ş.İsmayılovun isə 10 il azadlıqdan məhrum edilməsini istəyib. O da məlum olub ki, təqsirləndirilən şəxslər pulların bir hissəsini ödəyiblər.

Məhkəmədə zərərçəkmişlər onlara dəymiş ziyanın tam ödənilməsini istəyiblər.

R.Rəhimovun müdafiəçisi isə prokurorun istədiyi cəzanın çox ağır olduğunu düşünür. Vəkil də deyir ki, bəzi zərərçəkmişlər verdikləri məbləği çox göstərir. Hüquqlarını müdafiə etdiyi şəxsin ilk dəfə cinayət törətdiyini, himayəsində azyaşlı uşağı olduğunu deyən vəkil ona yüngül cəza verilməsini istəyib.

Digər təqsirləndirilən Ş.İsmayılovun vəkili də eyni məzmunlu çıxış edib.

Qısa müşavirədən sonra hakim məhkəmədə müşavirədən sonra R.Rəhimovun 10 il, Ş.İsmayılovun isə 9 il azadlıqdan məhrum edildiyini açıqlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG