Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:36

Köçkünlər yenə ‘Qaçqınkom’un qarşısına toplaşıb


Məcburi köçkünlər "Qaçqınkom"un qarşısında 15 may 2018
Məcburi köçkünlər "Qaçqınkom"un qarşısında 15 may 2018

Bakıda məskunlaşan məcburi köçkünlərdən 50 nəfərə yaxın şəxs iyulun 3-də Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin binası qarşısında toplaşıb.

Narazı məcburi köçkünlər əsasən, iki problemi dilə gətiriblər.

“Bir tərəfdən müavinətlərimiz verilmir, digər tərəfdən bəzi məcburi köçkün və qaçqınlara ev verilsə də bizlərə ev verilmir. Hər iki məsələ ilə bağlı problemin həllini tapmamasının səbəbləri bizə aydın deyil”, komitə önünə toplaşan şəxslər belə deyiblər.

Buna da bax: Məcburi köçkünlər Qaçqınkomun qarşısında etiraz aksiyası keçirib

Məcburi köçkünlər komitə rəhbərliyi ilə görüşmək istəsələr də hələlik, buna nail ola bilməyiblər.

“Gah deyirlər ki, üçüncü gün gəlin, gah deyirlər ki, başqa vaxt gəlin. İndi də bir neçə saatdır buradayıq, hələ ki, qəbul edən yoxdur”, məcburi köçkünlər deyiblər.

Onlar güman edir ki, bir-iki nəfəri qəbul edərək, qalanlarına “qəbul vaxtı qurtardı” deyəcəklər və problemləri yenə də həllini tapmayacaq.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məcburi köçkünlərin narazılığı ilə bağlı danışmaq mümkün olmayıb.

Ancaq komitənin saytı xəbər verir ki, məcburi köçkünlərin durumu qurumun diqqətindədir. Bu məqsədlə iyunun 27-də qurumun sədri Rövşən Rzayev bir qrup məcburi köçkünü qəbul edib.

Həmin görüşdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, status, məskunlaşma, kommunal xidmətlər, məşğulluq və sairə məsələlər müzakirə edilib.

Xatırlatma

Bir qrup məcburi köçkün mayın 15-də də Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin qarşısına toplaşmışdı.

Müxtəlif bölgələrdən olan bu insanların bəziləri evsizlikdən, bəziləri «çörəkpulu»nun kəsilməsinə, bəziləri isə müavinətlərin dondurulması məsələlərindən şikayətlənirdilər.

Köçkünlər bildirirdilər ki, komitə onlara laqeyd münasibət göstərir və problemlərinə başdansovdu yanaşırlar. Onlar yerləşdirildikləri yataqxanalarda yaşayış durumunun acıanacaqlı olmasından, neçə illərdir bu barədə müraciətlər etsələr də, problemin həll edilməməsindən şikayətlənmişdilər.

Komitənin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev həmin vaxt demişdi ki, heç zaman komitə köçkünlərə laqeyd yanaşmayıb. O, əlavə etmişdi ki, bu vəziyyət aradan qaldırılacaq.

Ümumilikdə rəsmi açıqlanan məlumatlara görə, son illər ( əsasən 2007-ci ildən sonra) Azərbaycanda qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 2,3 milyard manat vəsait sərf olunub. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həllinə 2017-ci ilin sonuna kimi 6,6 milyard manat vəsait xərcləndiyi iddia edilir.

Rəsmi qurumların açıqlamsına görə, hazırda Azərbaycanda 1 milyon 200 min qaçqın və məcburi köçkün var.

Köçkünlər ölkə ərazisində evlərindən didərgin düşən insanlar, qaçqınlar isə Ermənistan və başqa yerlərdən Azərbaycana pənah aparan insanlar sayılır.

XS
SM
MD
LG