Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Koçaryana bağlı ‘köhnə qətl işinə’ yenidən baxılır


Robert Koçaryan
Robert Koçaryan

Fevralın 19-da Yerevan məhkəməsində Poqos Poqosyan adlı şəxsin 2001-ci ildə paytaxtın “Araqats” kafesində öldürülməsi ilə bağlı işə təkrar baxılmasına başlanıb.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, iş baxılması üçün hakim Karen Farxoyana verilib.

Bu iş üzrə, 20 il əvvəl olduğu kimi müttəhim qismində ikinci prezident Robert Koçaryanın cangüdənlərindən biri keçir.

“Kuku” ləqəbli mühafizəçi Aqamal Arutyunyan ehtiyatsızlıqdan adamöldürmə ittihamı üzrə mühakimə olunur.

Arutyunyandan ölkədən çıxmayacağına dair yazılı iltizam alınıb.

Azatutyun xatırladır ki, 2001-ci ilin 25 sentyabr gecəsində Yerevanın “Araqats” kafesində Gürcüstan vətəndaşı, Daşnaksutyun partiyasının 43 yaşlı üzvü Poqos Poqosyan qətlə yetirilib.

“Salam, Rob” və "Koçaryanoğlu"

O kafedə ovaxtkı prezidentə “Salam, Rob” deyə “nəzakətsiz” müraciət etdikdən sonra cangüdənlər tərəfindən ayaqyoluna aparılmış və orada ölənədək döyülmüşdü.

Erməni mediası o vaxt diqqəti belə bir detala da çəkirdi ki, Poqosyan döyülərkən Koçaryanı “Koçaryanoğlu” adlandırırmış.

Cinayət işi materiallarına görə Poqosyanı tualetdə Koçaryanın mühafizəçisi Aqamal Arutyunyan döyüb.

Hakim Mnatsakan Martirosyan Arutyunyanı ehtiyatsızlıqdan adamöldürmə ittihamı ilə şərti olaraq iki il müddətinə azadlıqdan məhrum edən hökm çıxarmışdı.

Azatutyun yazır ki, Aqamal Arutyunyan bir gün də olsa həbsxana cəzası çəkməyib.

Ötən il Ermənistanın Apellyasiya Cinayət Məhkəməsi Baş Prokurorluğun şikayəti əsasında 21 fevral 2002-ci il tarixli məhkəmə hökmünü ləğv edərək təkrar istintaqa göndərib.

Aqamal Arutyunyanın vəkili Robert Becanyan Apellyasiya Məhkəməsinin qərarından Kassasiya Məhkəməsinə şikayət vermişdi. Lakin Kassasiya Məhkəməsi bu şikayəti rədd edib.

Britaniyalı şahid

Bu işə baxılması 2020-ci ildə 74 yaşlı britaniyalı Stiven Con Nyutonun bəyanatı ilə bağlı bərpa olunub.

Nyuton 2001-ci ildə “Araqats” kafesində baş verən hadisənin şahidi olmuşdu.

Britaniyalı o vaxt Ermənistanda işləyirdi və insident baş verəndə kafedə idi.

Stiven Nyuton
Stiven Nyuton

Baş Prokurorluq Nyutonun ərizəsinə baxdıqdan sonra bu qərara gəlib ki, Poqosyan ehtiyatsızlıq səbəbindən yox, bir qrup tərəfindən bilərəkdən qətlə yetirilib.

Bu işi Apellyasiya Məhkəməsinə göndərən prokuror Ayk Xaçaturyan Azatutyuna deyib ki, Poqosyan bilərəkdən öldürülüb.

O əlavə edib ki, qətl təkcə Aqamal Arutyunyan tərəfindən deyil, bir qrup şəxs tərəfindən törədilib.

Prokurorun sözlərinə görə Poqos Poqosyanın ölümünə səbəb onun yıxılması yox, döyülməsi olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG