Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 05:27

Koçaryan özünü parlamentdə görmədiyini deyir


Robert Koçaryan
Robert Koçaryan

Hazırda material yığdıqlarını deyən Koçaryan qeyd edib ki, bir neçə gün ərzində onları ümumiləşdirəndən sonra apelyasiyanın həcmi haqda daha yaxşı təsəvvürləri olacaq

“Biz kütləvi pozuntuların baş verdiyini ehtimal edirik. Administrativ resursdan istifadə olunduğunu aşkar görmüşük, buna görə də seçkilərin nəticələrinə baxılması üçün Konstitusiya məhkəməsinə müraciət edəcəyik”. Bunu iyunun 22-də Yerevanda mətbuat konfransı keçirən Ermənistanın ikinci prezidenti, “Ayastan” blokundan baş nazirliyə namizəd Robert Koçaryan deyib.

Koçaryanın bloku seçkidə 21 faiz səs yığaraq Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” (54%) partiyasından sonra ikinci yeri tutub. O, seçkinin nəticələrinin onlar üçün gözlənilməz olduğunu deyib.

Seçkidən öncə açıq bəyanatlarında Koçaryan və onun komanda üzvləri seçkidə qələbə haqda inamla danışırdılar.

Hazırda material yığdıqlarını deyən Koçaryan qeyd edib ki, bir neçə gün ərzində onları ümumiləşdirəndən sonra apelyasiyanın həcmi haqda daha yaxşı təsəvvürləri olacaq.

“Bu dinamikanı saxlayacağıq”

Blok parlamentdəki mandatına yiyələnəcəkmi? Koçaryan bu məsələdə yekun qərar olmadığını deyib. “Şəxsi fikrimi deyim. Düşünürəm ki, mübarizəni davam etdirməkdən ötrü qarşımızda çox ciddi imkanlar açılıb. Mübarizəmizi davam etdirmək niyyətindəyik. Parlament mübarizəsi küçə mübarizəsini yalnız gücləndirə bilər, onu əvəzləyə bilməz. Bu tempi saxlayacağıq, bu dinamikanı saxlayacağıq, bizim resursumuz var”, – o deyib.

Koçaryan siyasi mübarizə üçün əlavə rıçaqlar əldə etdiyini deyib. “Şəxsən mən özümü parlamentdə çətinliklə görürəm”, – o, sözlərinə əlavə edib.

İyunun 20-də keçirilən parlament seçkilərini baş nazir əvəzi Nikol Paşinyan udub. Beynəlxalq müşahidəçilər seçkinin “rəqabətli, yaxşı təşkil olunmuş şəkildə, amma eyni zamanda qütbləşmə və aqressiv ritorika şəraitində keçdiyini” bildirib. Avropa Şurası, Birləşmiş Ştatlar Ermənistana dəstək bildiriblər.

Avropa Birliyi isə bəyanatında sabit, demokratik və çiçəklənən Ermənistan qurulması ideyasını dəstəklədiyini bildirib.

XS
SM
MD
LG