Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 07:39

Qırğızıstanda müstəqil vebsayt bloklanır


Kloop vebsaytı
Kloop vebsaytı

Qırğızıstanda müstəqil Kloop vebsaytı bloklanıb. Bu arada vebsaytın sahibi “Kloop Media Public Foundation” təzyiqlə üzləşir. Baş verənlər rəsmilərin azad söz və müstəqil medianı məhdudlaşdırması sarıdan narahatlığı gücləndirir.

Kloop sentyabrın 13-də bildirib ki, iki həftə öncə bir neçə provayder onu bloklayıb. Bundan iki həftə öncə Bişkek şəhər Prokurorluğu “Kloop Media Public Foundation”ə qarşı ilkin təhqiqata başlayıb. Səbəb kimi bu media orqanının hökuməti tənqid etməsi göstərilir.

Mədəniyyət Nazirliyi Kloop-dan tələb edir ki, həbsdə olan müxalifətçi Ravşan Jeenbekova işgəncə verilməsi haqda məqaləni silsin.

Vebsayt məqaləni silməyib

Kloop sentyabrın 12-də materialı çıxarmaqdan imtina edib, bildirib ki, sözügedən məqalədə Jeebekovun həbsdəki durumu barədə informasiya real fərdlərə və mənbələrə istinadla verilib.

Kloop onu da bildirib ki, ona qarşı iddianın qaldırılması haqda rəsmi məlumat verilib. O da deyilib ki, Dövlət Milli Təhlükəsizlik Komitəsi auditdən sonra bildirib ki, saytın “dərc etdiyi materialların məqsədi hazırkı hökumətin siyasətini kəskin tənqid etməkdir”, “məqalələrin əksəriyyəti əsasən mənfidir, dövlət və bələdiyyə orqanları təmsilçilərini gözdən salmağı hədəfləyir”.

2007-ci ilin iyununda təsis olunmuş Kloop (kloop.kg) əsasən tələbələrin, “Kloop Media Public Foundation”in Jurnalistika Məktəbinin məzunlarının yazılarına yer verir. Bu müstəqil media orqanı hökumət qurumlarında korrupsiyadan yazır, fakt-yoxlama və araşdırma texnikaları üzrə Orta Asiya jurnalistlərinə təlim keçir.

AzadlıqRadiosunun qırğız xidməti, Kloop və Korrupsiya və Mütəşəkkil Cinayətkarlığı Araşdırma Təşkilatı (OCCRP) bu keçmiş sovet respublikasında korrupsiya ilə bağlı bir sıra araşdırmalar aparıb.

Artan təzyiqlər

Qırğızıstanda vətəndaş cəmiyyəti və azad media dinamik inkişaf etsə də, son illər hökumət təzyiqi gücləndirib.

Hazırda ölkədə QHT liderləri və digər fəallar daxil olmaqla azı 20 nəfər mühakimə olunur. Onlar ötən il Qırğızıstanla Özbəkistanın əldə etdiyi qalmaqallı sərhəd razılaşmasına qarşı çıxdıqları üçün ciddi ittihamlarla üzləşiblər.

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) hakimiyyəti antikorrupsiya araşdırmaçı vebsaytını bloklamaq cəhdindən əl çəkməyə çağıraraq bildirib ki, bu, “Qırğızıstanın ən araşdırmaçı jurnalistika vebsaytlarından birini boğmağa yönəlik biabırçı və dərin sinik cəhddir”.

“Sərhədsiz Reportyorlar Təşkilatı”nın bu yaxınlarda dərc etdiyi illik media azadlığı reytinqində Qırğızıstan 50 pillə geriləyərək 180 ölkə içində 122-ci olub.

XS
SM
MD
LG