Ukrayna Müdafiə nazirinin müavini Hanna Malyar sentyabrın 18-də bildirib ki, qoşunları həm Kleşşeyevka, həm də Andreyevka kəndlərini azad ediblər. O, əkshücum başlanandan Baxmut yaxınlığında 51 kv. kilometr ərazinin azad olunduğunu deyib.
Ümumilikdə isə cənubda əkshücum başlanandan Ukrayna 260 kv kilometrə nəzarətini bərpa edib.
Ukrayna ordusu cənub-qərbdə yerləşən Volqoqrad vilayətində Rusiyanın 17 qanadlı raketini məhv etdiyini bildirib. Mikolayev və Odessa vilayətlərinə istiqamətlənən 24 Rusiya hərbi dronundan isə 18-nin məhv edildiyi bildirilir.
+++
Sentyabrın 18-də səhər Ukraynanın şərqində yerləşən Kleşşeyevka kəndi və ətrafında işğalçı Rusiya qüvvələri ilə Ukrayna əsgərləri arasında qızğın döyüş getdiyi deyilir. Məlumatı Ukrayna ordusu yayıb.
Bir gün öncə Ukrayna Prezidenti Volodimir Zelenski Baxmutun cənubundakı Kleşşeyevka kəndinin azad olunduğunu açıqlayıb.
Bu kənd bütün yayı Ukraynanın şərqdəki əksücuumunun hədəfində olub. Zelenskinin bəyanatından iki gün öncə isə Ukrayna ordusu Baxmutdan 10 km cənub-qərbdəki Andreyevka kəndinə nəzarəti bərpa etdiyini bildirib.
Baxmuta hücum imkanı
Hər iki kəndin qaytarılması Ukrayna əsgərlərinə Baxmuta şimaldan və cənubdan hücum etməyə, xarabalığa çevrilmiş bu şəhəri azad etməyə imkan verərdi. Rusiya qüvvələri Baxmutu bir neçə ay çəkən qanlı döyüşlərdən sonra işğal edib, Kreml bunu böyük qələbə kimi təqdim edib.
Ötən gecə Ukraynanın cənubundakı Xerson vilayətinə Rusiyanın hücumları nəticəsində isə 72-yaşlı bir kişi və bir yaşlı qadın öldürülüb. Xerson vilayət hərbi administrasiyasının başçısı Oleksandr Prokudin deyib ki, daha üç nəfər, o cümlədən 60-yaşlı kişi və 63-yaşlı qadın yaralanıb.
Ukrayna ordusunun sentyabrın 18-də yaydığı məlumata görə, qüvvələri Kleşşeyevka regionunda “hücum əməliyyatları”nə davam etdirir, “düşməni ciddi itkilərə məruz qoyurlar”.
Rusiyanın Müdafiə Nazirliyi bir gün öncə kəndə həmlələri davam etdirdiyini açıqlayıb.
Rəsmi bəyanatlar
Ukrayna Prezident aparatının başçısı Andrey Yermakın sentyabrın 17-də Telegram-da yerləşdirdiyi videoda Ukrayna əsgərlərinin əsasən dağılmış bu kənddə bayraq qaldırdığı bildirilir.
“Ukrayna həmişə ona məxsus olanı geri alır”, – Yermak fotonun altında yazıb.
Zelenski hücumda müvəffəq olan briqadalara təşəkkür edib.
Ukrayna ordusunun sözçüsü İlya Yevlaşın sözlərinə görə, döyüşdə Rusiyanın hava birliklərinə, Çeçenistan lideri Ramzan Kadırovun “Axmat” batalyonuna, rusiyalı kriminalların Storm-Z dəstəsinə, Rusiya Baş Qərargahının hərbikəşfiyyatına və motoatıcı birləşmələrinə “güclü ziyan” dəyib.
“Beləliklə, bizə hücum əməliyyatlarını davam etdirməyə, torpağımızı işğalçılardan azad etməyə imkan verəcək bazanı əldə etdik”, – Yevlaş Telegram-da yazıb.