Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:52

Kiyev Moskvaya bağlı keşişin pasportunu aldı, özünü isə deportasiya etdi


Yepiskop Gedeon (Yuriy Kharon)
Yepiskop Gedeon (Yuriy Kharon)

Kiyev Moskvaya bağlı Ukrayna Pravoslav Kilsəsinin yüksək rütbəli ruhanilərindən birinə münasibətdə fövqəladə addım ataraq onu vətəndaşlıqdan məhrum edib.

Bu hadisə Ukrayna Parvoslav Kilsəsinin müstəqillik əldə etməsi ilə bağlı Moskva və Kiyev arasında yaranmış dini gərginliyi daha da artıracaq.

Lakin bu mübahisəyə üçüncü bir paytaxtın – Vaşinqtonun da cəlb olunması mümkündür, beləki vətəndaşlıqdan məhrum edilmiş yepiskop Gedeonun (Yuriy Kharon) həm də ABŞ vətəndaşı olduğu bildirilir.

ABŞ-ın Kiyevdəki səfirliyi bu hadisə ilə bağlı hələlik heç bir şərh verməyib.

Ukraynada Moskva Patriarxlığını təmsil edən Gedeon az əvvəl Birləşmiş Ştatlarda işçi səfərdən qayıdarkən Borispol hava limanında Ukraynanın təhlükəsizlik əməkdaşları tərəfindən saxlanıb.

Gedeon Rusiya hərbiyyəsinin Ukraynaya qarşı təcavüzünü dəstəkləməkdə və ikinci bir ölkənin vətəndaşı olmaqda ittiham olunur.

Fevralın 13-də gecə bir neçə saat ərzində hava limanında dindirildikdən sonra Ukrayna doğumlu keşiş Ukrayna vətəndaşlığından məhrum edilib və fevralın 14-də Frankfurta uçan təyyarəyə oturdulub.

Ukrayna hakimiyyət orqanları bildirir ki, Gedeon saxlanarkən pasportunu itirdiyi barədə yalan danışıb, lakin az sonra pasportunun üstündə olduğunu deyib.

Ukraynanın Moskvaya bağlı yüksək rütbəli ruhanisinin deportasiyası iki ölkə arasında, İstanbul Patriarxlığı Ukrayna Pravoslav Kilsəsinə avtokefallıq verəndən bəri gərginləşmiş münasibətləri daha da tarıma çəkib.

Putinin sabitsizlik aləti

Ukrayna prezidenti Petro Poroshenko Ukrayna Pravoslav Kilsəsinin Rusiya Pravoslav Kilsəsindən ayrılmasının arxasındakı hərəkətverici qüvvə olub və hadisəni özünün seçki kampaniyasının proqram öhdəliklərindən birinə çevirib.

Poroshenko və başqa Ukrayna rəsmiləri bildirirlər ki, Rusiya Pravoslav Kilsəsinin sadəcə filialı olan Ukrayna Kilsəsi Rusiya prezidenti Vladimir Putinin əlində təbliğat və sabitsizlik yaratmaq alətinə çevrilmişdi.

Ukraynanın Lvov pravoslav kilsəsində "Axirət" adlı "siyasi" freskalardan biri
Ukraynanın Lvov pravoslav kilsəsində "Axirət" adlı "siyasi" freskalardan biri

Moskva Patriarxlığına tabe keşişlər Rusiyanın Krımı ilhaq etməsini və Ukraynanın şərqindəki Donbas regionuna müdaxiləsini dəstəkləyiblər.

Bununla yanaşı onlar Moskva Patriarxlığının Ukraynadakı yeganə qanuni pravoslav kilsəsi olduğunu bəyan edirlər.

Lakin eyni zamanda Poroshenko və artıq müstəqil Ukrayna Kilsəsinin başçısı mitropolit Epifaniy yenicə yaranmış kilsə ilə bağlı gərginlikdə bütün tərəfləri təmkinə çağırıblar.

Moskva Patriarxlığının ruhani xadimləri kilsə mülkiyyətinin itiriləcəyindən narahatlıq ifadə etdikdən sonra Poroshenko və Epifaniy bildiriblər ki, Moskva Patriarxlığının əmlakının alınması üçün heç bir zor tətbiq olunmayacaq.

Bununla belə onlar Moskva Patriarxlığının keşiş və ruhanilərini fəal şəkildə Ukraynanın müstəqil Pravoslav Kilsəsinə biət etməyə həvəsləndiriblər.

Moskva Patriarxlığına tabe 12 min kilsədən 300-ü yeni kilsəsinin tabeçiliyinə keçdiyini bildirib.

Lakin ən azı onlarca halda Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Moskva Patriarxlığına tabe kilsələrə reydlər keçirib. Onlar bu kilsələrin başçılarını “xəyanətdə” və “dini nifrəti qızışdırmaqda” ittiham edirlər.

Moskva Patriarxlığının Kiyevdəki rəhbərlərindən biri - Ukraynanın ən müqəddəs ocağı Peçorskaya Lavrada mənzillənən arxiyepiskop Kliment bəzi keşişlərin dindirildiyini bildirib.

Keşişin diplomatik missiyası

Gedeona gəldikdə isə, onu Kiyev aeroportunda saxlayarkən SBU keşişi Facebook-da Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəkləyən postu ilə bağlı sorğu-sual edib.

Gedeon bu posta ABŞ Konqresinin binası qarşısında çəkdirdiyi şəkli də əlavə edib.

Klimentin ofisi bildirib ki, həm də ABŞ vətəndaşlığı olan və bir neçə il orada yaşamış Gedeon dövlət katibi Mike Pompeo və Konqresə məktub yazaraq Ukraynada kilsə məsələlərini müzakirə etmək istədiyini bildirmişdi.

Ukraynanın Daxili İşlər Nazirliyi Gedeonun dindirilməsini əks etdirən videonu özünün Twitter hesabı ilə yayıb.

Bu videoda daha sonra Gedeonun öz yoldaşları ilə vidalaşdığı və təyyarəyə tərəf getdiyi görünür.

O özünün Facebook səhifəsində Birləşmiş Ştatlara yollandığını və “təyyarəyə silahlıların müşayiəti ilə lap bir cani kimi aparıldığını” yazır.

Və nəhayət videoda keşişin təyyarəyə minərkən sərhədçiyə dediyi son sözlər eşidilir: “Mən qayıdacağam”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG