Keçid linkləri

2024, 13 Sentyabr, Cümə, Bakı vaxtı 21:21

Kitab və gələcəyimiz


1993-cü ildə – bir il ərzində ABŞ-da kitab satışı 23 milyonadək azalıb.
1993-cü ildə – bir il ərzində ABŞ-da kitab satışı 23 milyonadək azalıb.

Beynəlxalq qeyri-zorakı münaqişə mərkəzinin təsisçi direktoru, PBS kanalının çəkdiyi «Daha güclü qüvvə» (A Force More Powerful) adlı televiziya serialının prodüseri və eyniadlı kitabın müəllifi Jack DuVall Open Democracy saytında məqaləsində yazır: «Hər bir çap olunmuş kitab həm zaman maşını, həm də başqalarını dinləmək üçün qurğudur. İndi kitablara hər zamankından daha çox ehtiyacımız var».

Onun sözlərinə görə, insanın yazılı, mətn dilindən elektron görüntülərə keçməyi biliyi mənimsəyib anlama tərzini dəyişdirir. O, həmçinin cəmiyyət, iqtisadiyyat, ətraf mühit və digər sistemlərdəki mürəkkəb proseslər haqda analitik və təsviri materialın indiki kimi qalmasını risk altına alır.

Həlledici tarixi an

Video və rəqəmsal mediadakı görüntülər hadisə və prosesləri izah etmir, sadəcə təsvir edir. Onlar çox zaman bizim hadisələri anlamaq ehtiyacımızı yox, yalnız sensor ehtiyaclarımızı ödəyir. Halbuki, baş verənlərin daha öncəki qərarlarımızın nəticələrini nə dərəcədə əks etdirdiyini anlamağa ehtiyacımız var.

Müəllif yazır ki, biz həlledici tarixi anı yaşayırıq. Onun sözlərinə görə, biz hələ də sənaye və kimyəvi istehsalın 160 il ərzində yaşayışımıza, bəşəriyyətə, atmosfer və okeanlara vurduğu ziyanı məhdudlaşdırmağa qadirik. Ancaq artıq media əksər vətəndaşların bu problemləri anlamaq və dəyişmək qabiliyyətini artırmır.

Son iki min il ərzində insanların idrak qabiliyyətində nəzərəçarpan genişlənmə 300 il bundan öncə baş verib. Bu, 17-ci əsrin ortalarında kitab çapı və kitabların kütləvi yayılması ilə bağlı idi. Bu hadisə fərdin düşüncə və məntiq bacarıqlarının xeyli genişlənməsinə səbəb olub. Bu ona görə baş verib ki, kitabların kütləvi yayılması insanlara hekayə və ideyaları müstəqil şəkildə, təklikdə dərk etmək imkanı verib. Bu yolla insanlar həm özlərini, həm də başqalarını öyrədə bilirdilər.

Biz informasiyanın əsasən valideynlər, dostlar və qonşulardan gəldiyi dünyanı tərk edərək, oxuya bilən istənilən fərdin digər insanları istər adi, istərsə də peşəkar səviyyədə öyrədə biləcəyi dünyaya qədəm qoyduq.


Arada müharibələr media və kitabların yayılmasına mane olsa da, yalnız bu gün, XXI əsrin əvvəllərində insanların kitab oxuması azalıb.

Çap olunmuş kitab nə canlı yayım göstərir, nə də danışır. O, sadəcə, daşına bilən bilik konteyneridir. O bizə dünyaya tarixdə və dünyada yaşamış başqa insanların gözü ilə baxmaq imkanı verir. O, həm zaman maşını, həm də digərlərinin düşüncələrini dinləmək üçün vasitədir. Hər bir çap olunmuş kitab bizə göstərir ki, dünyanı və hətta kainatı kitabxanada tapmaq mümkündür.

Bir ildə kitab satışı 23 milyon azalıb

1992 – 2002-ci illər arasında ABŞ-da kabel televiziyası genişləndi. Bununla da Amerikada kitab oxumayan yetkin insanların sayı 17 milyon nəfərə qədər artdı. 1993-cü ildə – bir il ərzində kitab satışı 23 milyonadək azalıb. 1994 – 2014-cü illərdə ölkədə kitab dükanlarının sayı 50% azalıb. 2016-cı ildə Amerikada oxuya bilməyən insanların sayı 14% idi.

Ancaq «Pew» tədqiqat mərkəzinin məlumatına görə, 2012-2016-cı illər arasında ildə azı bir kitab oxuyan amerikalıların sayı azalmayıb. Məlumatda həmçinin deyilir ki, 2015-ci ildə amerikalıların 65%-i azı bir çap olunmuş kitab oxuyub. İnsanların bunu elektron cihazlardan dincəlmək üçün, yoxsa kitab oxumaq çağırışlarına cavab olaraq etdiyini bilmirik.

Müəllif qeyd edir ki, demokratik ölkələrdə cəmiyyət savadlı və məlumatlı olmadıqca, dünyada korrupsiyalaşmış, istismarçı avtokratiyaların nisbəti artacaq. Bəlkə də bu, uzun zamandan bəri demokratik yolla gedən ölkələrə də yayılacaq.

«(Amerikalı yazar) Henry David Thoreau deyirdi: «Sevgidənsə, puldansa, şöhrətdənsə mənə həqiqəti verin». Bunun üçünsə bizə doğrunu yazan kitablar, qəzetlər və çap mediası, oxucuların yazıçıların və dinləyicilərin yeni nəsillərini yaratmaq lazımdır», – Jack DuVall yazır.

XS
SM
MD
LG