Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:30

Bu qədər də kitab mükafatları olar? Olar!


Britaniyada şair və romançı Helen Dunmore ömrünün son günlərində yazdığı şeirlər toplusuna görə illik Costa Kitab mükafatına layiq görülüb.

“Dalğanın içində” (Inside the Wave) adlı toplu bundan əvvəl Costa Şeir Mükafatını almışdı. Bu zaman artıq yazıçıya ağır xərçəng diaqnozu qoyulmuşdu.

Media xəbərlərində deyilir ki, o bu mötəbər mükafatı ölümündən sonra alan ikinci yazıçı olub. Bundan əvvəl mükafatı 1998-ci ildə şair Ted Hughes “Ad günü məktubları” (Birthday Letters) toplusuna görə almışdı.

Bu da qeyd olunur ki, 2012-ci ildən bəri ilk dəfə olaraq İlin Kitabı titulu şeir toplusuna verilib. 2012-ci ildə bu mükafatı Jo Shapcott-un “Dəyişkənlik haqqında” (Of Mutability) almışdı.

Dunmore 2016-cı ildə 64 yaşında, şeir antologiyasını bitirdikdən bir neçə həfrə sonra vəfat edib. O son şeirlərindən bəzilərini iPhone-da yazmışdı.

Münsiflər heyəti “Dalğanın içində” kitabını “heyrətamiz şeirlər toplusu” və “son böyük uğur” adlandırıblar.

Costa Kitab Mükafatı münsiflər heyətinin sədri Wendy Holden deyib ki, Dunmore-un şeirlərinin İlin Kitabı tituluna layiq görülməsi sentimental qərar olmayıb.

Holden “Dalğanın içində” kitabındakı şeirləri “müasir klassika” adlandırıb.

Xanım Holden əlavə edib ki, bu şeirlərin böyük bir qismi xəstəxana çarpayısında yazılsa da, həyat eşqi ilə doludur.

30 min funt sterlinq pul mükafatını Londonda keçirilən mərasimdə Dunmore-un oğlu Patrick Charlie alıb.

Helen Dunmore-ın şeirlərinə Costa Kitab mükafatı yazıçının ölümündən sonra verilib
Helen Dunmore-ın şeirlərinə Costa Kitab mükafatı yazıçının ölümündən sonra verilib

Dunmore-un “Alma tökümü” (The Apple Fall) adlı ilk toplusu 1983-cü ildə çap olunub.

Costa Roman Mükafatı Jon McGregor-un “Rezervuar 13” (Reservoir 13), Costa Bioqrafik Kitab Mükafatı Rebecca Scott-un “Yağışlı günlərdə”, Costa Uşaq Kitabı Mükafatı isə Katherine Rundell-in “Axtaran” romanına verilib.

Helen Dunmore İngiltərənin poetik dairələrində məhsuldar və istedadlı şair sayılsa da, onu ölkə xaricində demək olar ki, tanımırlar. Costa kitab mükafatlarının başqa laureratlarını da az tanıyırlar.

Bütün bu adların içərisində bütün dünyada ən çox tanınanı elə Costa-nın özüdür.

İki italyan qardaş

Britaniyanın məşhur Costa kafeteriyalar şəbəkəsinin əsasını 1960-cı illərdə İngiltərəyə köçmüş Bruno və Sergio Costa qardaşları qoyublar. Onların ilk kafesi Londonda 1978-ci ildə açılıb.

Hazırda Whitbread qrupuna daxil Costa şirkətinin 31 ölkədə 3400-dən çox kafesi var. Bunların əksəriyyəti Mərkəzi və Şərqi Avropa ölkələrindədir. Costa təkcə Çində 395 kafeyə malikdir.

Şirkətin gəliri 2016-cı ildə 1 milyard funt sterlinqdən çox olub.

Costa şirkəti özünün ədəbiyyat mükafatlarını 2006-cı ildən təqdim edir.

Costa Kitab Mükafatları (The Costa Book Awards) hər il Britaniya və İrlandiyada yaşayan yazıçıların ingilisdilli əsərlərinə verilir. Namizəd bu iki ölkədə azı 6 il müddətində daimi yaşayışa malik olmalıdır.

Costa kitab müsabiqəsinin başlıca meyarı əlbəttə ki, əsərlərin yüksək bədii məziyyətləridir. Lakin burada başqa mühüm bir tələb də var. Costa Kitab mükafatına bir qayda olaraq “yüksək oxunaqlı” əsərlər layiq görülür. Başqa sözlərlə elə kitablar ki, onları oxumaq qəhvə içmək qədər asan və zövqvericidir. Tənqidçilərin fikrincə məhz bu mənada, məsələn Booker mükafatı ilə müqayisədə Costa mükafatı daha populist hesab olunur.

Costa Kitab mükafatları 5 kateqoriya üzrə verilir: “Ən yaxşı roman”, “Ən yaxşı ilk roman”, “Ən yaxşı uşaq kitabı”, “Ən yaxşı şeir toplusu” və “Ən yaxşı bioqrafik əsər”.

Mükafat üçün pulun toplanması prosesi də maraqlıdır. Münsiflər heyətləri mükafata təqdim olunmuş kitabları saf-çürük etdikdən sonra, yekun siyahı (nominasiya) tərtib edirlər.

Bu siyahıdakı kitabların arasından qalib kitab seçilir. Lakin bu siyahıya salınmış kitabın naşiri mükafat fonduna 5 min funt sterlinq ödəniş etməlidir.

Son nəticədə hər kateqoriyadan yalnız bir kitab qalır və 25-30 min funt sterliqnlik mükafat da ona çatır.

Costa Kitab mükafatı Britaniyada verilən 72-dən çox tanınmış mükafatlardan biridir. Əgər geniş tanınmayan mükafatları da nəzərə alsaq ümümi say bir neçə yüz ola bilər.

Hər şey pulla ölçülmür...amma ölçülür axı

Amma ən maraqlısı budur ki, onlarca kitab mükafatlarını bir-birindən ustalıqla fərqləndirməyə çalışırlar. Kriteriyalar ən müxtəlif ola bilər – janr və məzmundan tutmuş mükafatın məbləğinə qədər.

Məsələn Orwell Mükafatı (The Orwell Prize) Londonun Universitet Kolleci (University College London) tərəfindən “müstəsna keyfiyyətli siyasi əsərlərə” verilir. Orwell Mükafatı – üç mükafatdır: kitab, jurnalistika və “Britaniyadakı ictimai şəri ifşa edən” əsər. Bu üçüncüsü bloqlara aiddir. Mükafatın rəsmi kriteriyasında bildirlir ki, onu, George Orwell-in özünün “siyasi yazını incəsənətə çevirmək” idealına ən çox yaxınlaşa bilən işlərə verirlər.

Məşhur Orwell-in adını daşıyan kitab mükafatı "ən ucuz mükafatlardan" biridir
Məşhur Orwell-in adını daşıyan kitab mükafatı "ən ucuz mükafatlardan" biridir

Gənc Orwell Mükafatı 2014-cü ildə 9-13 yaşlı yazarlar üçün təsis edilib.

Bu mükafatı ilk dəfə 1993-cü ildə Bernard Crick yazıçı George Orwell-in bioqrafiyası kitabından qazandığı qonorarla təsis edib. Mükafatın başqa sponsorları George Orwell-in oğulluğu Richard Blair, “The Political Quarterly” jurnalı və A. M. Heath & Company şirkətidir.

Pul meyarı ilə Orwell Mükafatı bahalı mükafat sayılmır. Qalibə 3 min funt sterlinq verilir. Amma təbii ki, mükafatın mötəbərliyi bu mükafatda pulla yox, onun adı ilə ölçülür.

Məsələn, başqa bir ingilis yazıçısının adını daşıyan mükafatın pul dəyəri bundan 4 dəfə artıqdır. Söhbət Somerset Maugham Mükafatından (Somerset Maugham Award) gedir.

Bu mükafatı alanlar 12 min funt sterlinq qazanırlar.

Somerset Maugham Mükafatı hər ilin mayında “Yazarlar Cəmiyyəti” tərəfindən verilir.

Amma bu mükafatın yaş senzi var. Onu hər il ötən ildə çap olunmuş əsər üçün yaşı 35-dən çox olmayan müəllifə verirlər.

Mükafatı 1947-ci ildə yazıçı William Somerset Maugham-ın özü təsis edib.

Amma Britaniyanın ən mötəbər mükafatı, əlbəttə Booker Mükafatı (Booker Prize) sayılır. Burdaməbləğ məsələsi ümdə rol oynayır. Bu mükafatla birlikdə əvvəllər qalibə 21 min funt sterliqn verilirdi, amma 2002-ci ildə məbləği artıraraq 50 min funt sterlinqə çatdırıblar.

Bu mənada 25-30 min funt sterlinq verən Costa da mötəbər mükafat sayıla bilər.

Heç kim mükafatsız qalmır

Məntiqlə Britaniyada çıxan heç bir kitab mükafatsız qalmır.

Təsəvvür edin ki, mötəbər, ya qeyri mötəbər mükafatların azı üç kateqoriyası olur. Sonra bunu da nəzərə alın ki, Britaniya optika şirkəti Specsavers-in özünün də Specsavers National Book Awards adlı kitab mükafatı var. Bu mükafatın fərqli cəhəti budur ki, onun qalibini internet səsverməsi ilə oxucular müəyyən edirlər. Yəni az-çox özünə hörmət edən kommersiya qurumları kitab mükafatları təsis edirlər.

2017-ci il üçün Britaniyanın Man Booker mükafatını amerikalı George Saunders alıb
2017-ci il üçün Britaniyanın Man Booker mükafatını amerikalı George Saunders alıb

Bütün kitab mükafatları iki böyük qrupda birləşib: Britaniya Kitab Mükafatları (British Book Awards) və Milli Kitab Mükafatları (National Book Awards). Bu iki qrupun hərəsinin öz sahibləri və öz sponsorları var.

Əlbəttə, bəzən elə də olur ki, bir yazıçı eyni ildə iki mükafat alır. Amma bu, çox nadir hadisə sayılır və qəzetlər bundan az qala sensasiya düzəldirlər.

Sanki məqsəd heç bir yazıçını mükafatsız qoymamaqdır.

Bəzi ədəbiyyat tənqidçiləri belə bir vəziyyəti normal hesab etmirlər.

Amma mükafat bolluğundan məmnun olanlar, narazılardan müqayisəyəgəlməz dərəcədə çoxdur.

Kitab mükafatlarının çoxluğu ilk növbədə yazıçıları məmnun edir. Axı hamıya Nobel, Pulitzer və ya Booker mükafatı verə bilməzsən.

Mükafatlardan naşirlər, kitab mağazaları, kitabxanalar da məmnundur. Mükafat özlüyündə reklam, reklam isə satış, satışsa gəlir deməkdir.

Kitab təkcə kitab ticarətçilərinə deyil, mükafat sponsorlarına da reklamdır. Məsələn elə Costa kafeteriya şəbəkəsi şirkəti kimi.

Kitab mükafatlarından orta və ali məktəblər də razıdırlar. Uşaqlara və gənclərə mükafatlı kitabları oxutmaq daha asandır.

Titullu insanlar kimi, mükafatlı kitabları da cəmiyyətdə daha rəğbətlə qarşılayırlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG