Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:28

Elşad Miri: 'Öz ölkəmdə ifadə azadlığımdan istifadə edə bilmirəmsə...'


E.Miri
E.Miri

«Mən əgər öz ölkəmdə söz və ifadə azadlığımdan istifadə edə bilmirəmsə, harada istifadə edəcəm?», – ilahiyyatçı Elşad Miri kitabının çapına qoyulan qadağa barədə danışarkən belə deyib.

İlahiyyatçının «İslamda yoxdur» adlı kitabının çapını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qadağan edib. Çünki Komitənin ekspertiza şöbəsi kitaba mənfi rəy verib. Hazırda bu məsələ ilə əlaqədar ilahiyyatçı ilə Dini Komitə arasında məhkəmə çəkişməsi gedir. E.Miri kitabına verilən rəyin geri götürülməsi və çapa qadağanın aradan qaldırılmasını istəyir.

E.Miri AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda çapı qadağan olunmuş həmin kitab Türkiyədə, Rusiyada, hətta Qırğızıstanda da nəşr olunub: «Mən öz ölkəmi sevirəm. İstəmirəm ki, başqa ölkələrdə həmin kitabdan bəhs olunanda «Azərbaycanda qadağan edilib» ifadəsi işlədilsin. Çünki yaxşı hal deyil».

«Bu yanaşma Konstitusiya və qanunlara ziddir»

Məhkəmədə cavabdeh tərəfi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Xalid Məmmədov təmsil edir. Ekspertizanın rəyində yazılıb ki, kitabda ölkədəki dini duruma mənfi təsir göstərə biləcək fikirlər aşkar edilib, özəlliklə «seyidlik» anlayışı və Peyğəmbərin məsumluğu məsələsinin mübahisələndirilməsi yanlış hesab olunub: «Kitabda ənənəvi dini düşüncənin qəbul etdiyi yanaşma düzgün şəkildə əsaslandırılmadan rədd edilib».

Təzəpir məscidi
Təzəpir məscidi

X.Məmmədov da bu mövqeyi müdafiə edir. «Eyni kitabın başqa dillərdə xaricdə çap olunan variantları Azərbaycana gətirilə bilərmi» sualına Komitənin təmsilçisi «yox» cavabı verib. Bildirib ki, bu addım cərimə cəzasına, hətta cinayət işi başlanmasına səbəb ola bilər.

E.Miri isə israr edir ki, İslamda istər seyidlik, istərsə də Peyğəmbərin məsumiyyətinin əksini tapmadığı haqda yazdıqları doğrudur: «Şəxsən mən seyidəm. Amma hesab edirəm ki, kiminsə özündən asılı olmadan hansısa nəsillə qohumluğu ona əlavə imtiyaz yaratmamalıdır. Bu yanaşma Konstitusiya və qanunlara da ziddir. Konstitusiya deyir ki, bütün vətəndaşlar qanun qarşısında bərabərdir. Yaxud Quranda Musa Peyğəmbərin adam öldürməsindən bəhs olunur? Bunu Allah deyirsə, Dini Komitə necə əksini iddia edə bilər?».

İlahiyyatçı deyir ki, hələ mənfi rəy almamışdan öncə qeyri-rəsmi mənbələr kitabına icazə verilməyəcəyi haqda onu xəbərdar ediblər. E.Miri bu məsələdə kənar qüvvələrin müdaxiləsi olduğunu düşünür.

Mübahisə predmeti «İslamda yoxdur» kitabında İslam dinində sehr, siğə, huri, azyaşlıların evləndirilməsi, seyidlik, ölüyə Quran oxutdurulması, peyğəmbərlərin məsumluğu kimi məsələlərin olmamasından söz açılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG