Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Kişilər üçün kontraseptiv hazırlanır


Ancaq hələ kondomlardan imtina etmək çox tezdir.
Ancaq hələ kondomlardan imtina etmək çox tezdir.

Alimlərin kişilər üçün təhlükəsiz və effektiv kontraseptiv hazırlamaq cəhdi uğur qazanmağa başlayıb.

Yaşı 50-dən aşağı kişilər arasında dörd həftə ərzində sınaqdan keçirilən hormonal kontraseptiv təcrübə iştirakçıları tərəfindən «yaxşı qəbul olunub». Tədqiqat komandası bildirib ki, yeni həblər iştirakçılarda testesteron və sperma ifrazına təsir edən daha iki hormonun səviyyəsini aşağı salıb.

«Ümidverici addım»

Qadınların qəbul etdiyi kontraseptiv həblərin kişi versiyasının hazırlanmasını hədəfləyən araşdırmanın müəllifi doktor Stephanie Page nəticələri «irəliyə doğru ümidverici addım» adlandırıb.

Ancaq hələ kondomlardan imtina etmək çox tezdir. Page deyib ki, yeni preparatın mümkün yan təsirlərini öyrənməkdən ötrü daha geniş və uzunmüddətli araşdırmaya ehtiyac var. Onun sözlərinə görə, kişilər üçün kontraseptivə böyük maraq var.

«Qadınlar üçün çoxlu imkanlar var, ancaq bir çox qadınlar əllərində olan hormonal və başqa metodlardan yararlana bilmirlər», – Sietlda yerləşən Vaşinqton Universitetinin metabolizm və endokrinologiya şöbəsinin rəhbəri olan Page deyir.

«Kişilər kontrasepsiya yükünü paylaşmaqda... get-gedə daha çox maraqlı olurlar», – alim deyir.

Təcrübə zamanı tədqiqatçılar «dimethandrolone undecanoate» (DMAU) adlanan preparatın prototipini gündə bir dəfə, 100, 200, 300 milliqram olmaqla 3 dozada iştirakçılara veriblər. Bu zaman kapsulun içərisində kontraseptivin iki şəklindən istifadə olunub: toz və gənəgərçək yağı ilə qarışdırılmış formada.

Kişilər üçün kontraseptivə böyük maraq var
Kişilər üçün kontraseptivə böyük maraq var

Sperma ifraz edən hormonlar azalır

DMAU testosteron və progestin kimi hormonların fəaliyyətinə təsir edir. Preparat ABŞ Milli Səhiyyə İnstitutu tərəfindən hazırlanıb. Tədqiqatı da bu qurum maliyyələşdirib.

Page-in sözlərinə görə, bu araşdırma bu sahədə edilən öncəki cəhdlərdən fərqlənir. Yeni preparatın tərkibində iki yox, sadəcə bir steroid var. Bu preparat əvvəlkilərdən fərqli olaraq, qaraciyərə toksik təsir etmir. Onun bir üstünlüyü də gündə bircə dəfə qəbul edilməsidir.

Təcrübə zamanı alimlər 100 kişini 20 və daha az nəfərlik qruplara bölüblər. Kişilərin bəzilərinə plasebo, digərlərinə isə gündəlik DMAU dozası verilib. DMAU hər dəfə yeməklə qəbul edilib.

Qan analizləri göstərib ki, DMAU ən yüksək dozada (300 milliqram) verilərkən testesteron və sperma ifrazına cavabdeh daha iki hormonun - LH və FSH-nın istehsalını aşağı salır.

Ancaq təcrübə iştirakçılarının heç birində testosteron azlığının yarada biləcəyi hər hansı ağırlaşma qeydə alınmayıb.

28 gün yetərli deyil

Bununla yanaşı, DMAU qəbul edən iştirakçıların hər birində yüngül çəki artımı (təqribən 1.4 - 4 kiloqram) və «yaxşı» xolesterol (HDL) səviyyəsinin aşağı düşməsi qeydə alınıb. Hər hansı ciddi yan təsirləri göstərilməyib.

Lakin Page əlavə edib ki, sperma istehsalına cavabdeh hormonların azalması sperma sayının azalmasını nümayiş etdirməklə eyni şey deyil.

«Biz DMAU-nun daha uzun müddət qəbulu zamanı sperma istehsalının aşağı düşdüyünü göstərmək üçün 3-6 ay sürəcək daha uzunmüddətli sınaq gerçəkləşdirməliyik», – o deyib. Alim əlavə edib ki, mövcud suallara cavab vermək üçün 28 gün yetərli deyil.

«Bu, çox kiçik araşdırmadır və hələ görüləsi çox iş var», – deyə o qeyd edib.

Page-in sözlərinə görə, dünyanın bir neçə ölkəsində aparılan sorğular kişilərin çoxunun kontrasepsiyada maraqlı olduğunu üzə çıxarıb. Alim vurğulayıb ki, hazırda kişilərə aid yeganə kontrasepsiya növü olan kondom doğuşa nəzarətin etibarlı üsulu deyil.

Tədqiqatın nəticələri Endokrinologiya Cəmiyyətinin Çikaqoda keçirilən görüşü zamanı açıqlanıb. Nəticələrin elmi jurnallarda dərcindən öncə digər alimlərin ilkin rəylərini almalıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG