Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:14

'Kirayə evlərin qiymətlərini qaldıracaqlar'


Bina

Bu il yanvarın 25-də prezident İlham Əliyevin imzaladığı «Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında» Fərmanın icrasına hələ də başlanmadığı bildirilir.

Fərmana görə, satmaq öhdəliyi ilə kirayədə yaşayan vətəndaş onunla müqavilə bağlandıqdan sonra aylıq ödənişin 12 mislində pulu İpoteka və Kredit Zəmanət Fonduna köçürməlidir. Sonra isə aylıq əsasda ödənişlərin aparılması təmin edilir. Mənzilin dəyərini tam ödəyəndən sonra o, kirayəçinin mülkiyyətinə keçməlidir. Müqavilə 3 ildən 20 ilədək müddətinə bağlanmalıdır. Fərmanın icrası İpoteka və Kredit Zəmanət Fonduna tapşırılıb.

İpoteka və Kredit Zəmanət Fondundan açıqlama

İpoteka və Kredit Zəmanət Fondundan «Turan» agentliyinə bildirilib ki, bu ilin sonuna kimi yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi prosesinə başlanacaq: «Normativ hüquqi bazanın yaradılması tam yekunlaşıb. Şəffaflığın və vətəndaşlara xidmətdə rahatlığın təmin edilməsi üçün «ASAN Xidmət» Mərkəzi ilə əməkdaşlıq əldə edilib. Kirayə mənzil mexanizmi ilə bağlı proseslərin avtomatlaşdırılması üzrə işlər yekunlaşmaqdadır».

Sizcə, güzəştli mənzillərin satışı nə dərəcədə ədalətlidi?
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsinin icrası üçün nəzərdə tutulmuş məbləğ və fərmanın icrasından yararlana biləcək vətəndaşların sayı barədə suala isə Fond konkret cavab verməyib: «Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi ilə bağlı dövlət büdcəsindən vəsaitin ayrılması nəzərdə tutulmayıb. Layihə Fondun vəsaiti və əsas etibarı ilə də cəlb olunan vəsaitlər hesabına həyata keçirilir. Layihədən yararlana biləcək vətəndaşların sayı onların gəlirlərinə və mənzil seçiminə uyğun dəyişə bilər. Prosesə başlanıldıqdan sonra bu barədə ətraflı məlumat veriləcək».

Fonddan əlavə ediblər ki, kirayə mənzillər üçün vaxtı keçmiş öhdəlikləri, məhkumluğu, Fondla aktiv kirayə münasibətləri olmayan, 60 yaşına kimi və rəsmi gəliri olan Azərbaycan vətəndaşı müraciət edə bilər.

«Çoxlu Azərbaycan vətəndaşı yenə də evsiz qalacaq»

İqtisadçı Nemət Əliyev AzadlıqRadiosuna bildirib ki, fərmanın özünü müsbət qiymətləndirmək olar. Lakin onun fikrincə, fərmanın icrasına böyük maneələr olacaq: «İpoteka layihəsinin Azərbaycanda iflasa uğradığını demək lazımdır. Əvvəl çox yüksək faizləri və çox ağır şərtləri tətbiq etdilər. Bu da ipoteka ilə mənzillər almaq istəyən adamların sayını aşağı saldı. Daha sonra şərtləri yüngülləşdirdilər, amma yenə də alan olmadı. Çünki ipoteka ilə alınması üçün nəzərdə tutulmuş yaşayış sahələrin qiymətləri yüksək idi. Onlara yaxın duran olmadı. Bu evləri nağd şəkildə alsan, onların qiyməti qat-qat ucuz olacaq. İstisna etmirəm ki, kirayə verilən evlərin də qiymətlərini süni şəkildə qaldıracaqlar».

İndi maaşınızla neçə ilə ev ala bilərsiz?
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

İqtisadçının əlavə etməsinə görə, kirayə verilən yaşayış sahələri almaq istəyən vətəndaşlar digər problemlərlə də üzləşəcək: «Azərbaycanda rəsmi gəliri olan, yəni əmək müqaviləsi ilə işləyən əhali azdır. İşləyən əhalinin isə əməkhaqqısı o qədər aşağıdır ki, həmin gəlirdən onlar kirayə haqqını ödəyə bilməyəcəklər. Azərbaycanda rəsmi əməkhaqqı alan insanların sayı 1.5 milyon nəfərdir. Həmin 1.5 milyondan 890 min nəfərin əməkhaqqısı 250 manatdan çox deyil. Bu 250 manatdan adam kirayə haqqını verə bilər? Bu da onu göstərir ki, yenə də ehtiyacı olan əhalinin böyük hissəsi mənzilə həsrət qalacaq».

İqtisadçının vurğulamasına görə, belə sosial layihələri başlamazdan əvvəl hökumət işləyən əhalinin əməkhaqqını normal səviyyəyə qaldırmalı, işləməyən əhalisini isə işlə təmin etməlidir: «Əks təqdirdə layihə işləməyəcək və çoxlu Azərbaycan vətəndaşı yenə də evsiz qalacaq».

Xatırlatma

Azərbaycan İpoteka Fondu (AİF) vasitəsilə kreditlər 2006-cı ildən verilib. Sosial ipoteka (50 min manat) 4 faizlə, kommersiya kreditləri isə 8 faizlə təqdim edilib.

Sonradan qurum İpoteka və Kredit Zəmanət Fondu adını alıb. Bu qurumun məlumatına görə, indiyə qədər 26 min 848 ipoteka krediti verilib. Bu məqsədlə 1 milyard 324 milyon 736 min 210 manat xərcləndiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG