Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:43

Kinoteatra gedənlər azalıb


«Bəyin oğurlanması» filmindən kadr
«Bəyin oğurlanması» filmindən kadr

Azərbaycanda kinozalların sayı ötən il kəskin artıb. Amma nə sirdirsə, Bakıdakı məşhur kinoteatr şəbəkələrinin menecerlərinin iddialarına rəğmən, rəsmi sənədlərdə tamaşaçı sayı xeyli düşüb. 2016-cı ildə əhalinin hər 1000 nəfərinə kinoseanslara gələn tamaşaçı sayı 59-dan (2015-ci il) 49-a enib.

AzadlıqRadiosunun Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda göstərilir ki, 2017-ci ilin əvvəlinə kinoteatrlardakı zalların sayı 28-dən 52-yə qalxıb. Artım özəl bölmənin hesabına baş verib. 2016-cı ildə Azərbaycanda əsl «kino bumu» yaşanıb, 24 yeni kinozal istifadəyə verilib. Buradakı oturacaq yerlərinin sayı son bir ildə 64 faiz artaraq 7 min 600-ü keçib. Özəl kinoteatrların tamaşaçı tutumu 2 dəfə artıb və 6 minə çatıb.

TAMAŞAÇI ARTMAQDANSA, AZALIB

Statistikaya görə, ötən il göstərilən kino seanslarının sayı inişilə nisbətən 11 min artıb və 60 min 800 olub. Təqdim olunmuş kinoseansların təxminən 86 faizi özəl kinoteatrların payına düşür. Buna baxmayaraq, tamaşaçı sayı artmaq əvəzinə, 90 min nəfər azalıb və 2016-cı ildə 470 min nəfərə yaxın olub. Bir kinoya dövlət kinoteatrlarında orta hesabla 15 nəfər (2015-ci ildə 18.5 nəfər), özəl kinoteatrlarda isə 6.5 nəfər (2015-ci il – 9.6 nəfər) tamaşa edib.

Burada diqqəti çəkən məqamlardan biri də odur ki, dövlətə məxsus kinoteatrlarda göstərilən seansların xüsusi çəkisi 14.1 faiz olsa da, bu kinoteatrların tamaşaçıları (129.4 min nəfər) kinofilmləri izləməyə gələnlərin 27.7 faizdir. AzadlıqRadiosunun DSK-dan aldığı məlumatda belə deyilir.

Kino tarixində ilk dəfə
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00

KİNOTEATRLAR BİR ŞEY, RƏQƏMLƏRSƏ BAŞQA BİR ŞEY DEYİR

2016-cı ildə kinofilmləri izləyənlərin 340 min 200 nəfəri özəl kinoteatrlara gedənlərdir. İl ərzində onların tamaşaçılarının sayı 15.8 faiz azalıb. Statistika belə deyir. Ən iri «Park Cinema» və «CinemaPlus» kinoteatrlar şəbəkələrinə sahib olan «Kaspian Kapital» MMC və «Cinema Plus» MMC-də isə AzadlıqRadiosunun sualına cavab olaraq həm ötən il, həm də bu il tamaşaçı sayında geriləmənin olmadığını, əsasən stabil qaldığını deyiblər. «Cinema Plus» şəbəkəsinə 6 kinoteatr, 31 ekran və 3 min 134 oturacaq yeri, «Park Cinema» şəbəkəsinə isə 5 kinoteatr, 23 ekran və təxminən 3 min 300 oturacaq yeri (Masallı «ASAN xidmət» mərkəzindəki kinoteatr barəsində bilgi yoxdur) daxildir.

BİLET SATIŞINDAN GƏLİR ARTIB

DSK-da AzadlıqRadiosuna kinoteatrların gəlirləri haqda da məlumat veriblər. 2016-cı ildə bilet satışından əldə olunan toplam gəlir 2 milyon 55 min manat - əvvəlki ildəkindən 12.8 faiz çox olub.

Həm «Kaspian Kapital» MMC («Park Bulvar», «Metro Park», Alov Qüllələri, Amburan, Zağulba və Masallı kinoteatrları onun nəzarətindədir), həm də «Cınema Plus» MMC («28 Mall», «Ganclik Mall», «Azerbaijan Cinema», «Amburan Mall», «Aygun City» və Gəncədəki «Khamsa Park» kinoteatrları) biletlərin qiymətinin 3 manatdan başlayaraq 8 manatadək dəyişdiyini bildirirlər. Statistikaya görə isə, bir biletin satışından 2015-ci ildə orta hesabla 3 manat 25 qəpik, 2016-cı ildə isə 4 manat 30 qəpik gəlir götürülüb. Bu şirkətlər mənfəətlə çalışıb-çalışmadığı haqda bilgi vermirlər.

Bakıdan kənarda yerləşən kinoteatrların vəziyyəti isə daha acınacaqlıdır. Onların illik gəliri vur-tut 22 min manat olub. 2015-ci ildə isə Naxçıvan, Sumqayıt və digər şəhərlərdəki kinoteatrlar nəzarət orqanlarına cəmi 9 min 600 manat dəyərində bilet satdıqları barədə hesabat vermişdilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG