Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Kinonu hər dəfə ixtira edən Werner Herzog


Werner Herzog
Werner Herzog

Tanınmış alman kinorejissoru Werner Herzog-un hekayələri tükənmək bilmir. O sizə 1982-ci ildə çəkdiyi «Fitzcarraldo» filmi üçün Peruda buxar gəmisini dağın başına daşımasından, 1976-cı ildə çəkdiyi «Heart of Glass» filmində bütün heyəti hipnoz etməsindən, yeddi qitənin hər birində film çəkmiş yeganə rejissor olmasından danışa bilər. Onun söhbətləri çox əyləncəli, filmləri yaxşı, hekayələri isə həqiqidir.

İnternet bunu

«Ah, internet! Rəqəmsal dünyanın xəyalları» (Lo and Behold, Reveries of the Connected World) adlı son sənədli filmində Herzog virtual dünyanın qayda-qanun bilməyən qatlarına səyahət edir. O, onlayn forumların mənasız bataqlıqlarına da baş çəkir, robot laboratoriyalarına da, hakerlərə də. Hər yerdə də suallarını dolu kimi yağdırır. Onun bu səyahəti çox özünəməxsus və həyasızcasına subyektivdir.

O özünü orta əsr kralları kimi şıltaq aparır. Qabarıq alman ləhcəli nitqində gah adamı güldürən əyləncə, gah da qəzəb hiss olunur.

Herzog prinsipcə internetə qarşı olmadığını deyir. Onun sözlərinə görə, hazırda internet bum dövrünü yaşayır. Bir növ «Elvis dövründə Amerika maşınları kimi». Sadəcə, ondan düzgün istifadəni öyrənməliyik. Filmdə dəhşətli onlayn təhqirə məruz qalmış bir qadın interneti «şər mücəssəməsi» adlandırır. Herzog qadının vəziyyətini anlasa da, onun kimi düşünmür: «Mən internetə «yaxşı», yaxud «pis» kimi keyfiyyətləri aid edərkən ehtiyatlı olardım. Biz elektrikə belə şeylər demirik, elə deyilmi?».

Keçmişdə Herzog-un filmləri onu Amazon çayına (Aguirre, Wrath of God), Antarktidaya (Encounters at the End of the World) və Alyaskanın ayılarla dolu meşələrinə (Grizzly Man) qədər aparıb çıxarıb. «Into the Inferno» adlı sənədli filmində isə o, tüstü buraxmaqda olan vulkandan aşağı enir. Herzog-un işləri gözəl olduğu qədər müdhiş və amansız təbiət dünyası haqdadır. Bəs görəsən, virtual dünya ondan fərqlidirmi?

«Yox. Çünki o bizdən ayrı deyil. Biz internetin dəhşətlərindən danışanda əslində internetdən yox, insanlardan danışırıq. …Bu, qətiyyən təbiət kimi deyil. …Bu, insanların internet alətindən istifadə etməsidir».

İnternetə etibar etmir

Sentyabrda rejissorun 76 yaşı tamam olub. O etiraf edir ki, yeni yaşda özünü yad torpaqda əcnəbi kimi hiss edir. O, smartfonu götürməkdənsə, üz-üzə danışmağa üstünlük verir. O, naviqatordan istifadə edəcəyinə dükana piyada getməyə hazırdır. Ancaq deyir ki, texnologiyanın faydaları da var. Los-Ancelesdə yaşadığından tez-tez Vyanada yaşayan qardaşına e-mail göndərir. «Səthi araşdırma» üçünsə Google-dan yararlanır.

Herzog internetə çox da etibar etməsə də, internet onu bağrına basmağa tələsir. Onun tanınmış personası Twitter-ə də nüfuz edib, Facebook-a da. Facebook-da çox sayda profil onun adını daşıyır.

Rejissorun 1974-cü ildə çəkdiyi «The Enigma of Kaspar Hauser» filmi cəmiyyətdən çıxdaş edilmiş, zindana salınmış, zəncirlənmiş, azad edildikdən sonra XIX əsrin burjua cəmiyyətinin öz qoynuna aldığı bir gəncin real hekayəsindən bəhs edir. Bu film bəlkə də Herzog-un öz təcrübəsi haqdadır. O, uşaqlığını Almaniyada, Alp dağlarının ətəklərində keçirib. Yeniyetmə vaxtı ilk kamerasını yerli kino məktəbindən oğurlayıb. Hətta bu gün belə adama elə gəlir ki, o öz primitiv sadəliyi, dünyaya və onun sakinlərinə çılpaq marağı ilə fəxr edir. Sanki çəkdiyi hər filmin ilk filmi olduğuna inanır.

O bunun uşaqlığından qalan düşüncə tərzi olduğunu deyir: «11 yaşımadək hər hansı kino təcrübəm olmayıb. Bavariyanın dağlarında, çox ucqar yerlərdə böyüdüyümə görə heç kinonun mövcudluğunu belə bilməmişəm. Ona görə həmişə, lap kiçik yaşlarımdan mənə elə gəlirdi ki, kinonu ixtira etməliyəm. Hətta bu gün belə özümü kinonu ixtira edən adam kimi hiss edirəm…».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG