Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:33

Amerika Kino Akademiyasının yeni üzvləri kimlərdir


Lady Gaga
Lady Gaga

Tarixən əsasən ağdərili kişilərdən ibarət olan Amerika Kino Akademiyası (tam adı Kino Sənəti və Elmləri Akademiyası) öz qapılarını bu sahənin 842 yeni mütəxəssisinə açıb. Bu, qurumun tarixində ikinci ən böyük yeni üzvlər qrupudur. Ötən il Akademiyaya 928 yeni mütəxəssis dəvət edilmişdi.

59 ölkəni təmsil edən qrupda Tom Holland, Claire Foy və Lady Gaga kimi tanınmış adlar, çox sayda aktyor, ifaçı, rejissor və adları afişalarda olmayan digər kino mütəxəssisləri var.

92 yaşlı Kino Akademiyası öz tərkibini daha rəngarəng etməyə çalışır.

2016-cı ilin əvvəllərində Akademiya 2020-ci ilədək üzvlər arasında qadın və azlıqları təmsil edən şəxslərin sayını iki dəfə artırmağı vəd etmişdi. 3 il sonra qurum ağdərili olmayan üzvlərin sayı baxımından məqsədinə tam nail olub, qadın üzvlərin sayını isə gələn il vəd etdiyi səviyyəyə çatdıracaq.

9 min 800 üzv

Akademiya özünü yenilədiyi üçün səs verən üzvlərin sayı da 50%-dən çox artaraq 2012-ci ildə 5 min 765-dən bu gün 8 min 733-ə çatdırılıb. Hazırda səsvermə hüququ olmayan üzvlərlə birlikdə Akademiya üzvlərinin ümumi sayı 9 min 800-dür. Əyləncə industriyasının ən eksklüziv klubu tamamilə yenidən formalaşdırılır.

Builki yeni üzvlərin 50%-i qadınlar, 29%-i ağdərili olmayanlardır.

Dəvət olunan qadın rejissorlar arasında Jennifer Kent (“The Babadook”), Nisha Ganatra (“Late Night”) və Mélanie Laurent (“Galveston”) da var.

Dəvət olunan aktyorların yaşı 23-dən (Tom Holland) 88-dək (Jean-Louis Trintignant) dəyişir. Onların arasında ötən il ən yaxşı film nominasiyasında Oskara namizəd olan “Qara Pantera” (“Black Panther”) filmində çəkilmiş üç aktyor — Sterling K. Brown, Winston Duke və Letitia Wright da var.

Builki dəvətlilərdən bəziləri, o cümlədən Emmy mükafatı laureatları Elisabeth Moss (“The Handmaid’s Tale”, “Mad Men”), Alexander Skarsgård (“Big Little Lies,” “True Blood”) və Archie Panjabi (“The Good Wife”, “Blindspot”) kinodan çox televiziyadakı işlərinə görə tanınırlar. Bir çoxları isə ümumiyyətlə Hollivudun studiya sistemindən kənarda, müstəqil və xarici film dünyalarında çalışırlar.

Ötən ilin aprelində prodüser və keçmiş studiya rəhbəri Bill Mechanic Akademiyanın prezidenti John Bailey-yə məktub yazaraq idarə heyətindən istefa vermişdi. Səbəblərdən biri isə qurumun müxtəliflik kampaniyasını idarə etmək tərzi idi.

“Akademiyaya dünyanı daha yaxşı əks etdirmək imkanı vermək gözəl fikir olsa da, ümumi say yanaşması onu daim unikal edən yaradıcılıq meyarını dəyərdən salır”, – Mechanic “The Times” jurnalına demişdi.

68%-i kişi, 84%-i ağdərili

“The Times” 2012-ci ilə aid təhlilində yazırdı ki, Oskar mükafatları üçün səsvermədə iştirak edən üzvlərin 94%-i ağdərili, 77%-i kişidir. 2015-ci ildə kino akademiyasında qadınların sayı 7%, ağdərili olmayan üzvlərin sayı isə iki dəfə artmışdı. Bununla yanaşı hələ də akademiyanın 68%-i kişi, 84%-i ağdərilidir.

Yeni üzvlərdən Jimmy Chin (onun “Free Solo” filmi bu il sənədli film nominasiyasında Oskara layiq görülüb) deyir:

“Məsələ müxtəlifliyə gələndə, heç nə tez hiss olunmur. Hələ uzun yol getməliyik və mən bu dəyişiklikdə iştirakı səbirsizliklə gözləyirəm. Bu vacibdir, təcilidir, yol göstərmək mədəniyyətin işidir...”

Ssenarist və rejissor Kay Cannon (“Blockers”) də yeni dəvət olunanlar arasındadır:

“Mənə elə gəlir ki, qadınların ortaya qoyduğu hekayələrə hələ də yetərincə diqqət göstərilmir. Kişilərin yerli-dibli diqqət yetirmədiyi, onların düşüncə və marağına uyğun olmayan filmlər ola bilər. Ancaq qadınlar bizim düşündüyümüz və maraqlandığımız tək şeydir. Bunun bir dəyəri olmalıdır. Və indi hiss edirsən ki, onlara əhəmiyyət verən olacaq”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG