Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:23

Nazirlik: ‘Kənd təsərrüfatında təhlükəsizliyə ciddi əməl olunur’


“Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) tabeli qurumlarında texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunur”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin AzadlıqRadiosunun informasiya sorğusuna cavabında belə yazılır. Sorgu kənd təsərrüfatı sahəsində əmək təhlükəsizliyi qaydalarına əməl edilməsi vəziyyətini ilə bağlı olub.

Xidmət bildirir ki, bitki örtüyünün zərərvericilərdən, xəstəliklərdən və zərərli alaq otlarından mühafizəsi zamanı həm xidmətin əməkdaşlarının, həm də işçilərin müəyyən olunmuş qaydalara düzgün əməl etmələrindan ötrü bütün tədbirlər həyata keçirilir:

“Xüsusilə də əkin sahələrində bitki mühafizəsi tədbirləri zamanı pestisidlərlə işləyən şəxslər pestisidlərin xüsusiyyətləri, zəhərlənmə dərəcəsi, hektara məsarif norması, istifadə sayı və onlıarla davranma qaydalarına əməl olunması ilə bağlı təlimatlandırılır. Həmçinin, pestisidlərin istifadəsindən sonra sahələrə xəbərdaredici nişanlar qoyulur. Ətraf ərazilərin sakinlərinə aparılan kimyəvi mübarizə ilə bağlı xəbərdarlıq edilir”.

İşçilərin xüsusi geyim, digər vasitələrlə təmin edildiyini ifadə edən xidmət iddia edir ki, təhlükəsizlik qaydaları çərçivəsində işçilərdən ötrü ilk tibbi yardım çantaları komplektləşdirilib, hazır vəziyyətdə saxlanılır. Cavabda o da vurğulanır ki, kimyəvi mübarizə tədbirləri başlamazdan əvvəl işçi məhlul hazırlanarkən və tətbiq edilərkən ərazilərə azyaşlı uşaqların, xüsusi geyimi olmayan şəxslərin buraxılmasına yol verilmir. Belə hallarda qidalanma, siqaret çəkmək, içkilərdən istifadə etmək də yolverilməzdir. Tədbirlər başa çatdıqdan sonra isə zəruri gigiyenik tədbirlər həyata keçirilir.

3 əməkdaşa xəbərdarlıq, 1 əməkdaşa töhmət

Xidmət həyata keçirilən tədbirlər, monitorinqlər, habelə onun nəticələri barədə də məlumat verib.

Həmin məlumata görə, bu sahədə monitorinqlər tez-tez həyata keçirilir. 2017-ci ildə texniki təhlükəsizlik qaydalarını pozan 3 əməkdaşa xəbərdarlıq edildiyi, 1 əməkdaşa isə töhmət verildiyi bildirilir...

Xatırlatma

Ancaq son vaxtlar kənd təsərrüfatı sahəsində işçilərin təhlükəsizliyinə aid həyacanlı xəbərlər də eşidilir.

Onlardan biri də bu günlərdə Saatlı rayonunda pambıq tarlasında baş verən kütləvi zəhərlənmə ilə bağlı narahatlıq hələ də qalmaqdadır.

İyunun 10-da Saatlı rayonunun Smadakənd kəndi ərazisində pambıq tarlasında işləyən 24 nəfər Sabirabad rayon sakini “kimyəvi dərman zəhərlənməsi” diaqnozu ilə Saatlı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onlardan dörd nəfərinin durumu nisbətən ağır olduğundan iyunun 11-də Bakıya gətirilmişdilər. Qalan 18 nəfərin isə sonradan evə buraxıldığı açıqlanmışdı. Ancaq iyunun 12-də onlardan bəzilərinin yenidən halının pisləşdiyi və xəstəxanaya çatdırıldığı bəlli olmuşdu.

XS
SM
MD
LG