Britaniya prokurorları keçmiş rusiyalı casus Sergei Skripal və qızının zəhərlənməsinə görə iki rusiyalıya ittiham irəli sürüblər. Şübhəlilərin fotoları yayılıb.
Sentyabrın 5-də yayılmış bəyanatda rusiyalılar Aleksander Petrov və Ruslan Boshirov adam öldürməyə cəhd və kimyəvi silahdan istifadədə ittiham olunurlar.
Bu şəxslərin həbsindən ötrü Avropa orderi çıxarılıb.
Britaniya polisinin məlumatına görə, hər ikisi 40 yaşında olan həmin rusiyalılar Skripallar martın 4-də zəhərlənməzdən iki gün öncə Rusiya pasportu ilə Moskvadan Londona uçublar.
Britaniyanın baş naziri Theresa May bu şəxslərin Rusiya hərbi kəşfiyyatının – GRU-nun əməliyyatçıları olduğunu deyib.
“Bu, bir yaramaz əməliyyat olmayıb. O, GRU-dan kənardan Rusiya dövlətində yüksək səviyyədə təsdiqlənib”, – May söyləyib.
Britaniyadan açıqlama gəlməmişdən öncə Kremlin sözçüsü Dmitry Peskov Rusiyanın zəhərlənmədə əli olmadığını bir daha dilə gətirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova isə sentyabrın 5-də deyib ki, Britaniya hökumətinin yaydığı adlar və fotolar Moskvaya “heç nə demir”.
Sergei və Yulia Skripallar İngiltərənin Solsberi şəhərində skamyada huşsuz vəziyyətdə tapılıblar. Onlar xəstəxanada bir neçə həftə müalicə alandan sonra buraxılıblar.
***
Kimyəvi Silahların Qadağanı təşkilatının gəldiyi nəticəyə görə iyun ayında İngiltərədə bir qadının ölümünə səbəb olmuş kimyəvi maddənin keçmiş Rusiya agenti və onun qızını zəhərləmiş Noviçok maddəsi olduğu təsdiqlənib.
Britaniyanın xarici işlər naziri Jeremy Hunt deyib ki, Rusiya dövləti bu maddəni Britaniyaya gətirməklə ictimaiyyətin sağlamlığına böyük məsuliyyətsizlik nümayiş etdirib.
Moskva bu zəhərlənmələrlə hər hansı əlaqəsini inkar edir.
Rusiyanın Kimyəvi Silahların Qadağanı Təşkilatındakı (Organization for the Prohibition of Chemical Weapons - OPCW) nümayəndə heyəti avqustun 9-da Qərbi “həm prokuror, həm hakim, həm də cəllad” kimi hərəkətdə ittiham edib. Rusiya heyəti Twitterdə yazıb:
"Kollektiv Qərb “Noviçok” adlı dramda həm prokuror, həm hakim, həm də cəllad rolunu oynayır. Niyə başqa tərəf yox, məhz Rusiya niyə öz təqsirsizliyini sübut etməlidir?”.
Rusiyanın Vaşinqtondakı səfirliyi avqustun 8-də Rusiyanın Skriplalları Noviçok adlı kimyəvi agentlə zəhərləməsinə dair iddiaları “havadan götürmə” adlandırıb və bildirib ki, nə Vaşinqton, nə də Britaniya öz iddialarını sübutlarla əsaslandırmayıblar.