Amerikanın erməni əsilli televiziya ulduzu Kim Kardashian özünün üç azyaşlı uşağını Ermənistanda xaç suyuna çəkdirib.
O və bacısı Kourtney Kardashian əcdadlarının vətəninə səfərdədirlər.
Xəbərlərdə deyilir ki, bacılar Yerevan hava limanında onları gözləyən çoxsaylı heyranlarının və fotomüxbirlərin nəzərlərindən yayındırılaraq uşaqlarla birlikdə Eçmiadzin kilsəsində keçirilən şəxsi xaçaçur mərasiminə gətiriliblər.
Müqəddəs Eçmiadzin kilsəsinin infiormasiya departamentinin direktoru Vahran Melikyan deyib ki, Kardashian-a görə heç bir xüsusi mərasim olmayıb və onlar da başqa ailələr kimi əvvəlcədən qeydiyyatdan keçiblər və xaçaçur üçün vaxt təyin edilib.
Kim Kardashian və onun əri, musiqçi Kanye West-in dörd övladı var.
2015-ci ildə Kardashian böyük qızı North-u Yerusəlimdəki erməni kilsəsində xaçaçur etdirmişdi.
Erməni əsilli olması ilə fəxr etdiyini tez-tez dilə gətirən Kardashian Yerevana Dünya İnformasiya Texnologiyaları Konfransında iştirak etmək üçün gəlib.
Onun bu konfransda əsas çıxışçı olacağı gözlənilir.
Kardashian-ın əcdadları Ermənistandan Birləşmiş Ştatlara 19-cu əsrin axırlarında köçüblər.
Onun atası Robert Kardashian tanınmış vəkil idi.