Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

‘Onlar Khomeini-yə inanmaq istəyirdilər’


İmam Khomeini siyasətçi Sadegh Ghotbzadeh-nin (solda) müşayiəti ilə Tehrana uçur. 1 fevral 1979
İmam Khomeini siyasətçi Sadegh Ghotbzadeh-nin (solda) müşayiəti ilə Tehrana uçur. 1 fevral 1979

Ayətüllah Ruhulla Khomeini və onun müttəfiqləri Qərb jurnalistləri və ziyalılarını manipulyasiya edərək İranda teokratik tiraniyanı dəstəkləməyə inandırıb. “Qara dalğa” (Black Wave) adlı yeni kitabda belə deyilir.

Bu barədə Washington Examiner yazıb.

“O, dünyəvi solu da, İslam modernistlərini də manipulyasiya edərək onlardan alət kimi yararlanmış, özünə lazım olanda isə onları kənara atmışdı”, – Kim Ghattas özünün “Qara dalğa” adlı yeni kitabında yazır. Kitab Səudiyyə Ərəbistanı ilə İran arasındakı qırx illik rəqabət haqqındadır.

Khomeini İraqda siyasi sığınacaq almış müxalif siyasətçidən Tehranda siyasi hakimiyyəti ələ keçirmiş şəxsə çevrilmişdi.

O, tanınmış fransız fikir adamları və Qərb jurnalistlərinin dəstəyindən yararlanırdı. İran monarxiyasının qəddarlığından dəhşətə gələn bu insanlar 1979-cu il inqilabından cəmi 4 ay öncə onların arasına yerləşmiş Khomeini-nin əsl “monstr” olduğunu nəzərə almamışdılar.

ABŞ-ın mühafizəkar “Washington Examiner” jurnalı yazır ki, bu adamların dəstəyi monarxiyanın son nəfəsində Khomeini-nin beynəlxalq nüfuzunun artırılmasında həlledici rol oynayıb.

Bu dövrdə şaha məxsus təhlükəsizlik qüvvələri insanlara atəş açmaqda və digər insan hüquqları pozuntularında ittiham olunurdu.

İran şahı Mohammad Reza Pahlavi və imperatriça Farah İranı həmişəlik tərk edirlər (1979)
İran şahı Mohammad Reza Pahlavi və imperatriça Farah İranı həmişəlik tərk edirlər (1979)

İkili strategiya

“Nofl-le-Şatoda qaldığı dörd ay ərzində o, 132 müsahibə verərək inqilabın bütün dünyada tanınan simasına çevrildi. Yetmiş altı yaşlı din xadimi gücləndi”, – o yazır.

“Uzun zaman BBC jurnalisti olmuş Ghattas hazırda Carnegie İnstitutunda baş elmi işçidir. Onun “Qara dalğa” kitabını yazmaqda məqsədi “bizə nə oldu?” sualına cavab vermək olub”, - qəzet yazır.

Ghattas Beyrutda doğulub və uşaqlığı Livanda vətəndaş müharibəsi vaxtına düşüb. O bu kitabda sual edir ki, yaşlı nəslin hələ də xatırladığı “daha parlaq” Yaxın Şərq onun uşaqlıqda Beyrutda gördüyü zorakılıq və xaosa necə çevrilib.

“Strategiya ikili idi: İranın daxili üçün radikal, mürtəce mesajlar, Qərbdəki qulaqlar üçünsə səliqə ilə xoş görkəmə salınmış sözlər”, – deyə o, yenicə çıxmış bu kitabında yazır.

Khomeini-nin özünün bu planı gerçəkləşdirməyə qadir PR anlayışı yox idi. Yaxın müttəfiqi Abolhassan Bani-Sadr onun bütün ictimai imicini idarə edirdi.

İslam Respublikası yaradılanda o, birinci prezident oldu. Ancaq tezliklə, 1981-ci ildə parlament onun səlahiyyətlərini ləğv etdi və o mühacirət etməli oldu. Hazırda Versalda yaşayır və Fransa polisi tərəfindən qorunur.

Ona rəğbət qazandıran imic

“Bani-Sadr həssas qərb jurnalistləri üçün sərt sayılacaq yerlərə kontekst əlavə edərək tərcümə edirdi. Bəzən də yanlış tərcümə edirdi. Nəticədə yaranan təəssürat belə idi ki, bu adam siyasətə heç bir marağı olmayan asketik bir müdrikdir və o, şahı devirib İrana qayıdandan sonra ömrünün qalan hissəsini Qumda seminariyaların birində keçirəcək”, - Ghattas yazır.

Bu imic özlərini inqilabi güc kimi görən “Fransanın solçu intellektuallarının” böyük rəğbətini qazanır.

Tehran mitinqlərindən biri (1979)
Tehran mitinqlərindən biri (1979)

“Onlar ictimai rəyin formalaşması baxımından çox böyük təsir gücünə malik idilər. Onlar isteblişmentə, gücə və imperializmə qarşı idilər. Onlar … Khomeini-yə inanmaq istəyirdilər”, - Ghattas yazır.

Ancaq tezliklə onların gözü açılacaqdı. “Hökuməti, xalq üçün hökuməti mən qərarlaşdıracağam”, – Khomeini 1979-cu il, fevralın 1-i İrana ayaq basan kimi belə demişdi.

“Bu bəyanat onun Fransada yaşayan zaman yaratdığı ictimai imicin tam əksi idi. Tezliklə Khomeini-nin hansı versiyasının - teokratik tiran, yoxsa mülayim müdrikin - əsl ambisiyaları əks etdirdiyini görəcəkdik”, – məqalədə deyilir.

“Edamlar fevralın 15-də, gecəyarısına az qalmış məktəbin damında başladı: dörd yüksək vəzifəli general tez-tələsik məhkəmədən sonra güllələndi. Onları xəyanət və kütləvi qətldə ittiham edirdilər. Ertəsi gün dörd generalın qan gölündə uzanmış, gözləri bağlanmış, əlləri arxadan bağlanmış cəsədlərinin fotoları dünya qəzetlərinin ön səhifəsində idi. Artıq özünü başqa cür göstərməyə gərək qalmamışdı”, – kitabda deyilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG