Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:27

Pompeo Səudiyyə kralı, vəliəhd şahzadəylə görüşüb


Kral Salman (sağda) və Mike Pompeo, 16 oktyabr, 2018-ci il
Kral Salman (sağda) və Mike Pompeo, 16 oktyabr, 2018-ci il

ABŞ-ın Dövlət katibi Mike Pompeo Səudiyyə Ərəbistanında Kral Salmanla görüşüb, səudiyyəli yazar Jamal Khashoggi-nin Türkiyədə yoxa çıxmasını, Səudiyyə konsulluğunda qətlə yetirilməsi iddialarını müzakirə edib.

Prezident Donald Trump Pompeo-nu Ər-Riyada Səudiyyə kralıyla telefon söhbətindən sonra göndərib.

Khashoggi Səudiyyənin vəliəhd şahzadəsi Muhammad bin Salmanı tənqid etməsilə tanınırdı, o, iki həftə öncə İstanbuldakı Səudiyyə konsulluğuna girəndən sonra onu görən olmayıb.

Dövlət Departamentinin bəyanatında deyilir ki, Pompeo Kral Salmana “Khashoggi-nin yoxa çıxmasını hərtərəfli və şəffaf şəkildə araşdırmaq öhdəliyinə” görə təşəkkür edib.

KONSULLUQDA AXTARIŞ APARILIR

Pompeo Səudiyyənin Xarici işlər naziri Adel al-Jubeir ilə görüşdən sonra vəliəhd şahzadə ilə danışıqlar aparıb.

Mike Pompeo (solda) və Adel al-Jubeir
Mike Pompeo (solda) və Adel al-Jubeir

Türkiyə Prezidenti Recep Tayyip Erdogan isə bəyan edib ki, polis Səudiyyə konsulluğunda “zəhərli materiallar” axtarıb. Təhqiqatçıların oktyabrın 16-da konsulluqda yenidən axtarış aparacağı gözlənir.

“Çox şey axtarırlar, buraya zəhərli materiallar, onların üstündən rənglənərək itirilməsi də daxildir”, – Erdogan parlamentdə partiyası qarşısında çıxışında deyib.

BMT-nin insan haqları üzrə rəhbəri Michelle Bachelet isə oktyabrın 16-da bildirib ki, Khashoggi işilə əlaqədar diplomatik binaların toxunulmazlığı qaldırılmalıdır.

“Baş verənlərin araşdırılması, kimin məsuliyyət daşıdığının üzə çıxarılması üçün aparılan təhqiqatları əngəlləyən toxunulmazlıqdan istifadə etmək olmaz”, – Bachelet bəyanatında deyib.

“Cənab Khashoggi-nin konsulluğa girməsi, o vaxtdan bəri görünməməsinə aydın dəlil olduğundan onun başına nə gəldiyini açıqlamağın məsuliyyəti Səudiyyə rəhbərliyi üzərinə düşür”, – rəsmi deyib.

Pompeo Səudiyyə Ərəbistanından sonra Türkiyəyə gedəcək.

Trump deyib ki, Səudiyyə Ərəbistanının Khashoggi-nin yoxa çıxması və şübhəli qətlində əli varsa, onu “sərt cəza” gözləyir.

***

ABŞ prezidenti Donald Trump deyib ki, jurnalist Jamal Kashoggi-nin yoxa çıxması ilə bağlı Səudiyyə kralı ilə söhbət edib. O bildirib ki, dövlət katibi Mike Pompeo-nu kralla görüşməsi üçün “dərhal” Səudiyyəyə göndərib.

Kral Salman indiyədək Kashoggi-nin başına gələnlərdən xəbərsiz olduğunu bildirib. Jurnalist iki həftə bundan əvvəl İstanbuldakı Səudiyyə konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb.

Trump oktyabrın 15-də bu barədə yazdığı tvitdə bildirir:

ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, Trump Khashoggi-nin itməsi ilə bağlı “təcili və açıq” təhqiqata göstəriş verib.

Türkiyə rəsmiləri Kashoggi-nin oktyabrın 2-də Səudiyyə konsulluğunda öldürüldüyün güman edirlər. Ər-Riyad bu ehtimalları rədd edir.

Oktyabrın 15-də verilən xəbərlərə görə Türkiyə və Səudiyyə Ərəbistanı Səudiyyənin İstanbuldakı konsulluğunun binasında birgə təhqiqat keçirməli idilər.

Oktyabrın 14-də Səudiyyə Ərəbistanı bildirib ki, Kashoggi ilə bağlı onun üzərinə qoyula biləcək bütün sanksiyalara cavab verəcək.

Trump bildirib ki, jurnalistin itməsində əli olduğu üzə çıxarsa, Səudiyyə “ciddi cəza” ilə üzləşəcək. Kashoggi Səudiyyənin vəliəhd şahzadəsi Mohammed bin Salman haqqında tənqidi yazılarla çıxış edirdi.

Khashoggi-nin itməsi Səudiyyə birjasında səhm qiymətlərinin kəskin düşməsinə səbəb olub. Təhlilçilər bunu şahzadə Mohammed-in iqtisadi islahatlar proqramına zərbə kimi qiymətləndirirlər.

Avropanın ən iri iqtisadiyyatları – Britaniya, Fransa və Almaniya oktyabrın 14-də bildiriblər ki, jurnalistin itməsi ilə bağlı insidentə “son dərəcə ciddi yanaşırlar”.

Bir sıra media qurumları və Qərb biznesləri jurnalistin itməsinə etiraz olaraq gələn həftə Riyadda keçiriləcək investisiya konfransında iştirakdan imtina ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG