Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:12

Nazarbaev-ə etiraz edən tənha ana pulsuz-parasız Moskvaya qaçmalı olub


Khadija Akhmetzhan
Khadija Akhmetzhan

Qazaxıstanın Kızılordı şəhərindən olan ictimai fəal Khadija Akhmetzhan ötən ilin noyabrında təkadamlıq piketlər keçirib. O, ölkə prezidenti Nursultan Nazarbaev-in istefasını və iki siyasi fəal - Maks BokaevTalgat Ayan-ın həbsdən azad olunmasını tələb edib. Hazırda Khadija Akhmetzhan 15 yaşlı xəstə oğlu ilə birlikdə Moskvadadır.

İctimai fəal Moskvaya Bişkekdən gəlib. O, buradan əvvəlcə Parisə, oradan da Belqrada getməyi planlaşdırırmış.

Ancaq yanvarın 8-də «Şeremetyevo» hava limanında aviaşirkətin əməkdaşları onu təyyarəyə minməyə qoymayıblar. Khadija Akhmetzhan deyir ki, axırıncı pulunu Şərqi Avropaya getmək üçün biletə xərcləyib və indi nə edəcəyini bilmir.

«Əvvəlcə dedilər ki, Serbiyaya viza lazımdır. Dedim ki, Qazaxıstan vətəndaşları bir ay orada vizasız qala bilərlər. Sonra geriyə dönüş biletim olmadığından məni təyyarəyə minməyə qoymadılar. Minik başlayanda sərhəd xidmətindən bir nəfər sərnişinləri təyyarəyə mindirən əməkdaşlara nəsə dedi və bizi təyyarəyə buraxmadılar. İndi nə edəcəyimizi bilmirəm», – deyə o, AzadlıqRadiosunun qazax xidmətinə bildirib.

Khadija Akhmetzhan yanvarın 8-i sosial şəbəkə vasitəsilə başına gələnləri danışaraq kömək istəyib.

Khadija-nı niyə təyyarəyə minməyə qoymayıblar?

«Şeremetyevo» hava limanının mətbuat xidmətindən AzadlıqRadiosunun qazax xidmətinin əməkdaşına bildirilib ki, «onlar sərnişinlərin buraxılması məsələlərinə qarışa bilməzlər». Onlar sualı bileti satan hava yollarına ünvanlamağı tövsiyə ediblər. Ancaq «Air France» şirkətinin əməkdaşları da hadisənin səbəbini bilmədiklərini deyiblər.

«Şeremetyevo» hava limanının sərhəd xidmətinin Svetlana adlı əməkdaşı isə belə cavab verib: «Dünən istirahət günü olub, sərnişinlərin reysə gecikməsinin dəqiq səbəbini deyə bilməyəcəyəm».

Akhmetzhan-ın mehmanxanada qalmaq vaxtı bitmək üzrədir. O, xəstə uşaqla hara gedəcəyini bilmədiyini deyir.

İctimai fəal Serikzhan Mambetalin tənha anaya yardım etməyə çağırıb.

«Mən XİN-in simasında hökuməti məsələyə müdaxilə edərək həmyerlimizə yardım göstərməyə çağırıram. Güc strukturlarını hədələrdənsə, vətənə dönüşün təhlükəsizliyinə qarantiya verməyə çağırıram. Vilayət hökumətini işlə təminat və xəstə oğlunun müalicəsinə kömək etməyə çağırıram. Öz vətəndaşlarınızı dövlətin düşməni gözündə görməyiniz yetər!» – deyə fəal yazıb.

Khadija niyə qaçıb?

Khadija Akhmetzhan 2017-ci ilin noyabrında hüquq-mühafizə strukturları tərəfindən təzyiqlərə görə Qazaxıstandan qaçmalı olub. Bundan öncə o, bir neçə ay ərzində meydana çıxaraq ölkə hökumətinin siyasəti ilə bağlı mövqeyini açıq ifadə edib.

Noyabrın sonunda onun evinə polis əməkdaşları gəlib.

«Onlar aldatma və hədələmə yolu ilə məni izahat yazmağa məcbur etdilər. Hansı partiyanı dəstəklədiyimi soruşdular. Mən ağılsız da, onlar üçün hər şeyi yazdım. Sonradan anladım ki, bununla öz hökmümü yazmışam. Buna görə ölkədən getməli oldum. Elə həmin gün, uşağın qıcolmalarına rəğmən, bizim ağır durumumuzdan yararlanaraq məni etdiklərimi boynuma almağa məcbur etdilər. Onlar gecə saat 3-ə qədər evin qabağında maşınlarda oturdular. Qaçmağımızı istəmirdilər. Onlar gedən kimi sənədlərimizi götürüb Qırğızıstana qaçdıq», – o deyir.

Akhmetzhan-ın sözlərinə görə, Bişkekdə naməlum şəxslər onu təqib ediblər. O, bir ay Qırğızıstanda yaşadıqdan sonra Şərqi Avropaya getmək qərarına gəlib. Noyabrda Khadija Akhmetzhan öz Facebook səhifəsində evinə gələn polis əməkdaşları ilə dialoqunu göstərən post paylaşıb.

«10-a yaxın adam gəlmişdi: dörd sahə polisi və şəhər daxili işlər idarəsindən, milli təhlükəsizlik komitəsindən daha bir neçə nəfər. XXI əsrdə olsaq da, XIX əsrin dəhşətli hadisələrini yaşayırıq», – deyə o, öz statusunda yazıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG