Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:16

Kəpənək: iqlim dəyişikliyinin rəmzi, yoxsa...


Monarx "Danaus Plexippus" kəpənəyi
Monarx "Danaus Plexippus" kəpənəyi

Antropogen iqlim dəyişikliyinin təhdid etdiyi canlılardan biri də kəpənəklərdir.

Dünyadakı böyük hərəkatların rəmzləri olur. Pikassonun göyərçini Dünya Sülh Şurasının, göy qurşağı isə LGBTQ praydının rəmzi kimi tanınır. Bu rəmzlər fərqli mədəniyyət və ölkələrdən gələn insanların fəaliyyətini və kimliyini birləşdirir, ideallara vizual kimlik qatır.

BBC yazır ki, kəpənək iqlim böhranının rəmzi ola bilərdi. Bu heyvan təkcə ekosistemə qarşı hiperhəssas olması ilə seçilmir. Onun incəsənət tarixində də maraqlı yeri var.

İqlim dəyişikliyi

Antropogen iqlim dəyişikliyinin təhdid etdiyi canlılardan biri də kəpənəklərdir. Miçiqan Dövlət Universitetinin araşdırması göstərir ki, yaz temperaturlarının dəyişməsi Şimali Amerikada Monarx kəpənəyinin (Danaus plexippus) populyasiyasının azalmasına səbəb olub. Dünyadakı bir çox kəpənək növləri isə daha sərin iqlim axtarışında şimala doğru hərəkət etməyə başlayıb.

Uzunquyruq mavi kəpənək (Lampides boeticus) heç vaxt Britaniyada yaşamayıb. Ancaq artan temperaturlar onları Avropadakı ənənəvi məkanlarını tərk edərək şimala köçməyə vadar edib.

Dağ qaracası (Erebia epiphron) isə hazırda İngiltərənin şimalında yaşasa da, iqlimin ildən-ilə istiləşməsi nəticəsində onun tamamilə yox olacağı gözlənilir. Kəpənəklər və onların dəyişən miqrasiya davranışı iqlim böhranının həyəcan siqnallarından birinə çevrilib.

Ümid rəmzi

Kəpənəklər eyni zamanda əsrlərlə ümid rəmzi kimi tanınıb. E.ə. IV əsrdən etibarən rəssamlar kəpənəklərin ömrünün qısalığından, quruluşundan və uçuş trayektoriyasından ilham alıblar. Kəpənəklərin ən heyrətamiz xüsusiyyəti onların metomorfozası, tırtıllardan yaranmasıdır. Tarix boyu bu fenomen adilikdən qopan gözəlliyin rəmzi olub. XI əsrdə isə bu bizə hələ də dəyişərək həyatda qalmaq şansımızın olduğunu xatırlada bilər.

Kəpənəklər insanların özünü, daxili və ruhani aləmini də simvolizə edir. Təxminən e.ə. 300-cü ildə Çində yazılmış “Juanq Jounun kəpənək yuxusu” daoizm dini və fəlsəfəsi ilə bağlı olan ən məşhur hekayələrdən biridir. Bu mətn sonradan Çin və yapon rəssamlarının əsərlərinə də ilham verib.

“Juanq Jou yuxuda görür ki, kəpənəkdir. O, ətrafda istədiyi yerə uçur və çox xoşbəxtdir. Bu zaman o, Juanq Jou olduğunu bilmir. Qəfildən oyanır və görür ki, Juanq Joudur. Ancaq o bilmir ki, yuxuda kəpənək olduğunu görən Juanq Joudur, yoxsa yuxuda Juanq Jou olduğunu görən kəpənək”.

Barama qurdu
Barama qurdu

İnsanın təbiətdə yeri və ruhu

Bu hekayənin məqsədi insanın zehni konstruksiyalarının, xüsusən də eqo və reallıq qavrayışının nə qədər qeyri-sabit olduğunu göstərməkdir. Daoizm fəlsəfəsində təbiətin çox böyük yeri var. Bu fəlsəfə harmoniya içində ömür sürmək üçün təbiət “yolunu” getməyə, ona uyğunlaşmağa fokuslanır. “Tao” elə “yol” deməkdir. Juanq Jounun rəvayəti insanlıqla təbiət arasındakı süni sərhədləri yox edir. O bizə təbiətdəki əsl yerimizi göstərir, insanın təbiətin ağası olması haqda illüziyanı dağıdır.

Tarixin təqribən eyni dövründə Qədim Yunanıstanda da buna çox oxşar təsəvvürlər formalaşmışdı. Aristotel təqribən e.ə. 350-ci ildə yazdığı “Heyvanların tarixi” traktatında ilk dəfə insanın ruhu mənasında “psixika” sözünü işlədib. Ancaq o bu sözü kəpənəyə şamil edib. Bu ideya tırtılın çevrildiyi pupun sərdabə ilə müqayisəsindən yaranıb. İnsanın ruhu ölümündən sonra bədənini tərk etdiyi kimi, kəpənək də ruh, “anima” olub bu sərdabədən çıxır. Yunan mifologiyasında ruh ilahəsi Psixi çox zaman kəpənək şəklində təsvir olunur. Xristian mədəniyyətində isə kəpənəklər İsanın dirilişini simvolizə edib.

Xəbərdarlıq rəmzi

Ancaq incəsənət tarixində kəpənəklər həm də xəbərdarlıq rəmzi kimi tanınır. Avropa rəssamlıq tarixində əsrlərlə insan ruhunun təsvirinə xüsusi yer verilib. Bu mövzu İntibah və Barok (1450 – 1700) dövrlərində xüsusilə dərin və mürəkkəb olub.

Avropa rəssamlarının dəyişən simvolizmini onların yaşadığı tarixi kontekstə baxmaqla izah etmək olar. Holland natürmort ustası Maria van Oostervick kapitalizmin yeni-yeni yaranmağa başladığı dövrdə yaşayıb və böyük sərvət toplamaqla bağlı günah hissini əks etdirib. Portret və peyzajları ilə tanınan ingilis rəssamı Tomas Geynsboro isə Britaniyada sənaye inqilabının astanasında yaşayıb. Onun əsərlərində tezliklə təhlükə ilə üzləşəcək təbiət dünyasının tərənnümünü görürük. Bu əsərlər həm də insana onun yanlışlıqla mühüm saydığı maddiyyatın və elə həyatın özünün də fani olduğunu xatırladır.

XS
SM
MD
LG