Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Adamlar ‘prezidentin dediyi inkişafı’ süfrələrində görmürlər


Əsgər ailələrinin etirazı davam edir - Müavinətlər niyə verilmir?
Gözlə

No media source currently available

0:00 0:03:31 0:00

Əsgər ailələrinin etirazı davam edir - Müavinətlər niyə verilmir?

Prezident İlham Əliyev deyir ki, Azərbaycanda kənd təsərrüfatı sürətlə inkişaf edir. Oktyabrın 22-də İmişli rayonuna səfəri zamanı prezident bildirib ki, görülən işlərin nəticəsində kəndlərdə məşğulluqla bağlı ciddi problem yoxdur, işləmək istəyən iş tapar. İlham Əliyev onu da vurğulayıb ki, yeni investisiyalarla, yeni layihələrlə kəndlilər üçün imkanlar genişləndirələcək.

“Qeyd etməliyəm ki, bu il 5 min, keçən il 9 mindən çox texnika aqrolizinq xətti ilə gətirilib, fermerlərə verilib. Gübrələrin, yanacağın güzəştli şərtlərlə fermerlərə verilməsi, torpaq vergisi istisna olmaqda digər vergilərdən tamamilə azad olunmaları, üstəgəl sahibkarlığın inkişafına təkan verən tədbirlər, güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlərin verilməsi və eyni zamanda, kompleks tədbirlər nəticəsində biz kənd təsərrüfatının inkişafına nail oluruq”.

Amma Babaküçə kəndində...

Lerikin Babakücə kəndində kiçik bir ərazidə xiyar yetişdirən fermer İldırım Sultanov ümid edir ki, prezidentin kənd təsərrüfatına ayrıdığı yardımlardan bəlkə gələcəkdə ona da pay düşər. O deyir ki, tez-tez hökumətin kənd təsərrüfatına ayrıdığı vəsait haqda rəsmilərin çıxışlarını eşidir, amma bu vəsaitdən onun kimi adi fermerlərə heç nə çatmır:

“Kənd təsərrüfatına cənab prezident pul ayırır. Bizə də 10 min - 20 min uzunmüddətli kredit versəydilər bu cür sahədən 5-6-sını yaradardıq. Həm özümüzə iş olardı, həm də kəndli-fəhlə sinfi özünə iş tapardı”.

İldırım Sultanov deyir ki, kənddə əhali işsiz-gücsüz qalıb. Gənclər də qazanc dalınca paytaxta üz tutmalı olub.

Statistika şişirdilib

İqtisadiyyat naziri Şahin Mustafeyev oktyabrın 22-də prezidentə məruzə edib ki, 2018-ci ilin ilk 9 ayında aqrar sektorda 4 faizdən çox artım olub. Başqa ölkələrə satılan kənd təsərrüfatı məhsulları ötən ilə baxanda 13 faiz artaraq 540 milyon ABŞ dollarına çatıb.

Nazir bildirib ki, 30 rayona bir milyard yarım manata yaxın investisiya yatırılıb, 45 aqropark, 17 müasir cins heyvandarlıq kompleksi və 28 iri bitkiçilik təsərrüfatının yaradılması davam etdirilir. Şahin Mustafayevin sözlərinə görə bu aqroparklar tam fəaliyyətə başlayandan sonra il ərzində təqribən 600 milyon manat dəyərində kənd təsərrüfatı məhsulunun istehsalı və 10 minədək yeni iş yerinin yaradılması proqnozlaşdırılır.

İqtisadçı Nazim Bəydəmirli isə düşünür ki, kənd təsərrüfatının inkişafı ilə bağlı rəsmi statistika reallığı əks etdirmir. Əks halda kəndlərdə işsizlik problemi baş alıb getməzdi, məhsuldarlıq artar və nəticədə bazarda qiymət ucuzlaşardı.

Bakı sakini Nail Məhərrəmov deyir ki, kənd təsərrüfatının inkişafını öz süfrəsində hiss eləmir. Əksinə qiymətlər günü-gündən bahalanır:

“İmkan yoxdur almağa. 5-10 nəfər ala bilir. Qalanlar kasıb-küsubdur. Azərbaycanda 20 faiz əhali yaxşı yaşaya bilir. Qalan hamısı cırmaq-cırmaqdır. Ondan 5 manat, bundan 3 manat borc-xərclə bir tikə evinə çörək pulunu zorla aparır”.

Belarusun 10 minlik traktoru fermerə 32 minə satılıb

Keçmiş millət vəkili, iqtisadçı Nazim Bəydəmirli hesab edir ki, bu sahədə inkişaf ancaq rəqəmlərdədir. Bu rəqəmlər də şişirdilib:

“Strateji olaraq aqrar sahənin inkişafı ilə bağlı yol doğru olsa da, bunun həyata keçirilməsində problemlər olub. Buna da subyektiv amillər – mənimsəmələr səbəb olub. Hər hansı bir qurumu yaradıb onun vasitəsilə fermerə, kəndliyə subsidiya vermək doğru addım deyil. Əslində bu qurumlar bürokratik aparatlar yaradırlar, deyək ki, texnika alan zaman qiymətləri dəfələrlə şişirdirlər. Təsəvvür edin ki, Belarus istehsalı olan traktorlar Azərbaycanda 32 min manatdan satılırdı, dolların kursu 0.78 manat olan vaxt. Halbuki həmin vaxt Belarusda həmin traktorların qiyməti 9-12 min dollar arası idi. Təqribən 3 dəfəyə yaxın qiymətlər şişirdilirdi. Yəni, kifayət qədər korrupsiya halları olduğundan dövlətin bu cür layihələrinin icrası effektiv olmur”.

Zamanla AzadlıqRadiosunun da fermerlərə verilən subsidiyalarla bağlı araşdırmaları olub. Müxtəlif illərdə hazırlanan həmin araşdırmalarda üzə çıxarılmışdı ki, bir çox hallarda subsidiyalar məmurların ailələrinə verilir. Aqrolizinq Açıq Səhmdar cəmiyyəti bu iddiaları rədd edir, bütün fermerlərə bərabərlik və şəffaflıq prinsipi ilə yardımlar edildiyini bildiririr.

Nazim Bəydəmirli isə hesab edir ki, əgər belə olsaydı Azərbaycanın ərzaq idxalından asılılığı azalardı. O bildirir ki, Azərbaycan buğda, ət və digər kənd təsərrüfatı məhsullarında hələ də idxaldan asılıdır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Sizcə, son illər Azərbaycanın özünün istehsalı olan kənd məhsulları artır, ya azalır?
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

Həm hökumət özü, həm də müstəqil ekspertlər kənd təsərrüfatını ən önəmli, strateji sahələrdən biri kimi qiymətləndirirlər.

2015-ci il böhranından sonra hökumətin hazırladığı yol xəritəsində də kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilirdi. Amma müstəqil ekspertlər düşünürlər ki, bu sahədə inkişafa nail olmaqdan ötrü korrupsiya aradan qaldırılmalı, inhisara son qoyulmalıdır. Fermerə azad və bərabər imkanlar yaradılmalıdır. Yalnız bütün bunlar təmin olunacağı halda gerçək inkişafdan danışmaq olar.

XS
SM
MD
LG