Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:12

Fermer: Azərbaycanda fındıq ‘bir adamın’ əlindədir


Kəndli yeni nazirdən nələr gözləyir?
Gözlə

No media source currently available

0:00 0:15:14 0:00

Kəndli yeni nazirdən nələr gözləyir?

ASAN xidmətin keçmiş rəhbəri İnam Kərimov, fermerin də işini asanlaşdıra, həyatını firavan edə biləcəkmi?

Qaxın Kiçik Alatəmir kəndində yaşayan 43 yaşlı Zaza Poladaşvili Sovet hökuməti dağılandan, torpaq paylanandan bəri fındıq becərir. Deyir ki, becərməyinə-becərir, amma məhsulu istədiyi qiymətə sata bilmir, inhisarçılar gəlib, başının üstünü kəsdirir:

“Dünya bazarı ilə ayaqlaşsaq, Qaxda fındığa çox aşağı qiymət qoyulub. Deyirlər ki, ya bu qiymətə ver, ya da satma. Türkiyədən gələn troyler var, onlara sata bilmirik, biz ancaq bir nəfərə sata bilirik. Əvvəllər gedirdik Gəncəyə, Türkiyəyə, sonra bizi qatardan düşürürdülər, deyirdilər ki, apara bilməzsiz”.

Zaza Poladaşvili deyir ki, onlardan fındığı alanlar Qaxda, Zaqataladakı fındıq zavonlarıdır. Bu zavodların hamısı eyni qiymət - 1 kq fındıq üçün 3 manat təklif etdiyindən onda elə bir təəssürat yaranır ki, bu şirkətlərin sahibi eynidir. Fermer deyir ki, o, fındığı özü xaricə çıxartsa, kilosunu 48 manata, yəni indikindən 16 dəfə baha satardı.

Yeni nazir İnam Kərimov mayın 4-də, kəndlərə səfəri zamanı islahatlar olacağını vəd edib, amma inhisarlar haqqında danışmayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov isə deyib ki, hazırda nazir bölgələrə səfər edir və fermerlərin, kəndlilərin problemlərini özlərindən öyrənir:

“Əgər hansısa bir problem varsa, nazirliyin 1652 qaynar xəttinə və ya bizim Facebook səhifəmizə müraciət olunsun və şikayət araşdırılacaq”.

İqtisadi Tədqiqatlar Mərkəzinin kənd təsərrüfatı üzrə mütəxəssisi Vahid Məhərrəmli də deyir ki, fermeri inhisarçıların əlindən qurtarmaq lazımdır:

“Azərbaycanda monopoliya getdikcə daha da genişlənir, ölkədə oliqarxlar var ki, iri torpaq sahələrini ələ keçiriblər, istehsalı, emalı, ixracı, idxalı ələ alıblar”.

Qiymətin diqtə olunmasından pambıqçı fermerlər də dəfələrlə AzadlıqRadiosuna şikayətlər göndəriblər.

İmişlinin fermerləri isə deyirlər ki, pul yoxdur, texnika xarabdır. Onlar yeni nazirdən bu barədə islahat gözləyirlər. İmişli rayonunun Şahverdili kəndindən Rahim Məmmədov AzadlqıRadiosuna deyib:

“Əvvəl şumu 30 manata çəkirdilər, indi 45-50 manatadır. Yollar da pis olanda heç kombayn da getmir. Məcbur oluram 80 manat verirəm. Yollar bərbaddır. Yeni nazirdən xahiş edirəm ki,bu məsələləri həll eləsin”.

İmişli rayonu Rəsullu kəndinin sakini Rahim Hüseynov:

“Bizə 40 min pul versələr, kredit versələr, təsərrüfatımızı yüksək səviyyədə inkişaf etdirərik”.

İmişli rayonu, Şahverdili kənd sakini Yaşar Nəcəfov:

“Gübrə bahadır. Ümidimiz qalıb peyinə. Ya da bahalı gübrəyə…”

Yeni kənd təsərrüfatı nazirindən gözləntilər nədir?

Kənd mollası?

Təhlilçi Vahid Məhərrəmov deyir ki, Azərbaycanda kənd təsərrüfatı işini tamamilə yenidən qurmaq lazımdır, bu isə mürəkkəb işdir.

Onun sözlərinə görə, Azərbaycan fermerləri geridə qalmış metodlarla, geridə qalmış texnologiya ilə işləyirlər və bu problemi aradan qaldırmaq, torpaqların sürətli şoranlaşmasının qarşısını almaq, suvarma sistemini yeniləmək lazımdır. O, İnam Kərimovun bu işlərin öhdəsindən gələcəyinə inanmır, deyir ki, nazir kənd adamı deyil, nə təhsili bu sahədə deyil, nə də bu sahədə iş təcrübəsi yoxdur:

“Həm onunçün çətin olacaq, həm də dövlətimiz üçün. İlham Əliyev kənd mollasını nazir təyin etsəydi, daha uğurlu olardı, çünki kənd mollası kənd təsərrüfatını daha yaxşı bilir”.

Amma Milli Məclisin kənd təsərrüfatı eksperti, Gəncə Kənd Akademiyasının professoru Məhərrəm Hüseynov bu deyilənlərlə razılaşmır:

“Başqa inkişaf etmiş ölkələrin təcrübəsinə baxsanız, müdafiə naziri hərbçi deyil, amma əsas qərargah rəisi hərbçidir. Əsas məsələ düzgün yanaşma, idarəetmənin təşkilidir. İnam Kərimov isə ən şəffaf qurumlardan birinin rəhbəridir”.

Neft ucuzlaşmağa başlayandan sonra kənd təsərrüfatının inkişafı xüsusilə aktuallaşıb, hökumət dövlət proqramları qəbul edib, prezident İlham Əliyev də deyib ki, kənd təsərrüfatı məhsullarının alınması üçün ölkədən valyuta çıxır və bunun qarşısı alınmalıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG