Laçın rayonu istiqamətində gərginlik
"Azərbaycan- Ermənistan dövlət sərhədinin Laçın rayonu sahəsində vəziyyəti gərginləşdirmək məqsədilə Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribata cəhd göstərib."
Azərbaycan Müdafiə Nazirliyinin noyabrın 14-ündə yayddığı ikin xəbərdə belə deyilir.
"Noyabrın 14-ü səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bir qrup şəxsi heyətinin və texnikasının Laçın rayonunun sərhədi istiqamətində cəmləşdirilməsi, o cümlədən təxribata hazırlığı bölmələrimiz tərəfindən müşahidə edilib.
Ermənilərin növbəti təxribatının qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri təxirəsalınmaz tədbirlər həyata keçirib. Əməliyyat şəraitinə uyğun olaraq Ordumuzun bölmələri tərəfindən əvvəlcədən müəyyən edilmiş plana əsasən zəruri fəaliyyətlər icra olunub. Nəticədə qarşı tərəfin hərbi qulluqçuları ərazidən çəkilməyə məcbur edilib. Hazırda əməliyyat şəraiti nəzarətimiz altındadır." Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Məlumatda xatırladılır ki, "ötən həftə də Ermənistan tərəfi dövlət sərhədinin Laçın istiqamətində 60 nəfər şəxsi heyəti yerləşdirməklə təxribat törətməyə cəhd göstərmiş və iflasa uğramışdı".
Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, "Ermənistanın hərbi-siyasi rəhbərliyi bu kimi hərbi avantüraya son qoymalıdır. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan tərəfi iki ölkənin dövlət sərhədinin danışıqlar yolu ilə delimitasiyası və demarkasiyasında maraqlı deyildir"
Nazirlik hesab edir ki, "Ermənistan-Azərbaycan dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək".
Qarşı tərəfdən açıqlama
Ermənistanın Müdafiə Nazirliyi məlumat yayaraq yerli vaxtla saat 19:00-a vəziyyətin nisbətən sabitləşdiyini, atışma olmadığını bildirir. Nazirlik həm də Azərbaycana məxsus zirehli texnikanın Ermənistan ərazisinə daxil olması barədə sosial şəbəkələrdə yayılan məlumatların doğru olmadığını bildirir.
***
Bazar günü-noyabrın 14-də yayılan məlumatda qeyd olunur ki, Azərbaycan ordusunun Kəlbəcər rayonundakı mövqeləri müxtəlif növ silahlardan atəşə tutulub.
"Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü axşam saatlarından etibarən noyabrın 14-ü səhər saatlarınadək Basarkeçər rayonunun Yuxarı Şorca, Zərkənd, Əzizli və Cermuk yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə və İstisu yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi, qumbaraatan və müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutub".
Ermənistanın Müdafiə Nazirliyi: Rusiyanın vasitəçiliyi ilə...
Ermənistanın Müdafiə nazirliyi də öz növbəsində noyabrın 14-də məlumat yayayaraq Azərbaycanı ittiham edib.
Məlumatda bildirilir ki, yerli vaxtla saat 13:00 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin şərq istiqamətində mövqelərinin irəliləməsini təmin etməyə cəhd göstərib. Gərgin atışma başlayıb. Vurğulanır ki, Azərbaycan ordusunun mövqe tutmaq cəhdlərinin qarşısı alınıb. Məlumatda vəziyyətin gərgin olaraq qaldığını bildirilir.
"Hazırda Rusiya tərəfinin vasitəçiliyi ilə vəziyyətin tənzimlənməsi üçün danışıqlar aparılır "-Ermənistan Müdafiə Nazirliyi bildirir.
Sülməramlıların cavabdeh olduğu ərazilərdən də xəbər var
Bundan başqa nazirlik həmçinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdən də Azərbaycan ordusunun mövqelərinə atəş açıldığını bildirir.
"Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Muxtarkənd yaşayış məntəqəsi tərəfdən bölmələrimizin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutub".
Məlumatda vurğulanır ki, "qarşı tərəfin təxribatlarının, həmçinin döyüş mövqelərinin gücləndirilməsi məqsədilə apardıqları mühəndis işlərinin qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülüb".
Azərbaycan Ordusunun şəxsi heyəti və texnika baxımından itkisi yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır- MN xəbərində deyilir.
Bu və noyabrın 13-də Şuşa yaxınlığındakı Azərbaycan əsgərlərinə qumbara atılması ilə bağlı xəbərlərə bölgədə atəşkəsə cavabdeh olan Rusiya sülhməramlıları hər hansı bir mövqeyi səsləndirməyib.
Xatırlatma
2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.
Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.