Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

Keçmiş nazirliklə şəkər tozu qalmaqalı


Şəkər tozu
Şəkər tozu

Uzun illər İnterpol xətti ilə axtarışda olub, bu ilin avqustunda Ukraynada həbs edilən Emil Xəlilov indi Bakıda məhkəmə qarşısına çıxarılıb. O, dövlətin milyonlarını mənimsəməkdə suçlanır. İddia olunur ki, E.Xəlilovun rəhbərlik etdiyi «AİA» firması ilə Azərbaycanın Ticarət Nazirliyinin nəzdində olan «Azərbaqqaliyyə» şirkəti arasında 1996-cı ildə müqavilə bağlanıb. Müqaviləyə əsasən, E.Xəlilov 5 milyard 498 milyon 929 min manatlıq (ovaxtkı Azərbaycan manatı) şəkər tozu gətirib təhvil verməliydi. Amma öhdəliyinə əməl etməyib.

İttihamda yazılıb ki, E.Xəlilovun «Emil-96» adlı başqa bir firması da olub. Həmin firma vasitəsilə isə «Azərbaqqaliyyə»dən 3 milyard 505 milyon manatlıq şəkər tozu alıb, pulunu ödəməyib.

E.Xəlilovun «Titanus» adlı daha bir firma vasitəsilə də eyni qaydada «Azərbaqqaliyyə»dən 2 milyard 890 milyon 298 min manatlıq şəkər tozu alıb pulunu vermədiyi iddia olunur.

İttihamda yazılıb ki, E.Xəlilov Ticarət Nazirliyinin «Azərbətsüdticarət» İTB-nin ünvanına 1998-ci ildə İtaliyanın «Angelo OIL Corporation» firmasından daxil olmuş 376 min 473 dollarlıq ət konservlərinə görə Bakı Baş Gömrük İdarəsinə ödənilməli olan rüsumun özünün «QEOSEYM» firması tərəfindən ödənilməsi barədə sənəd tərtib edib. Əslində isə pul ödənilməyib.

3 milyon 381 min manatlıq ziyan

O, «RİÇ» firmasına da şəkər tozu gətirmək adıyla 3 milyard 375 milyon ziyan vurmaqda suçlanır.

İstintaq manatın indiki məzənnəsi ilə ümumi ziyanı 3 milyon 381 min manat hesablayıb.

E.Xəlilov ittihamları qəbul etmir, özünü də təqsirli bilmir. Ona görə də, məhkəmədə dindirmələr zərərçəkən qismində tanınan şəxslərdən başlayıb.

«RİÇ» firmasının təsisçisi olduğunu deyən zərərçəkmiş İbrahim Səfərov dekabrın 4-də məhkəmədə bildirib ki, 1996-99-cu illərdə «Azərbaqqaliyyə»dən bir neçə dəfə şəkər tozu alıb: «Biz Emilə pul verirdik, o gedib malı gətirib «Azərbaqqaliyyə»yə satırdı. Satılan malın pulunu isə «Azərbaqqaliyyə»dən biz özümüz qazancı ilə birlikdə alırdıq. Bir neçə dəfə belə oldu, axırıncı dəfə gətirmədi. Biz «Azərbaqqaliyyə»yə getdik, oradan da dedilər ki, Emil malı gətirməyib».

O dövrün məzənnəsi ilə 675 min manat ziyana düşdüyünü deyən İ.Səfərov pulunun ödənməsini istəyib.

Məhkəmə prosesi dekabrın 6-da davam edəcək.

E.Xəlilov CM-in 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1-ci (sənədləri məhv etmə) maddələri ilə ittiham olunur. Xüsusilə külli miqdarda dələduzluğa görə qanunda 14 ilə qədər həbs nəzərdə tutulub.

E.Xəlilovun həbsindən sonra Ukrayna baş prokurorunun müavini Yevgeni Yenin özünün Facebook səhifəsində onun Kiyevdə saxta sənədlə yaşadığını, Cənubi Amerikadan Avropaya narkotik daşıyan qrupla əlaqəli olduğunu iddia etmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG