Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Keçmiş polis məhkəmədə: 'Tərifnamə almaqdan ötrü belə etmişəm'


Post-patrul maşını. Foto arxiv
Post-patrul maşını. Foto arxiv

Keçmiş polis indi adamları şantaj edib pul almağa görə məhkəmə önünə çıxarılıb. O, özəlliklə narkotik istifadəçilərini həbs etməklə hədələyib, onlardan pul almaqda suçlanır.

29 yaşlı Elvin Xudazarov Daxili İşlər Nazirliyinin Mühafizə Xidmətinin əməkdaşı olub. Özünün dediyinə görə, növbətçi hissədə işləyib.

O, müttəhimlər skamyasında tək oturmayıb, daha üç nəfər var – Fazil Əliyev, Vahid ƏliyevHikmət Ağayev. Onlardan pul alındığını deyən zərərçəkənlərin də sayı dörd nəfərdir. Aralarında eləsi var ki, yaşı 60-ı keçib.

«Qətiyyən pul alınmayıb»

Təqsirləndirilən şəxslər sırasında da narkotik istifadəçisi olan var. Cinayət işinin materiallarına əsasən, zərərçəkmişlərin bəzilərini də o, işarə verib, çünki tanıdığı adamlar olub.

Zərərçəkənlərdən 300 manatdan 1000 manata qədər pul alındığı iddia olunur.

Keçmiş polis E.Xudazarov məhkəmədə özünü qismən təqsirli bilib. Deyib ki, peşmandır. Düzdür, adamları polislə, həbslə hədələyib, ancaq heç kimdən pul almayıb: «Yaxınlaşıb polis olduğumu, məlumat əldə etdiyimizi deyirdim. Narkotik vasitə istifadə edib-etmədiyini soruşurdum. Sonra aramızda səmimi söhbət olub, buraxmışıq gedib. Qətiyyən pul alınmayıb».

Zərərçəkənlərdən Fazil Qədimov haqqında danışan sabiq polis deyir ki, onun üstünə baxış da keçirib, ancaq narkotik tapılmayıb: «Bizdə məlumat vardı ki, onda narkotik olmalıdır. Zabratda onunla görüşdük. Narkotik yox idi, çıxıb gəldik. Pul almamışıq».

Tərifnamə almaq...

Zərərçəkənlərdən İmran Orucovu necə saxladıqları barədə danışan E.Xudazarov bildirib ki, yalandır, ona qarşı zorakılıq etməyiblər: «Onda da əslində narkotik olması barədə məlumatımız vardı. Onunla birlikdə maşınla getdik, sakit bir yerdə çatanda üzərinə baxış keçirdik. Onda da narkotik olmadı. Yola saldıq getdi».

Təqsirləndirilən sabiq polisin sözlərinə görə, Kamal Poladxanovdan isə narkotik tapıblar: «Ancaq mən ondan pul almamışam. Kiminsə almasından da xəbərim yoxdur. Məmmədağa kişi taksi sürücüsü idi. Onun da üzərinə baxış keçirilib. Ondan da pul almamışam. Mən özüm saxlanılandan sonra Sabunçuda polis idarəsində eşitdim ki, ondan pul alınıb».

E.Xudazarov bu cür davranmasının səbəbini izah edərkən deyib ki, onun heç kimdən pul almaq məqsədi yox idi. Məqsəd «rəhbərliyə məlumat verərək tərifnamə almaq olub».

CM-nin 182.2.1-ci (bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunan keçmiş polis və daha üç nəfərin məhkəməsi davam edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG