Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:53

Keçmiş nazirin adam oğurluğunda suçlanan qardaşı həbsdən buraxıldı


Vasif Talıbov və Əhməd Əhmədov
Vasif Talıbov və Əhməd Əhmədov

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun həbsdə olan qardaşı Əvəz Əhmədov azadlığa buraxılıb. Martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında hökm çıxarılıb.

Ə.Əhmədov CM-in 145 (qanunsuz azadlıqdan məhrum etmə) və 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunurdu. Amma Samir Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası ona verilən ittihamları CM-in 322-ci (özbaşınalıq) maddəsinə tövsif edib və sabiq nazirin qardaşını cəmi 2 min manat cərimələyib.

Prokuror Ə.Əhmədova 12 il həbs cəzası istəmişdi.

Martın 18-də hökm elan olunmamışdan öncə Ə.Əhmədov son sözünü deyib. O, qısaca məhkəmədən ədalətli hökm çıxarılmasını istəyib. Ardınca hakimlər müşavirəyə gedib və bir neçə dəqiqə sonra qayıdıb hökmü elan ediblər.

Hökm dərhal icra olunub və Ə.Əhmədov məhkəmə zalından azadlığa çıxıb.

İttihama əsasən, Ə.Əhmədov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti İdarəsinin sabiq rəisi, tibb xidməti polkovniki Hörmət Əsgərova sələmlə 100 min dollar verib. H.Əsgərovdan faizi ilə birlikdə 140 min dollar pulu geri istəyəndə o, qaytara bilməyib. Buna görə də Ə.Əhmədov onu özünün «Park-Plyus» adlı restoran-əyləncə mərkəzinə çağırıb, orada onu döyüb, girov saxlayıb. H.Əsgərov qohumu Rəşad Tahirova zəng edərək, ondan pulun ödənilməsində kömək istəyib. Bundan sonra sabiq nazirin qardaşı artıq R.Tahirovdan pulu tələb etməyə başlayıb, onu və yaxınlarını hədələyib, evlərinin sənədlərini əlindən alıb. Axırda 140 min dolları alandan sonra ondan əl çəkib.

Bu hadisə iki il öncə baş versə də, Ə.Əhmədov qardaşı nazir vəzifəsindən uzaqlaşdırılandan sonra cinayət məsuliyyətinə cəlb olunub.

Əhməd Əhmədov 2000-2017-ci illərdə Naxçıvanın daxili işlər naziri olub.

Ə.Əhmədov özünü təqsirli bilmir. Deyir ki, pulu R.Tahirovun özünə birgə biznes məqsədilə vermişdi və onu tələb edirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG