Keçid linkləri

Təcili xəbərlər
2020, 06 İyun, şənbə, Bakı vaxtı 11:34

Fransada keçmiş nazir Devedjian koronavirusdan vəfat edib


Fransada keçmiş nazir və Parisin O-de-Sen inzibati ərazisinin keçmiş başçısı Patrick Devedjian 75 yaşında koronavirusdan vəfat edib.

Keçmiş prezident Nicolas Sarkozy-nin yaxın müşaviri Devedjian nazir kimi Fransanın 2008-ci il dünya maliyyə böhranından çıxarılması məsələlərinə baxırdı.

Keçmiş siyasətçi COVID19-a yoluxduğu barədə məlumatı martın 25-də özünün Twitter hesabından vermişdi.

O bu tvitdə habelə Fransa həkimlərinə və tibb bacılarına koronavirusla mübarizədə fədakarlıqlarına görə təşəkkürünü bildirirdi.

Fransanın bir çox vəzifəli rəsmiləri Patrick Devedjian-ın vəfatı münasibətilə kədələndiklərini bildiriblər.

Bunların arasında keçmiş baş nazir Manuel Valls, Fransa Milli Məclisinin spikeri Richard Ferrand və Fransa Senatının başçısı Gerard Larcher də var.

Paris şəhərinin meri Anne Hidalgo da dərindən kədərləndiyini bildirib:

"Mən onun xanımına və ailəsinə baş sağlığı verirəm. Düşünürəm ki, bizim erməni dostlarımız bugün qardaşlarını itiriblər”.

Erməni əsilli Fransa siyasətçisi Devedjian 1983-cü ildən müxtəlif nazir vəzifələrində çalışıb.

Onun babası Karekin Deveciyan Osmanlı imperiyasında məmur vəzifəsi tutub, atası Türkiyənin Sivas şəhərində doğulub və I Dünya Müharibəsindən sonra Fransaya köçüb.

Patrick Devedjian ilk ibtidai təhsilini Fransanın Sevr şəhərindəki erməni məktəbində alıb.

Devedjian 1963-cü ildə, 17 yaşında ikən ifrat sağçı Occident təşkilatına üzv olub.

Radikallığı ilə tanınan bu qrup 1968-ci ilin may iğtişaşlarından sonra elə həmin ilin oktyabrında Charles de Gaulle tərəfindən qadağan edilib.

Siyasətçi 2014-cü ildə verdiyi müsadhibədə bir vaxtlar bu hərəkatın üzvü olduğuna görə peşmançılığını ifadə edib.

Köklərinə sadiq

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, Devedjian Ermənistanın dostu və müdafiəçisi kimi tanınırdı. Onun ölümü münasibətilə Ermənistanın Fransadakı səfiri Asmik Tolmadjian da başsağlığı verib:

“Kədərimiz sonsuzdur. Patrick Devedjian dərindən bir fransız idi, amma həm də köklərinə sadiq qalmışdı. O erməni-fransız dostluğunun hamisi və simvolu idi. O bütün ömrünü Erməni məsələsinin həllinə həsr etmiş, erməni soyqırımının Fransada tanınmasına nəhəng töhfə vermişdi...”

Siyasətçinin vəfatı münasibətilə Ermənistanın baş naziri Nikol Pashinian da ürək sözlərini bildirib:

“Mən erməni əsilli görkəmli Fransa siyasətçisinin...ölümündən sarsılmışam. Bu Fransanın erməni icmasına, erməni xalqına və Fransaya ciddi zərbədir”.

Fransada indiyədək 44,550 nəfər koronavirusa yoluxub, bunlardan 3014-ü vəfat edib.

XS
SM
MD
LG