Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:33

Keçmiş icra başçısının qohumu məhkəmədə ittihamlara cavab verdi


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Beyləqanın keçmiş icra başçısı (2012-2018) Vaqif Abdullayevin qardaşı oğlu Yalçın Abdullayev keçmiş iş ortağını döydürməsi, zorla borc sənədi imzalatdırması, onun səsini yazması barədə ittihamlara cavab verib. 42-yaşlı Y.Abdullayev bu barədə avqustun 29-da məhkəmədə danışıb.

Onu günahlandıran 33-yaşlı Xəyyam Balayev həbsdədir. O, sabiq məmurun qohumunun 965 min dollarını alıb, onu aldatmaqda suçlanır. Ancaq özü deyir ki, birlikdə şüşə-pambıq üzlük (steklovat) ticarəti üçün Y.Abdullayevdən pul alsa da, hamısını qaytarıb. O, avqustun 29-da məhkəmədə zərərçəkən Y.Abdullayevin yanında da həm pulu qaytardığını, həm də döyüldüyünü deyib.

«Ayağımda armaturun izi var»

İş materiallarında onların arasında notarial qaydada bağlanmış 1 milyon 400 min manatlıq borc müqaviləsi var. Xəyyam deyir ki, onu zorla sənədlərə imza atmağa məcbur ediblər. Onun sözlərinə görə, zərərçəkənin qardaşı Zaur Abdullayev onu görüşə çağırıb və orada döyüb:

«Mən maşına oturanda sifətimdən yumruqla vurdu. Sonra özlərinə məxsus yarım tikiliyə apardı. Orada başqa bir nəfər də var idi. Məni armatur, dəmir parçaları ilə döydülər. Sifətimdən, qarnımdan, qolumdan və ayağımdan xəsarətlər aldım. İndi də ayağımda armaturun izi var. Həmin gün Zaur qorxdu ki, mənə nəsə olar. Məni oradan buraxmadılar. Sonra da dedi ki, əgər şikayət etsəm, ailəmə nəsə edəcəklər. Hər şeyin öz əllərində olduğunu, həll edəcəklərini dedi. Ailəmin bundan xəbəri yox idi. Sonra mən İrana getdim, oradan da Türkiyəyə».

Dediyinə görə, Türkiyədə olanda da Bakıda ailəsinə nəsə ediləcəyindən qorxub və müqaviləyə imza atıb. O, Bakıda «erməni qəbiristanlığı»nda, zərərçəkən tərəfə məxsus mebel salonunda bir neçə dəfə döyüldüyünü, hədələndiyini bildirib.

Vəkili də əlavə edib ki, Xəyyamın zorakılığa məruz qaldığını təsdiqləyən ekspert rəyi var.

«Dediklərinin yalan olduğunu öyrəndim»

Zərərçəkmiş Y.Abdullayev isə Xəyyamın dediklərini təkzib edib. Deyib ki, onu birgə tanışları Elçin Əliyevə görə tanıyıb:

«Elçin buna oğlu kimi baxırdı, hörmət edirdi. Hər gün Elçingilin evində idi. Biz iş görməyə başlayanda mənə Elçindən danışmağa başladı. Elçinin mənim arxamca danışdığını, söydüyünü deyirdi. Bizi bir-birimizə düşmən elədi. Sonra mənimlə iş görməyə davam elədi. Bankdan kredit də götürüb verdim. Amma sonradan bunun dediklərinin yalan olduğunu gördüm. Bir neçə dəfə iş üçün aldığı pulu qaytardı. Amma sonradan aldıqlarını vermədi. Onunla bir neçə dəfə səfərdə olduq. Orada gördüm ki, bu adam bahalı həyat yaşayır, bahalı hədiyyələr alır. Bakıya qayıdandan sonra onun dediklərinin hamısının yalan olduğunu öyrəndim».

Y.Abdullayev deyir ki, Xəyyamın xeyli polis dostu var, ona nəsə olsaydı, şikayət edərdi.

Zərərçəkmiş döyülmə haqda iddiaları «cəfəngiyat» adlandırıb: «Dedikləri cəfəngiyatdır. Mən aldadıldığımı biləndə bunun özü ilə söhbət elədim. Dedim ki, mənə həqiqəti danışsın. O da danışdı. İndi deyir ki, məni armaturla döyüblər, səsimi yazıblar. Yalan danışır».

Y.Abdullayev ərizə ilə Nərimanov rayon Polis İdarəsinə şikayət edib. Ərizəsində göstərib ki, X.Balayevə 2015-ci ilin yanvar ayında birgə biznesdən ötrü pul verib və aldadılıb.

X.Balayevin ittiham olunduğu CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsində 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG