Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

Keçmiş deputat dövlət hesabına vəkil istəyir


D.Xəlilov
D.Xəlilov

Beynəlxalq Bankdan 50 milyon manatdan çox vəsait götürüb qaytarmadığı üçün 12 il 9 ay həbs cəzası almış sabiq deputat Dünyamin Xəlilov ona dövlət hesabına vəkil verilməsini istəyir. O, iyulun 15-də keçirilən məhkəmədə bu istəyini dilə gətirib.

D.Xəlilov hazırda Beynəlxalq Bank işi üzrə bankın sabiq rəhbəri Cahangir Hacıyev və daha 20 nəfərlə birlikdə yenidən mühakimə edilir. Artıq məhkəmə araşdırmaları sona çatmaq üzrədir. İstər təqsirləndirilənlər, istərsə şahidlər dindirilib. Cinayət işindəki sənədlər də açıqlanıb.

Beynəlxalq Bank qalmaqalında Qazaxıstan şirkətinin də adı keçib

Vəkillər son iclaslarda məhkəmədə araşdırılmasını istədikləri məsələlərə dair vəsatət qaldırırlar. Məsələn, cinayət işinin materiallarında Beynəlxalq Bankda 10-20 milyon və daha böyük məbləğdə kreditlər Müşahidə Şurasından xəbərsiz, bank rəhbərinin göstərişiylə verildiyi iddia edildiyindən, onun vəkilləri bankın Müşahidə Şurasının üzvü olmuş Vəli Kərimovun dindirilməsini istəyib. Müşahidə Şurasının kredit limitiylə bağlı qərarı olub və 2 milyon manatı aşan kreditlərə mütləq həmin şuranın razılığı alınmalıydı. Vəkillər bu məsələyə aydınlıq gətirilməsini istəyiblər..

Ancaq iyulun 15-də keçirilən məhkəmə iclasında V.Kərimovun dindirilməsi barədə vəsatət təmin edilməyib.

Vəkillər məhkəmədən Qazaxıstanın Ədliyyə Nazirliyinə sorğu göndərilməsini də istəmişdilər, çünki orada fəaliyyət göstərən «Minay» şirkətinə ayrılan kredit ödənilməyib. Neft yatağına da sahib olan bu şirkət öhdəliyin yerinə yetirilməməsinə görə Beynəlxalq Banka keçib. Amma 2015-ci ildə C.Hacıyevin Beynəlxalq Bankdan uzaqlaşdırılması və ardınca həbsindən sonra istər şirkətin rəhbəri, istərsə hüquqi ünvanı bir neçə dəfə dəyişib. Vəkillər Qazaxıstandan o şirkət haqda məlumat alınmasını istəsələr də, hakimlər iyulun 15-də bu vəsatətə də «yox» cavabını veriblər.

4 milyard 138 milyon manatlıq iddia dəyişəcək

Təqsirləndirilən şəxslərdən D.Xəlilov vəkili Əsli Məmmədovanın xidmətindən imtina edərək, ona dövlət hesabına vəkil təyin olunmasını istəyib.

Bu işdə zərərçəkən qismində «Aqrarkredit» QSC tanınıb. 2015-ci ilin iyununda Beynəlxalq Bankın problemlərinin həlli məqsədilə prezidentin fərmanıyla yaradılan bu qurum qaytarılmayan kreditlər ucbatından müsadirə olunan əmlakı (müəssisələri) da idarə etməliydi.

Beynəlxalq Bank işi üzrə istintaq zamanı «Aqrarkredit» DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində C.Hacıyev və digərlərinə qarşı 4 milyard 138 milyon manat məbləğində mülki iddia qaldırıb. Məhkəmədə C.Hacıyevin vəkilləri bu məbləğə etiraz edərək deyiblər ki, «Aqrarkredit» qaytarılmayan kreditlərə görə müsadirə olunmuş əmlakı nəzərə almayıb.

Mülki iddianın məbləğini bir daha dəqiqləşdirməkdən ötrü məhkəmədən vaxtistəyən «Aqrarkredit»ə iyulun 22-dək zaman verilib.

Xatırlatma

Hazırda «Beynəlxalq Bank işi» üzrə mühakimə olunan 22 nəfərə CM-in 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf) və 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf) maddələri ilə ittiham irəli sürülüb.

C.Hacıyevə vergidən yayınma, vəzifə saxtakarlığı kimi ittihamlar da verilib. İttihamda yazılıb ki, C.Hacıyevin tapşırığı ilə D.Xəlilovun rəhbərlik etdiyi «General Construction»ın işçilərinin adına müxtəlif şirkətlər yaradılıb və onlardan yararlanmaqla Beynəlxalq Bankdan milyonlarla manat kredit götürülərək mənimsənilib. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmirlər.

Mütəşəkkil qrup şəklində külli miqdarda mənimsəmə ittihamlarının hər biri üzrə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub və 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il azadlıqdan məhrum edib. C.Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla dollar dəyərində kreditlərin götürülüb mənimsənilməsində təqsirli bilinib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG