Keçid linkləri

2025, 14 May, çərşənbə, Bakı vaxtı 08:32

Kazanda məktəbə silahlı hücum edənə ömürlük həbs cəzası kəsildi


175 saylı məktəb, 2021-ci il, 1 sentyabr
175 saylı məktəb, 2021-ci il, 1 sentyabr

Kazan şəhər məhkəməsi 2021-ci ilin mayında Tatarıstanda məktəbə silahlı hücum törədəni ömürlük həbsə məhkum edib. Həmin hücum nəticəsində yeddisi şagird olmaqla 9 nəfər öldürülüb, sonradan Rusiya silah qanunlarını sərtləşdirib.

Aprelin 13-də məhkəmə Kazandakı 175 saylı məktəbə hücuma görə İlnaz Qalyaviyevə hökm çıxarıb.

Zehni problemləri aşkarlanıb

Hadisə zamanı 19 yaşında olan Qalyaviyev əvvəlcə məktəbdə partladıcını işə salıb, sonra isə binadan qaçmağa çalışan şagirdlərə atəş açıb. Şagirdlərin bəziləri canlarını qurtarmaq üçün üçüncü mərtəbədən atılıb.

Qalyaviyev iki və daha artıq şəxsi ictimaiyyət üçün təhlükəli metodlarla qətlə yeritmək maddəsi üzrə özünü təqsirli bilib.

Atışmanın motivi açıqlanmayıb. Qalyaviyev psixiatrik müayinədən keçəndən sonra zehni problemləri olduğu aşkarlanıb, baxmayaraq ki, daha öncə ona belə bir diaqnoz qoyulmayıb.

Bu hadisə postsovet Rusiyasında 2004-cü ilin Beslanda məktəbin mühasirəyə alınmasından bəri ən ağır faciə sayılır. Beslan məktəbində yüzlərlə insan həlak olmuşdu.

Qanunun gətirdiyi qadağalar

Hücumdan iki ay sonra Prezident Vladimir Putin silahlara nəzarətin sərtləşdirilməsini nəzərdə tutan qanunu imzaladı.

Qanunla ov tüfəngləri və uzun lüləli silahların alınması üçün minimum yaş həddi 18-dən 21-ə qaldırılıb. Silaha yiyələnmək üzrə əlavə məhdudiyyətlər qoyulub.

Daha öncə ağır cinayətlərdə məhkum olunmuş şəxslərin silaha sahiblənməsi qadağan idi. Yeni qanunda deyilir ki, narkotikə görə məhkum olunmuş, yaxud istintaqı aparılan istənilən şəxsə silah lisenziyası verilməyə bilər.

İki və daha çox bağlanmış kriminal tarixçəsi olan rusiyalılar da silah lisenziyası ala bilmir.

Qalyaviyev hücumda rəsmən qeydiyyata alınmış silahdan istifadə edib.

Son illərədək Rusiyada və digər postsovet respublikalarında məktəblərdə və digər təhsil ocaqlarında atışmalar nadir hadisə sayılırdı, sonradan bu insidentlərin sayı artdı.

2022-ci ilin aprelində Veşkaymada bir silahlı şəxs bağçaya girərək iki uşağı və müəllimi, daha sonra özünü güllələyib. 2021-ci ilin sentyabrında isə Perm Dövlət Milli Tədqiqat Universitetində kütləvi atışmada altı nəfər öldürülüb.

XS
SM
MD
LG