Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

‘Putinin kiçik qızını’ dövlət telekanalında göstərdilər


Putinin qızı olduğu iddia olunan Katerina Tikhonova "Vesti" proqramının süjetində
Putinin qızı olduğu iddia olunan Katerina Tikhonova "Vesti" proqramının süjetində

Dekabrın 6-da Rossiya telekanalı “Vesti” proqramında Moskvadakı “Innopraktika” inkişaf institutundan süjet verib. Bu süjet heç şübhəsiz Rusiya prezidenti Vladimir Putinin ehtimal edilən kiçik qızı Katerina Tikhonova-nın qısa müsahibəsi ilə tarixə düşəcək.

Rusiya dövlət telekanalı Rusiya prezidentinin kiçik qızını ilk dəfədir ki, göstərib:

Katerina Tikhonova-nın Rusiya prezidentinin qızlarından biri olması barədə ilk dəfə məlumatı 2015-ci ilin yanvarında jurnalist Oleg Kashin verib.

2015-ci ilin noyabrında Reuters özünün təhqiqatı ilə bu məlumatı təsdiqləyib: Gazprombankın idarə heyətinin sədri Andrey Akimov o vaxt agentliyə demişdi ki, o Katerinanı uşaq vaxtından tanıyır və onun Putinin qızı olmasını bilir.

O vaxt Putinin mətbuat katibi bu ehtimalı rədd etmişdi.

Lakin bundan 13 il əvvəl Rusiyanın “Sobesednik” qəzeti Putinin iki qızından – Masha və Katyadan söz açmış, amma soyadlarını verməmişdi. Bununla belə “Sobesednik” yazırdı ki, onlara nənələri – Mariya İvanovna Putinanın və Yekaterina Tikhonovna Shkrebnevanın adlarını veriblər. Hazırda bu məqalə saytdan yığışdırlıb, lakin surətini internetdə tapmaq mümkündür.

Reuters-in verdiyi məlumatda deyilirdi ki, Katerina Tikhonova Putinin köhnə dostu və Rossiya səhmdar bankının payçısı Nikolay Shamalovun oğlu Kirill Shamalovun arvadıdır. ABŞ hakimiyyət orqanları bu bankı Rusiya elitasının pul saxlancı hesab edir.

2018-ci ilin yanvarında Bloomberg yazırdı ki, Tikhonova ərindən ayrılıb.

Katerina Tikhonova və Cyrill Shamalov
Katerina Tikhonova və Cyrill Shamalov

Açıq girişi olan mənbələrdən bəllidir ki, Katerina Tikhonova 31 avqust 1986-cı ildə ADR-də (Almaniya Demokratik Respublikası) doğulub. O vaxt onun atası orada qulluqda idi.

Tikhonova hazırda Moskva Dövlət Universitetinin nəzdindəki “Innopraktika” layihəsinə başçılıq edir. Reuters-in məlumatına görə Tikhonova bu layihənin başçısı kimi bir neçə iri dövlət təşkilatı ilə milyonlarla dollarlıq kontraktlar imzalayıb.

2016-cı ilin oktyabrında müxalifət lideri Alexey Navalny-nın “Korrupsiya ilə Mübarizə Fondu” bildirirdi ki, “Innopraktika” 2015-2016-cı illərdə birdən birə dəyəri 452 milyon rubl olan bir neçə dövlət kontraktını qazanıb. Bu fonda dövlət enerji şirkətləri Rosneft, Rosatom və Transneftin vəsait keçirdiyi xəbər verilirdi. “Innopraktika” layihəsinin bundan əlavə daha 425 milyon rubl “məqsədli ianə” aldığı da bildirilirdi.

Bu vəsaitlərin mənşəyi və onların hansı məqsədlərə xərcləndiyi məlum deyil.

Jurnalistlər bunu da aydınlaşdıra biliblər ki, Katerina Tikhonova peşəkar səviyyədə akrobatik rok-n-rolla məşğul olub. Onun çıxışlarından biri indiyədək Katerina Tikhonova-nı əks etdirən yeganə video sayılır.

O 2015-ci ildə “Interfax” agentliyinə böyük müsahibə vermiş, lakin bu müsahibə ilə yanaşı bircə dənə də olsun foto dərc olunmamışdı.

Katerina Tikhonova-nın Putinin qızı olması barədə Bloomberg saytına müsahibəsində Rusiyanın VTB bankının prezidenti Andrey Kostin də demişdi.

Bundan başqa Tikhonova-nın adı prezident Putinin qızı qismində ABŞ Maliyyə Nazirliyinin sanksiya sənədlərində çəkilir. O 2018-ci ildə Putinin yaxın ətrafındakılardan biri kimi sanksiyalanmışdı.

Putinin özü 2015-ci ildə Katerina Tikhonova-nın onun qızı olması barədə suala nə təsdiq, nə də təkziblə cavab verib. O bu suala təhlükəsizlik mülahizələri ilə cavab verə bilməyəcəyini demişdi. İyun ayında Putin hər iki qızının Moskvada yaşadıqlarını və nəvəsinin doğulduğunu söyləmişdi.

“Vesti” xəbər proqramına gəlincə isə burada Tikhonova təkcə “Innopraktika”nın başçısı yox, həm də Moskva Dövlət Universiteti mürəkkəb sistemlərin riyazi təhqiqatı institunun direktor müavini kimi təqdim olunur.

Yeri gəlmişkən bu verilişə baxanların əksəriyyəti bildirir ki, çox sayda elmi işin müəllifi kimi təqdim olunan Tikhonova mətni kağızdan oxuyur.

Putinin böyük qızı Maria Faassen haqqında geniş təhqiqatı 2016-cı ildə The New Times nəşri çap edib.

Bu jurnalda verilən məlumata görə o da Moskva Dövlət Universitetinin fundamental təbabət fakültəsini bitirib və bundan sonra Rusiya Səhiyyə Nazirliyi Endokrinoloji Mərkəzinin aspiranturasına qəbul olunub.

Faassen onun hollandiyalı biznesmen əri Iorritin soyadıdır. Prezidentin böyük qızı öz elmi məqalələrini məhz bu soyadı ilə imzalayır. Hərçənd bu ilin iyul ayında yenə də “Vesti” proqramı onu öz süjetində “Maria Vorontsova” kimi təqdim etmişdi.

The New Times jurnalının məlumatına görə Maria Faassen bir neçə dəfə soyadını dəyişdirib. Bunun nə ilə bağlı olması bildirilmir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG