Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

‘Kaspi’ Sona Vəliyevaya görə yardımdan məhrum olunub?


"Kaspi" qəzeti
"Kaspi" qəzeti

Fond deyir: "Kaspi" yardım üçün müraciət etməyib", qəzet deyir: "etmişəm"

Azərbaycan və rus dillərində çıxan “Kaspi” qəzetinə dövlət yardımı dayandırılıb. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDDF) fevralın 3-də bu ilin birinci yarısı üzrə maliyyə yardımı ayrılmış qəzetlərin siyahısını açıqlayıb. Onların arasında sözü gedən qəzetin adı yoxdur.

Müsabiqənin şərtlərinə görə, son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500-3000 nüsxə olan gündəlik ictimai-siyasi qəzetlər yardım ala bilər.

“Kaspi”nin tirajı ötən il 3800 nüsxə olub. Qəzet kollektivinin dövlət başçısına müraciətində deyilir ki, “Kaspi” “həm tirajına, həm məzmununa görə ölkədə çap olunan və Fondun maliyyə yardımı ayırdığı digər qəzetləri qabaqlayır”. Kollektiv prezidentin qəzetin maliyyə yardımı almasına kömək etməsini istəyir.

KİVİDDF: “İzahat qəzetə verilib”

AzadlıqRadiosu Fondla danışarkən özünü təqdim etməyən şəxs deyib ki, yardımın ayrılmaması ilə bağlı izahat qəzetə verilib.

Eyni zamanda qərarı qurumun Müşahidə Şurası verdiyi üçün onlarla danışmaq lazım olduğu deyilib.

Müşahidə Şurasının üzvü, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevsə qəzetin müsabiqəyə müraciət etmədiyini söyləyir:

“Mən Şura üzvü kimi o müraciəti görməmişəm. “Kaspi” qəzeti ilə bağlı bizim Müşahidə Şurasına müraciət daxil olmayıb. Kim Fonda müraciət edib-etməyib bilmirəm. Ancaq Fond hansı məsələni məsləhət bilib Şuranın müzakirəsinə verirsə, gündəliyə salınır. Biz də müzakirə edib qərar veririk. Bu məsələ gündəlikdə olmayıb”.

Qəzet müraciət etdiyini deyir

Amma qəzetin baş redaktoru İlham Quliyev KİVİDDF-ə müraciət etdiklərini bildirir. “Müraciət etməsək prezidentə nə əsasla müraciət edərdik”, – deyə sual edir. Üstəlik də qəzetə qurum tərəfindən hər hansı izahat verilmədiyini bəyan edir.

Elə Prezident İlham Əliyevə müraciətdə də qəzetə hansı səbəbdən maliyyə yardımının ayrılmaması barədə onlara məlumat verilməməsi önə çəkilir.

İlham Quliyev Fondun qərarını təəccüb və təəssüf hissi ilə qarşıladıqlarını, onun gözlənilməz olduğunu söyləyir:

“Açığı, anlaya bilmirik, qərar hansı əsasla qəbul olunub. Rəsmi məlumatda da açıqlama yoxdur. KİVİDDF izahat vermədiyi üçün münəccimlik etmək bizə yaraşmaz”.

Məsələ təsisçidədirmi?

Qəzetin təsisçisi prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi, keçən ilin payızında vəzifədən getmiş Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır. Ancaq İlham Quliyev qəzetə yardım ayrılmamasını təsisçi ilə bağlamağa tələsmir.

KİVİDDF-in Müşahidə Şurasının üzvü Bəhruz Quliyevsə həmin ehtimallarla bağlı deyir:

“Qərar veriləndə təsisçinin kimliyi, siyasi kimliyi əsas götürülmür”.

Sona Vəliyeva lazım gələrsə təsisçilikdə imtina edəcəyini bildirir

Təsisçi Sona Vəliyeva fevralın 4-də “Kaspi”də yayımlanan açıqlamasında “lazım gələrsə, qəzetin təsisçiliyindən imtina edərək “qəzetin taleyini ölkə ziyalılarının və jurnalist ictimaiyyətinin ixtiyarına verməyə hazır” olduğunu vurğulayıb.

O, qəzetin Fondun siyahısından çıxarılmasını “bütövlükdə kollektivə qarşı ədalətsiz qərar” adlandırıb.

Təsisçinin sözlərinə görə, dövlət vəsaiti ilə maliyyələşən 25 qəzet siyahısından yalnız rus və Azərbaycan dillərində çıxan "Kaspi” qəzetləri ixtisar olunub. O, qəzetin təxminən 100 nəfərlik kollektivinin “işsiz qalmasını yolverilməz” hesab edir.

Sona Vəliyeva yardım göstərilməyəcəyi halda yaradıcı heyətin "Könüllülər ilində” qəzetdə maaşsız və qonorarsız çalışacağını da qeyd edir.

Baş redaktor isə Fondun qərarından sonra “Kasp”-nin çapını davam etdirməsinin çətin olacağını düşünür:

“Qəzetin maliyyə yükü həddən artıq böyükdür. Heç bir təsisçi, iş adamı indiki şərtlər daxilində Azərbaycanda qəzet çap etmək imkanında deyil. İndiki halda bir qəzetin çapına ayda 30 min manatdan artıq xərc lazımdır”.

“Dünən bir qabdan yemək yeyənlər bu gün bir-birinə arxa çevirir”

Mətbuat klubu”nun direktoru Arif Əliyev “Kaspi” ətrafında baş verənlərdə təəccüblü nəsə görmədiyini deyir.

Onun qənaətincə, “dünən bir qabdan çörək yeyənlər bu gün bir-birinə arxa çevirirlər” və bu, dəfələrlə baş verib.

“Mənim düşüncəmcə, necə ki əvvəlcə “Kaspi”-ni hər dəfə önə çəkib ona yardım göstərmək düzgün deyildi, eləcə də indi ciddi əsas olmadan ona yardım göstərilməsindən imtina doğru deyil. Hər şey ondan asılıydı ki, bunun sahibi vəzifədə idi, pul da ona gedirdi, indi vəzifədə deyil və gələcəyi necə olacaq şübhəlidir deyə, ondan kənar dayanılır. Bu da nə mənəviyyata, nə də dövlətçilik prinsiplərinə uyğundur”.

Arif Əliyevin fikrincə, yanaşma tərzi dəyişməlidir, qəzetlərə bu şəkildə maliyyə yardımı dayandırmalıdır. Onun sözlərinə görə, bu yardım rüşvətdən heç nəylə fərqlənmir:

“Mediaya yardım bu şəkildə göstərilməməlidir. Bu o deməkdir ki, gedin orda sakitcə oturun, inkişaf da etməyin. Həmin vəsait bu günədək inkişafa gətirməyib, merkantil maraqlar, bəzi maraqlar əsasında bölüşdürülüb”.

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu ildə, Azərbaycana böyük neft pulları gələndə yaradılıb.

O zaman əksər tənqidçilər bunu müstəqil, tənqidçi medianın susdurulmasına yönəlmiş addım kimi dəyərləndirirdilər. Onlar hakimiyyətdən maliyyə yardımı əvəzinə KİV-in müstəqil fəaliyyətinə imkan yaradılmasına, müstəqil jurnalistlərin təqibinə son qoyulmasına çağırış edirdilər.

Beynəlxalq qurumların hesabatlarında Azərbaycanın ildən ilə söz azadlığına görə gerilədiyi bildirilir. Hərçənd rəsmilər bu tənqidi qəbul etmirlər, dövlətin jurnalistə mənzil və ya qəzetə maliyyə yardımı qarşılığında heç nə ummadığını bəyan edirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG