Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:18

'Kaspersky Lab' casusluq iddialarıyla mübarizəni necə planlaşdırır


«Kaspersky Lab»
«Kaspersky Lab»

«Reuters»in əldə etdiyi sənədlərdə Moskvada yerləşən «Kaspersky Lab» şirkətinin İsveçrədə data mərkəzi açmaq planları əks olunub. Son zamanlar Qərb hökumətləri Rusiyanın bu şirkətinin antivirus proqramı vasitəsilə müştərilər haqda məlumat toplamasına dair şübhələr səsləndirir.

«Reuters»in etibarlı mənbəyə istinadən verdiyi məlumatda deyilir ki, «Kaspersky» bu mərkəzi ABŞ, Britaniya və Litvanın şirkətin məhsullarından imtinasına cavab olaraq açmaq qərarına gəlib.

«Təkcə PR fəndi deyil»

Bu, dünyada antivirus proqramlarına görə lider sayılan «Kaspersky» şirkətinin ABŞ və digər hökumətlərin iddialarına cavab vermək yolunda atdığı son addımdır. Ötən il ABŞ hökuməti mülki hökumət agentliklərinə şəbəkələrindən «Kaspersky» proqramlarını silmək əmri vermişdi. «Kaspersky» buna kəskin etiraz etmiş, ABŞ hökumətinin qoyduğu bu qadağaya qarşı məhkəmə iddiası qaldırmışdı.

«Kaspersky» şirkətinin İsveçrə planlarından xəbərdar mənbə bildirib ki, data mərkəzinin açılmasına ABŞ-ın ittihamları səbəb olsa da, bu, yeganə amil deyil.

«Dünya dəyişir. Daha çox parçalanma və proteksionizm var... Bu, sadəcə PR fəndi deyil. Biz öz tədqiqat və inkişaf infrastrukturumuzu ciddi dəyişirik», – həmin mənbə anonimlik şərtilə bildirib. Ancaq o, yeni layihənin detallarını açıqlamaqdan imtina edib.

«Kaspersky»nin sözçüsü «Reuters»in açıqladığı sənədləri şərh etməkdən imtina edib.

«Dünya Şəffaflıq Təşəbbüsümlə bağlı vədlərimizin icrasını davam etmək üçün bu il şirkətin Avropada yerləşəcək ilk şəffaflıq mərkəzini açmağı planlaşdırırıq», – «Kaspersky Lab»in bəyanatında deyilir: «Anlayırıq ki, mürəkkəb kibertəhlükə fonunda davam edən geosiyasi gərginlik dövründə insanlarda suallar yaranır və biz onları cavablandırmaq istəyirik».

Eugene Kaspersky
Eugene Kaspersky

«Şəffaflıq mərkəzləri»

«Kaspersky Lab» ötən ilin oktyabrında Rusiya hökuməti ilə əməkdaşlığı ilə bağlı şübhələri azaltmaqdan ötrü kampaniyaya başlayıb. Şirkət proqramlarının mümkün zəif yerlərinin və hökumətlərin yararlana biləcəyi «arxa qapı»larının müstəqil ekspertlər tərəfindən ciddi araşdırılmasına imkan yaradacağına söz verib. O zaman şirkət həmçinin, Asiya, Avropa və ABŞ-da «şəffaflıq mərkəzləri» açacağını bildirmiş, ancaq bu planın detallarını açıqlamamışdı. Sənəddə deyilir ki, İsveçrədə açılacaq yeni mərkəzin adı İsveçrə Şəffaflıq Mərkəzi olacaq.

Şirkətin planlarından xəbərdar mənbə həmçinin bildirib ki, İsveçrədə işlər bir neçə həftədən sonra başlamalı, 2020-ci ilin əvvəllərində başa çatdırılmalıdır.

«Kaspersky Lab»in rəhbəri və yaradıcısı Eugene Kaspersky-nin planı təsdiqlədiyi bildirilir. Mənbənin sözlərinə görə, plan yaxın aylarda açıqlanmalıdır.

«Eugene narazıdır. O bu pulu başqa yerə xərcləyə bilərdi. Ancaq o bilir ki, bu vacibdir», – həmin şəxs deyib.

Rusiya təhlükəsizlik qüvvələrindən narahatlıq

Ancaq Kaspersky və onun hökumətlə münasibətlərindən xəbərdar adamlar bildiriblər ki, Rusiya təhlükəsizlik qüvvələrinin bu planı pozması da mümkündür. Onların sözlərinə görə, təhlükəsizlik qüvvələri data mərkəzinin öz yurisdiksiyalarından çıxarılmasına dirəniş göstərə bilərlər.

Qərb təhlükəsizlik rəsmiləri bildiriblər ki, sovet KQB-sinin varisi olan Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) «Kaspersky» rəhbərliyinin verdiyi qərarlara ciddi təsir göstərir. Ancaq şirkət bu ittihamları dəfələrlə rədd edib.

«Reuters»in əldə etdiyi sənəddə deyilir ki, İsveçrədə yaradılacaq mərkəz ABŞ və Avropa Birliyi ərazisində on milyonlarla «Kaspesky» müştərisinin kompüterlərindəki şübhəli faylları toplayaraq təhlil edəcək. Digər müştərilərə aid məlumatlarsa təhlil üçün Moskvadakı data mərkəzinə göndəriləcək. Həmin mənbənin sözlərinə görə, yalnız fərdi baxış tələb edən anomaliyalar aşkarlandıqda bu fayllar İsveçrədən Moskvaya göndəriləcək.

Əldə olunan sənədə görə, əməliyyatların İsveçrəyə köçürülməsi Rusiya təhlükəsizlik xidmətlərinin ölkə daxilindəki data transmissiyalarını izləməsinə imkan verən qanunlarla bağlı narahatlığı önləməlidir.

Sənəddə həmçinin deyilir ki, şirkət Moskvada yazılmış kodun köməyi ilə antivirus proqramı yazan departamenti İsveçrəyə köçürəcək.

Mənbə «Kaspersky Lab»ın artıq bu məsələdə İsveçrə hökumətindən «ciddi dəstək» aldığını da bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG