Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:16

Cəlilabadda kartofa rüsuma görə etiraz


Etiraz
Etiraz

Kartofa ixrac rüsumunun tətbiq edilməsi Cəlilabad rayonunun Maşlıq, Kazımabad və Muğan kəndlərində narazılığa səbəb olub.

Bu gün, aprelin 8-də bir qrup kartof istehsalçısının Maşlıq kəndində etiraz aksiyası keçirdikləri bildirilir.

Bu barədə AzadlıqRadiosuna məlumat verən sakinlərin sözlərinə görə, istəkləri həmin ixrac rüsumunun qaldırılması olub. Hətta deyilənə görə, istehsalçılar ölkə rəhbərliyinin bu məsələyə diqqətini yönəltməkdən ötrü Bakı-Astara magistralını bağlamaq istəyiblər. «Məqsədimiz ölkə rəhbərliyinin diqqətini problemimizə cəlb etmək idi. Amma Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı gəldi, bizə qulaq asdı, dağılışmağımızın lazım gəldiyini deyərək, məsələnin yaxın iki-üç gündə həllini tapacağını söylədi», - yeli sakinlərdən biri bildirib.

Fermerlər deyirlər ki, 1 kq kartofun ixracına 1dollar (1 manat 70 qəpik) rüsum tətbiqi düz deyil: «İndi biz bunu xaricə çıxara bilmiriksə, ölkə içində, maya dəyərindən ucuz satmalı olacağıq. Kartofu nə maya dəyərindən ucuz ölkə daxilində, nə də hökumətin tətbiq etdiyi rüsumla xaricdə satmaq sərfəli olacaq».

«Kisələri geri aldılar və...»

Amma fermerlər icra başçısının sözünə də bir elə inanmadıqlarını söyləyiblər: «Yaxın iki-üç gündə topdansatışla məşğul olanlar məhsulu bizdən almalı idilər. Amma ixrac rüsumu tətbiqindən sonra, aprelin 6-də gəlib verdikləri kisələri bizlərdən geri aldılar və səbəb kimi məhsulu xaricə çıxarmağın artıq sərf etmədiyini söylədilər».

Fermerlərdən birinin deməsinə görə, kartof istehsalçıları ötən mövsümdən zərərlə çıxmışdılar, bütün ümidləri bu ilə bağlı olub. Onun deməsinə görə, ixrac rüsumunun artırılması ümidlərini alt-üst edib.

«Burada nisyə əkənlər var, yəni borc götürən və sairə. Bir sözlə vəziyyət çox pisdir», - fermerlərdən biri vurğulayıb.

Bütün bu açıqlamalara, hələlik, Cəlilabad Rayon İcra Hakimiyyətindən və Nazirlər Kabinetindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Nazirlər Kabineti özünün 2 il əvvəl təsdiq etdiyi «Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri» adlı sənədinə dəyişikliklər edib.

Baş nazir N.Məmmədovun imzaladığı qərarı aprelin 6-da Nazirlər Kabinetinin saytı yayıb. Qərarla bu il aprelin 30-dək ölkədən 1 kq təzə və ya soyudulmuş kartofun ixracına görə 1 ABŞ dolları gömrük rusumu tətbiq edilir. Gələn ayın sonu, mayın 31-dək isə 1 kq şalot soğanın və kələmin ixracına da 2 ABŞ dolları gömrük rusumu olacaq.

Bu yaxınlarda Azərbaycanda soğanın, kartofun və kələmin qiyməti yüksəlib. Soğanın qiyməti təqribən iki dəfə artıb. İndi 1 kq soğan 1 manat 20-1 manat 50 qəpiyə satılır. Ekspertlər bunu qonşu Türkiyədə bəzi kənd təsərrüfatı məhsullarının qıtlığından sonra bu ölkəyə ixracın artması ilə izah edirdilər.

Kartofun da qiymətində təqribən 50 faiz bahalaşma var. Son bir həftədə kələmin qiymətində də bahalaşma müşahidə edilir. Kartofun bahalaşması, əsasən, mövsümü amillə izah edilirdi.

XS
SM
MD
LG