Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 18:15

«Son ümidimiz olan pensiyamı, uşaq bağçasında işləyən, əməkhaqqı 150 manat olan həyat yoldaşımın pulunu karta oturan kimi ələ keçirirlər».

İmişli sakini Tofiq Əhmədov AzadlıqRadiosuna müraciət edib. Onun sözlərinə görə, 2013-cü ilin dekabrında «Kapitalbank»dan 5 min manat kredit götürüb. Zamin həyat yoldaşı Gülbəniz Əhmədova olub.

ƏLAVƏ 1291 MANAT

Tofiq Əhmədov kredit götürərkən İmişli rayon Suvarma Sistemləri İdarəsində texnik vəzifəsində işləyib. 2014-cü ilin iyununda işdən çıxarılıb. 2015-ci ilin iyulunadək hər ay 193 manat olmaqla, kredit borcunu ödəməkdə davam edib. Həmin vaxtdan gəliri olmadığından kredit borcunu ödəməsində çətinlik yaranıb. «Kapitalbank» 2016-cı ilin yanvarında məhkəməyə müraciət edib. İmişli rayon Məhkəməsinin hakimi Ülvi Qəmbərov «Kapitalbank»ın verdiyi kredit borcuna əlavə 1291 manat faiz borcu hesablanması haqda iddiasını təmin edib. T.Əhmədov 2016-cı ilin iyununda məhkəmə qərarından rayon məhkəməsinə şikayət edib. Xahiş edib ki, vəziyyəti nəzərə alınsın, faizlər silinsin, əlavə borc hesablanması dayandırılsın:

***Buna da bax-Maaş kartının 'dava'sını çəkən usta işsiz qalıb

«Ailə başçısıyam, işsizəm. Himayəmdə 6 nəfər var. Bu günə qədər dövlətdən heç bir yardım görməmişəm. İmişli rayon Məşğulluq İdarəsində işsiz kimi qeydiyyatdayam. Bunu hakimə də dedim. Bildirdim ki, bankın tələbi yıxılana balta vurmaq kimi şeydir. Mən krediti ödəyə bilmirəmsə, əlavə 1291 manat məbləğində faizi əlavə olaraq mənə yükləməyin nə adı var? Hakim vəziyyətimi nəzərə aldı, həmin əlavə hesablanan 1291 manat borcu sildi, əlavə faiz hesablanmasının dayandırılması haqda qərar verdi. Bank isə qərardan apellyasiya şikayəti verdi. Mənə 5 min manat kreditə qol çəkdirib 4 min 600 manat pul veriblər. Hər ay da əsas borc, üstündə də 23 faiz əlavəsini məndən geri alıblar. Götürdüyüm öhdəliyi yerinə yetirməkdən qəsdən, bilərəkdən yayınmıram. Gəlirim olanda ödəmişəm, iş versinlər, gedim işləyim, qalanını da ödəyim. Onsuz da işsizlikdən çətin durumdayıq, bir tərəfdən də bankın bizi əlavə borc-xərclə yükləməsi isə yaxşı nəticələnməz, bizi ailəvi intihara sürükləyirlər».

«EKSPERTİZA XƏRCİ DƏ AYAĞIMDA QALACAQ»

Şirvan Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov bu ilin martında bankın apellyasiya şikayətinə baxıb və mühasibat ekspertizasının keçirilməsi haqda qərar çıxarıb.

***Buna da bax-'3 kartı salırsan bankomata, hamısı boş'

T.Əhmədovsa hesab edir ki, nəinki ekspertiza təyin olunmalı, ümumiyyətlə, şikayət rədd edilməliydi. Çünki məhkəmənin hansı qərarı verəcəyindən asılı olmayaraq, onsuz da o, işsiz olduğu və gəlirsiz qaldığı müddətdə məbləği ödəyə bilməyəcək: «Bunlar insanların heysiyyəti ilə oynayırlar. Həm heysiyyəti ilə, həm də həyatı ilə... Mən deyirəm, pulum olsaydı, müqavilə üzrə öhdəliyimi yerinə yetirərdim. Məhkəmə isə əlavə faizlərin təkrar hesablanmasına görə ekspertiza təyin edir. Üstəlik də, 150 manat əlavə ekspertiza xərci mənim ayağımda qalacaq».

«Kapitalbank»ın İmişli filialından «Qaynar xətt»ə bildirilib ki, hazırda bankın şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxıldığından məsələyə hər hansı münasibət bildirə bilməzlər: «Məhkəmə nə qərar versə, ona tabeyik», – filialdan qeyd olunub.

KARTDA ÇÖRƏKPULU QALSIN

Hazırda «Kapitalbank» həm T.Əhmədovun pensiyasını, həm də həyat yoldaşının əməkhaqqını qəpiyinə qədər kartlarından tutur. Üstəlik də, özü dediyi kimi, 1291 manatla yüklənib. Çarəsiz qalan vətəndaş da Mərkəzi Bankın sədri Elman Rüstəmovdan tutmuş, 1-ci vitse-prezident Mehriban Əliyevayadək hamıya müraciət edib, kömək istəyib.

T.Əhmədovun istədiyi odur ki, həm pensiyadan, həm də həyat yoldaşının əməkhaqqından ümumilikdə 40 faiz tutulsun, bank kartlarda, heç olmasa, çörək almağa qəpik-quruş saxlasın.

Hüquqşünas Vaqif Alıyev deyir, bankın vətəndaşın təqaüd, yaxud maaş kartından yüz faiz tutması qanunsuzdur: «Bu, vətəndaşın «yağmalanması» deməkdir. Qanunla, bank vətəndaşdan gəlirinin 55 faizə qədərini tuta bilər».

Hüquqşünasın sözlərinə görə, belə vəziyyətdə, vətəndaş özü bankı məhkəməyə verə bilər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG