Keçid linkləri

2025, 17 Mart, Bazar ertəsi, Bakı vaxtı 18:33

'Alcarràs': Keçmişi indiyə gətirən film


Karla Simon "Qızıl Ayı" mükafatının qalibidir
Karla Simon "Qızıl Ayı" mükafatının qalibidir

Builki Berlin film festivalının "Qızıl Ayı" mükafatının qalibi 35-yaşlı Karla Simonun "Alcarràs" filmi olub. Filmin adı Kataloniyanın kiçicik bir şəhərinin adından götürülüb.

Simonun valideynləri bu şəhərcikdə şaftalı yetişdirirlər. Simon bu filmdə fermasını itirmək təhlükəsi ilə üz-üzə qalan bir ailənin qeyri-sentimental portretini yaradıb. Ferma ilə birlikdə ailənin hələ İspaniya vətəndaş müharibəsindən də əvvəl yerləşdiyi bu torpaqda kök salmış kimliyi də itirilə bilər. Bu film həm də hadisələrin cərəyan etdiyi torpaq haqqındadır. Bu insanlar bu torpaqdan uzaqlaşdırıldıqdan sonra kim olacaqlar?

Indiewire saytında dərc edilmiş rəydə filmin çox maraqlı detallarına diqqət çəkilir.

Ənənələr

Sole ailəsinin ənənələri əbədi görünür. Ta bu ənənələr onların əlindən alınana qədər.

"Alcarràs"da dəyişiklik əvvəlcə nəriltisi təmiz mavi səmaya yayılan traktor şəklində peyda olur. Bu traktor 6-yaşlı İrisin cəmi bir neçə dəqiqə əvvəl bacı-qardaşları ilə birlikdə oyun oynadığı atılmış köhnə "Volkswagen"i götürüb aparır. Uşaqlar bu paslanmış dəmir parçasının günəşə çox yaxın uçan kosmik gəmi olduğunu xəyal edirdilər.

Hər şey çox tez baş verir. Bir an fermanı tərk etmək fikri o qədər ağlasığmaz gəlir ki, balaca İris dünyanın başqa bir yerində yaşayacağını təsəvvürünə belə gətirə bilmir. Növbəti ansa onun şirin və yöndəmsiz babası Roxelio fermanı boşaltma əmrini oxuyur, oğlu Kimet isə torpaq üzərində hüquqları yazılı formada qaydaya salmadığı üçün onu məzəmmət edir.

Şaftalı, ya günəş batareyası

Ferma zəngin bir ailəyə məxsus imiş. Həmin ailə müharibə dövründə onları qoruduğuna görə təşəkkür etmək üçün fermanı Sole ailəsinə verib. Amma zəngin Pinyol ailəsinin sonuncu nəsli bu centlmen razılaşmasına əməl etmək istəmir.

Artıq kənd təsərrüfatında böyük şirkətlər at oynadır və kiçik fermalar ayaqda qala bilmir. Meyvə isə o qədər ucuzlaşıb ki, Yoakim Pinyol ağaclardan yerli-dibli qurtulmaq qərarına gəlib. O inanır ki, Sole ailəsi şaftalıları günəş batareyalarına dəyişməyə, əvvəlkinin yarısı qədər işləyərək iki dəfə çox qazanc əldə etməyə sevincək razı olacaq. Ancaq iki evi olan birinin həmişə bir evə bağlı olan insanları anlaması çox çətindir.

Operator Daniela Kaxiasın kamerası fermanı dolaşaraq yay mehinin təbii istiliyini, günortadan sonranın günəş işığını və kölgələrini tamaşaçıya çatdırır.

Necə davam etmək

Dialoqların çoxu Sole ailəsinin bundan sonra həyatlarına necə davam edəcəyi ilə bağlı müzakirələrdir. Kimet qabiliyyətli yeniyetmə oğlunun dərslərinə fokuslanmasında, pul qazanmaq üçün əlavə işlərə getməməsində qərarlıdır. Qaynı Sisku keçmişə çox da bağlı deyil. O, daha çox Pinyol ailəsinə meylli mövqe tutub.

Ailənin patriarxı Roxelio fermaya hamıdan çox bağlıdır. Pinyolların bir zamanlar Sole ailəsinin onlara etdiyi yaxşılığın əvəzində belə davranması onu hamıdan çox incidir. Ancaq hətta ailənin uşaqları da fermanı itirəcəklərindən narahatdırlar. Ancaq filmin rejissoru Simon ümumən sentimentallıqla çox maraqlanmadığından Roxelionun fermanın sənədlərini vaxtında qaydaya salmadığı üçün peşman olub-olmadığını anlamaq mümkün deyil. Bəlkə də, həyat ona "həmişəlik" sözünün sonradan yalan vədə çevrildiyini anlamağı çoxdan öyrədib.

Simonun filmi Sole ailəsinin uzun zaman davam etmiş və ailənin sonuncu nəslinin dünyaya gəlməsindən əvvəl itirilmiş həyat tərzinə elegiyadır. Film ənənələri çox zərif şəkildə yad edir və kinonun keçmişi indiyə gətirmək qabiliyyətini nümayiş etdirir.

XS
SM
MD
LG