Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:20

Özbəklər Karimovun abidəsini düzəldən Britaniya heykəltəraşına müraciət etdilər


Paul Day və onun İraq və Əfqanıstanda həlak olmuş əsgərlərə həsr edilmiş abidəsi. Abidə Britaniya Müdafiə Nazirliyinin qarşısındadır
Paul Day və onun İraq və Əfqanıstanda həlak olmuş əsgərlərə həsr edilmiş abidəsi. Abidə Britaniya Müdafiə Nazirliyinin qarşısındadır

Özbəkistandan kənarda, bir növ özünüsürgündə yaşayan bir qrup özbək fəal Britaniya heykəltəraşı Paul Day-ə müraciət edərək onu Moskvada Özbəkistanın keçmiş avtoritar lideri, mərhum prezident İslam Karimovun abidəsini ucaltmaq niyyətindən daşınmağa çağırıblar.

Fəalların müraciətində deyilir ki, əgər heykəltəraş bu niyyətindən dönməsə, “onun bütün əsərləri Karimov qurbanlarının qanına bulaşmış olacaq”.

Özbəkistan hökuməti və mərhum prezidentin kiçik qızı Lola Karimova-Tillyaevanın rəhbərlik etdiyi İslam Karimov Fondu tərəfindən maliyyələşdirilən bu heykəl Özbəkistanın Moskvadakı səfirlyinin qarşısında yerləşdirilməlidir.

Lakin Parisdə mənzillənmiş Mərkəzi Asiyada İnsan Haqları Assosiasiyası fevralın 5-də dərc etdiyi açıq məktubda Day-i “qərarını dəyişib bu layihədən çıxmağa” çağırır.

İslam Karimov
İslam Karimov

Bu məktubda Karimov 2005-ci ildə Əndican şəhərində yüzlərlə dinc etirazçını gülləbaran etdirməkdə ittiham edilir və bildirilir ki, bu hadisə zamanı ölənlərin dəqiq sayını müəyyənləşdirməyə çalışanların hamısı susdurulub.

Məktubda deyilir: “Siz bilməlisiniz ki, Karimov 2016-cı ildə vəfat edənədək balaca uşaqlar da daxil, milyonlarla insanı pambıq tarlalarında qul əməyinə məcbur edib. O özünün minlərlə həqiqi və təsəvvüründə olan opponentini həbsxanalara salıb. Onlara işgəncə verib. Bu adamlar bəzən işgəncələrə tab gətirməyərək ölüblər. Karimov siyasət aləminə müdaxilə edən sənət adamlarını təqib edib, mediaya, ictimai elmlərə, ədəbiyyat və incəsənətə senzura tətbiq edib”.

Məktubda deyilir ki, Moskvada açılması planlaşdırılan bu heykəllə həm də Karimovun törətdiyi bu əməllərə haqq qazandırılmış olacaq.

Məktub müəllifləri daha sonra yazırlar: "İslam Karimovun hakimiyyəti illərində biz yaxınlarımızı, ailə üzvlərimizi və dostlarımızı itirmişik…”

Heykəltəraşa bu da xatırladılır ki, Karimovun heykəli üçün qonorar onun və ailəsinin uzun illər ərzində adi özbəklərdən oğurladıqları “çirkli” pullardan veriləcək.

Day-in ən məşhur işlərindən biri - St Pancras vağzalındakı "Görüş yeri" abidəsi
Day-in ən məşhur işlərindən biri - St Pancras vağzalındakı "Görüş yeri" abidəsi

Day fəalların bu məktubu ilə bağlı heç bir reaksiya verməyib.

Lakin o, ötən dekabrda bu abidə ilə bağlı Human Rights Watch təşkilatı tərəfindən tənqid olunanda Britaniyada çıxan Guardian qəzetinə demişdi ki, “jurnalist yox, heykəltəraşdır”: "Mənim işim cansız əşyalara davamlı keyfiyyət və gözəllik verməkdir. Bu əşyalar isə ən müxtəlif ola bilər. Düzəltdiyim nə varsa, mənfi və ya müsbət effekt verə bilər. Həyat fürsət verib və mən də bu axınla üzürəm”.

Belə görünür ki, özbək fəalların məktubunda heykəltəraşın bu qeydlərinə Karimovun Hitlerlə müqayisə edilməsi ilə reaksiya verilib:

"Sizin ən məşhur işlərinzidən biri də “Britaniya Uğrunda Döyüş” abidəsidir. Bu abidə dinc vətəndaşları Adolf Hitelin bombardmanlarından qorurumaq üçün həyatlarından keçən mərd kişi və qadınlara həsr edilib. Biz düşünürük ki, siz bu adamların xatirəsini Hitlerə heykəl yaratmaqla ləkələməzdiniz. Elə isə indi niyə müasir kütləvi qətliamçıya belə ehtiram göstərirsiniz?”

Özbəkistanın keçmiş avtoritar kommunist lideri Karimov bu ölkəyə fərqli düşüncəyə divan tutmaqla 27 il rəhbərlik edib. O 2016-cı il, sentyabrın 2-də dünyasını dəyişib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG