Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:07

Kareliyadakı 'Stalin xətti'ndə ölümcül radiasiya var


Foto: arxiv

Kareliyadakı II Dünya Müharibəsi dövründən qalan bunkerlərdə yüksək radiasiya aşkarlanıb.

Rusiyalı fəallar iddia edirlər ki, ölkənin şimal-qərbində vaxtilə insanları təhlükədən qoruyan bunkerlər ciddi təhlükə - radiasiya mənbəyidir.

Kareliyanın sıx meşə ilə örtülmüş landşaftında Fin körfəzindən Ladoqa gölünədək boyunbağı muncuqları kimi düzülmüş beton bunkerlər sovet adamlarınıII Dünya Müharibəsində almanlarla birlikdə Leninqradın 900 günlük mühasirəsində iştirak etmiş fin ordusundan qoruyub.

İllərlə işıq verən flüorisent boyadan istifadə olunub

Ancaq indi ekoloqlar deyirlər ki, bu bunkerlər ciddi təhlükə - radiasiya mənbəyidir. "Bellona" ekoloji qeyri-hökumət təşkilatının Sankt-Peterburq qanadı bunkerlərdəki radiasiyanı ölçərək bu nəticəyə gəlib ki, onların bəzilərində radiasiya normadan min dəfədən çox artıqdır. Alfa hissəciklərdən ibarət radiasiyanın səviyyəsi hətta ölçü cihazının limitini də keçir. Cihazın limiti isə bir kvadratsantimetrə dəqiqədə 30 min hissəcikdir.


"Elektrik olmadığından, bunkerlərdə illərlə işıq verən flüorisent boyayla rənglənmiş panellərdən istifadə olunub", - "Bellona"nın radiasiya mütəxəssisi Aleksei Schukin belə deyir və indi həmin panellərin problem doğurduğuna diqqət çəkir.

"Stalin Line" memorialı, Minsk, 10 sentyabr 2016
"Stalin Line" memorialı, Minsk, 10 sentyabr 2016

“Stalin xətti” 1993-cü ildə tərk edilib

Bunkerlər 1920 - 1930-ci illərdə tikilib və uzun müddət “Stalin xətti” adlanıb, 1950-ci illərdə modernləşdirilib. 1993-cü ildə tam tərk edilən bu bunkerlər həmişə göbələk yığanların, səyahət və macəra həvəskarlarının, metal toplayanların və başqalarının diqqətini özünə çəkir. Bəzi bunkerlərdən ev təməli kimi də istifadə olunub. Bəzilərində isə qışa hazırlanmış meyvə və tərəvəz konservləri saxlanılır.


"Bellona"nın hesablamalarına görə, ordu bu ərazini tərk edəndən bəri on minlərlə insan bunkerləri ziyarət edib. Toplam 230-dək bunkerdən söhbət getsə də, onların neçəsində radiasiya olması bilinmir.

Sırf təsadüf

Potensial təhlükə ilk dəfə ötən ilin sonunda - sırf təsadüf nəticəsində aşkar edilib. Müharibə dövrünə aid müxtəlif faktlar axtaran "Şimal-Qərb" adlı könüllü təşkilatın üzvləri şəkil çəkmək üçün bunkerlərə gəliblər.

Üzvlərdən biri - Anton Kolomitsyn özü ilə radiasiya detektorunu da götürübmüş. Könüllülərin bunkerlərdə üzləşdikləri sürpriz ürəkaçan olmayıb.

Maraqlısı odur ki, "Şimal-Qərb"in fəalları bundan öncə tarix həvəskarlarını bu bunkerlərə ekskursiyalara aparırlarmış.

Dosimeter, radiasiyanı ölçən cihaz
Dosimeter, radiasiyanı ölçən cihaz


Fəallar həyəcan təbili çalmağa başlasalar da, yerli hökumət və ordu rəsmiləri reaksiya verməyə tələsməyiblər. Rəsmilər bunkerlərin radiasiyanı ətraf mühitə yaydığını deyirlər.

Ancaq ekoloqların fikrincə, məmurlar bunkerlərin içərisində yüksək radiasiyaya məruz qalan insanları görməzdən gəlirlər.

İnsanlar təhlükədən xəbərsizdirlər

"Bütün bunkerlər uşaqlara və Leninqrad vilayətinin digər sakinlərinə açıqdır. İnsanlar təhlükəni bilmədən oraya gedirlər. Bunkerlərin radiaktiv obyektlər olduğunu göstərən bircə işarə də yoxdur. Onlar qapalı deyil", - fəal Schukin-in sözləridir.


Leninqrad vilayət soveti ekologiya komissiyası yoxlama laboratoriyasının rəhbəri Sergei Gribalyov-un sözlərinə görə, ekspertlər "Bellona"nın iddialarını təsdiqləyiblər.

"Mən komissiyadan tam araşdırma aparmasını xahiş edəcəyəm. Bu, mütəxəssislərin görəcəyi, həm də bahalı işdir. Ancaq mən bədbinəm. Ekologiya ili olsa da, ekoloji proqram və layihələrin büdcəsi kəskin azaldılıb.Biz bunkerləri zərərsizləşdirmək üçün pul istəsək, çox güman, etirazla üzləşəcəyik".

Hələlik, Gribalyov yalnız yerli əhaliyə ümid bəsləyir. O ümid edir ki, QHT, ən azı, xəbərdarlıq işarələrini qoymağa və yabunkerlərin qapılarını qapadıb qaynaq etməyə yardım göstərəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG