Keçid linkləri

Təcili xəbərlər
2020, 05 İyul, bazar, Bakı vaxtı 07:48

Karantin rejimi yumşaldılır


Bakıda karantin yoxlaması

Aprelin 27-dən Azərbaycanda karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.

Bu barədə bugün, aprelin 24-də Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.

Qərargah bildirib ki, həmin tarixdən "ASAN xidmət" mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanacaq.

Bəzi iş və xidmət sahələrində fəaliyyət də bərpa olunur. Söhbət fərdi tədris və repetitor xidmətlərindən (qrup halında məşğələlər istisna olmaqla) gedir. Habelə, kitab, qəzet, dəftərxana mallarının satışına icazə veriləcək. Eyni zamanda, çap, surətçıxarma, fotoatelye, fərdi mənzillərdə təmizlik, dərzi xidmətləri fəaliyyətinə də qadağa götürüləcək. Həmçinin, kosmetika, ətriyyat, geyim, ayaqqabı, qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti də icazəli olacaq. Üstəlik, mobil cihazların, ehtiyat hissələrinin, aksesuarlarının satışı və təmiri də bu sıraya aiddir.

Qərargah kompüter avadanlıqlarının satışı və təmirinə də icazə veriləcəyini açıqlayıb. Məişət texnikası, mebel, avtomobil, kimyəvi məhsullar, gül, bitki, kənd təsərrüfatı texnikası, ehtiyat hissələri, avadanlıqları, gübrə və aqrokimyəvi məhsulların satışına da icazə verilməlidir.

Ticarət mərkəzlərinin fəaliyyətinə məhdudiyyət qalır

"Ticarət Mərkəzləri və "Mall"ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır. Məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az" portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir".

İcazələrin müddəti artırılır

Qərargah bildirib ki, bununla yanaşı, həmin tarixdən etibarən yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılır.

Qurum qeyd edib ki, bəzi sahələr üzrə fəaliyyətə icazə veriləcəyindən bundan asılı olaraq SMS-lə icazə halları da genişləndiriləcək:

"Xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür"

"Elan olunduğu kimi, COVID-19 virusu zəminində ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək mövcud vəziyyətə uyğun qaydalar tətbiq olunur. Bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür".

Xatırlatma

2019-cu ilin sonlarına doğru Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı bunu pandemiya elan edib. Artıq dünyada bu virusa yoluxanlardan 192 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə hazırkı dövrədək 1592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 21 nəfər vəfat edib.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər. Karantin rejimi daha sonra mayın 4-nə kimi uzadılıb.

XS
SM
MD
LG