Keçid linkləri

2025, 18 Mart, çərşənbə axşamı, Bakı vaxtı 04:15

Ruben Östlund ikinci dəfə 'Qızıl palma' alır


Ruben Östlund
Ruben Östlund

İsveçli rejissor Ruben Östlund iki dəfə Kann festivalının əsas mükafatı olan "Qızıl palma"ya layiq görülən rejissorların eksklüziv klubuna daxil oldu. Onun "Triangle of Sadness" adlı son filmi müsabiqədə 20 rəqibinə qalib gəldi. Sinfi münasibətlərdən söz açan satirik filmdə Harris Dikinson, Çarlbi Din və Vudi Harrelson rol alıblar.

Vanity Fair yazır ki, Östlund 2017-ci ildə "The Square" filminə görə də "Qızıl palma" mükafatına layiq görülmüşdü. 2014-cü ildə isə onun "Force Majeure" filmi münsiflər heyətinin "Xüsusi baxış" mükafatını qazanıb. Bu film sonradan Uill Ferrell və Culiya Lui-Dreyfusun iştirakı ilə çəkilmiş "Downhill" filminin əsasını təşkil edib.

Festivalın əsas mükafatına iki dəfə layiq görülməsi Östlundu Frensis Ford Koppola, Bille Auqust, Emir Kusturitsa, Mixael Haneke, Ken Louç, Jan-Pyer və Lük Dardenn qardaşları, Söhey İmamura və Alf Şöberqin sırasına daxil edir.

Qran-Pri və münsiflərin mükafatı

Bu il festivalın ikinci mükafatı olan Qran-Prini belçikalı Lukas Dontun "Close" dramı ilə fransız rejissor Kler Deninin "Stars at Noon" filmi paylaşıblar.

Kler Deninin filmində qəhrəmanlar COVID-19 lokdaununa görə bir Mərkəzi Amerika ölkəsində ilişib qalıblar. Filmin hekayəsi Denis Consonun romanına əsaslanır. Əslində Conson bu romanı pandemiya yox, Nikaraqua inqilabı haqda yazmışdı. Deni çox təcrübəli və tanınmış rejissor olsa da, onun bu işi bir çox tənqidçilərin mənfi rəyi ilə üzləşib. Bu səbəbdən bir çoxları filmin festivaldakı uğurunu birmənalı qarşılamayıblar. Müşahidəçilərin bir qismi isə yaranan fikir ayrılığını Deninin dühasının sübutu kimi görür.

Münsiflə Mükafatı (mahiyyət etibarilə üçüncü mükafat) da bir deyil, iki filmə təqdim edilib. Onlardan biri 84-yaşlı polyak rejissor Yejı Skolimovskinin "EO" dramı, digəri isə belçikalı Şarlotta VandermerşFeliks Van Qruninqenin "The Eight Mountains" filmidir. Skolimovski "EO" filmini Rober Bressonun 1966-cı ildə çəkdiyi "Au Hasard Balthazar" filmindən ilham alaraq çəkib.

Digər mükafatlar

"Ən yaxşı kinorejissor" mükafatı "Decision to Wait" filmi üçün koreyalı rejissor Pak Çxan-uka təqdim edilib. "Ən yaxşı ssenari" mükafatı isə "Boy From Heaven" filmi üçün isveçli Tarik Salehə verilib. Filmdə hadisələr Misirdə cərəyan edir. Zər Əmir-İbrahimi isə Əli Abbasinin "Holy Spider" trillerindəki roluna görə "Ən yaxşı aktrisa" mükafatına layiq görülüb. Cənubi Koreya kinosunun ən çox tanınan siması Son Kan-ho yapon rejissor, ötən il "Qızıl palma" mükafatına layiq görülmüş Hirokadzu Koreedanın "Broker" filmindəki roluna görə "Ən yaxşı aktyor" mükafatını qazanıb.

Dardenn qardaşları "Tori and Lokita" adlı mühacir dramına görə xüsusi "75-ci ildönümü mükafatı"na layiq görülüblər.

XS
SM
MD
LG