Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 07:34

Kann festivalı keçiriləcəkmi


Kann film festivalı 1946-cı ildə təsis edilib.
Kann film festivalı 1946-cı ildə təsis edilib.

Daha öncə builki Kann film festivalının, hər il olduğu kimi, mayda deyil, iyunda keçiriləcəyi bildirilmişdi. Festivalın tarixi koronavirus pandemiyasına görə dəyişdirilərək iyuna keçirilmişdi. İki həftə öncə isə təşkilatçılar festivalın bu tarixdə də keçirilməyəcəyini bəyan ediblər. Üstəlik, onlar festivalın ənənəvi şəkildə baş tutmayacağını da bildiriblər.

Ancaq bununla yanaşı, təşkilatçılar bu il ərzində, başqa bir vaxt "kino sənayesinin əsas sütunlarından biri olan" Kann festivalını hər hansı bir formada keçirməyə ümid etdiklərini deyiblər.

Təşkilatçılar ən tez zamanda bu böhranın bitməsindən sonra toplaşaraq Kann 2020-nin formatı ilə bağlı qərar verməyə ümid edirlər.

Daha iki tədbir ləğv edilib

Kann kinofestivalının bu qərarı Fransa Prezidenti Emmanuel Macron-un 13 aprel axşamı verdiyi bəyanatdan sonra açıqlanıb. Prezidentin bəyanatında deyilir ki, Fransa iyulun ortasınadək hər hansı bir festivala, yaxud böyük yığıncağa ev sahibliyi etməyəcək.

Prezident xalqa müraciətində Fransada təcrid rejiminin mayın 11-dək uzadıldığını bəyan edib. Kinoteatrlar, restoran, bar və butiklər də daxil olmaqla, bütün ictimai toplaşma yerləri qeyri-müəyyən müddətə bağlı qalacaq. Fransada COVID-19-un doğurduğu ölüm hallarının sayı 24 mini keçib. Xəstəliyə yoluxanların sayı isə 128 mindir.

Kann film festivalı Fransada keçiriləcəyinə ümidin ölmədiyi sonuncu böyük tədbir idi. Bundan öncə Lion yaradıcılıq festivalı və "Annesi" beynəlxalq animasiya film festivalı ləğv edilmişdi. Bu tədbirlərin hər ikisi hər il iyunda keçirilir.

Festivalın bu il başqa bir tarixdə keçirilməsi ilə bağlı qərara münasibət birmənalı olmayıb.

"Deadline" saytı yazır ki, festival müxtəlif iştirakçı filmləri dəvət etməyə və kinematoqrafçılardan müraciətlər qəbul etməyə başlayıbmış. Ancaq builki tədbirdə parlayacağı gözlənilən filmlərin bəziləri öz premyeralarını daha sonrakı tarixlərə təxirə salıb. Wes Anderson-un "The French Dispatch" filmi onlardan biridir. Bundan başqa, amerikalı rejissor Joseph Kosinski-nin "Top Gun: Maverick" filminin premyerasının ilin sonuna keçirildiyi elan edilib.

Son həftələr ərzində Kann Bazarı (Cannes Marché) rəqəmsal bazarın bu il baş tutacağını bildirirdi. "Deadline" saytı bundan başqa CAA-nın (Creative Artists Agency) də satış agentləri və alıcılar üçün rəqəmsal bazar keçirəcəyini yazır.

Ötənilki uğurdan sonra...

Kann film festivalının ötənilki tədbiri çox uğurlu keçmişdi. Festivalda göstərilən "Parasite" filmi sonradan, bu ilin fevralında Oskar mükafatına layiq görülüb. "Once Upon a Time in Hollywood", "Pain and Glory""Les Miserables" filmləri isə Oskara namizəd göstərilmişdi. Ümumilikdə, bu festival filmlərin ilk nümayişi və təqdimatı üçün ən sərfəli, cəlbedici və prestijli platforma sayılır.

Festival 1968-ci ildən bəri heç bir tədbirini ləğv etmək məcburiyyətində qalmamışdı. 1968-ci ildə baş qaldıran sosial-iqtisadi etirazlar festivalın keçirilməsinə mane olmuş, təşkilatçılar tədbiri yarımçıq qoymağa məcbur olmuşdular. 2003-cü ildə SARS epidemiyasının baş qaldırması ilə əlaqədar Asiyadan daha az sayda qonaq dəvət edilmişdi.

Ancaq Kann kinofestivalının ümumiyyətlə keçirilmədiyi tarixdən 70 ildən çox vaxt keçib.

Kann film festivalı 1946-cı ildə təsis edilib. 1948 -1950-ci illər arasında festivalın keçirilməsi büdcənin az olması səbəbindən dayandırılıb.

Festival ilk illərdə sentyabrın sonlarında keçirilirdi. Sonradan, 1951-ci ildə Venesiya kinofestivalı ilə rəqabət aparmaması üçün Kann festivalını yaz aylarında keçirmək qərarına gəlinib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG