Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 05:45

Həlak olanların yaxınlarına yardım edəcək Kanada İrandan da belə addım gözləyir


İran raketi ilə Tehran yaxınlığında vurulan Ukraynanaya məxsus sərnişin təyyarəsinin qalıqları, 8 yanvar 2020
İran raketi ilə Tehran yaxınlığında vurulan Ukraynanaya məxsus sərnişin təyyarəsinin qalıqları, 8 yanvar 2020

Kanada sərnişin təyyarəsinin Tehran yaxınlığında raketlə vurulması nəticəsində həyatını itirən vətəndaşlarına yardım edəcək. Kanada belə bir addımı İrandan da gözləyir.

Ölkənin baş naziri Justin Trudeau yanvarın 17-də etdiyi çıxışında deyib ki, İranda Ukrayna təyyarəsinin vurulması nəticəsində həlak olan Kanadanın 57 vətəndaşı və ölkənin 29 daimi sakininin ailələrinə tezliklə yardım veriləcək.

Kanadanın baş naziri Justin Trudeau, Toronto, 2 iyul 2019
Kanadanın baş naziri Justin Trudeau, Toronto, 2 iyul 2019

O, hər ailəyə 25,000 Kanada dolları (19,122 ABŞ dolları) veriləcəyini deyib. O bildirib ki, bu vəsait ailələrə cənazə, İrana getmək və digər xərcləri ödəməyə kömək edəcək. Baş nazir İranın da, ailələrə kompensasiya verəcəyini gözlədiklərini vurğulayıb və deyib ki, Tehran tərəfindən verilən hər hansı yardım da birbaşa qurbanların ailələrinə veriləcək.

"Mən aydın olmaq istəyirəm, İranın bu ailələrə kompensasiya verəcəyini gözləyirik".

Ailələrlə görüşdüyünü bildirən Justin Trudeau bildirib ki, zərərçəkənlər uzun müddət gözləməməlidirlər.

"Həftələr gözləyə bilməzlər. İndi dəstəyə ehtiyacı var."

Qara qutular Fransaya verilsin

Trudeau, Boeing 737-800 sərnişin təyyarəsinin "qara qutularının" çox zərər gördüyünü söyləyib və Tehrandan beynəlxalq istintaq daxilində araşdırmanın bir hissəsi olaraq onları Fransaya təhvil verməyə çağırıb.

Xatırlatma

Ukrayna Beynəlxalq Hava Yollarının müntəzəm PS 52 Tehran-Kiyev reysi ilə uçan təyyarəsi yanvarın 8-də Tehran hava limanından qalxdıqdan az sonra raketlə vurulub. Təyyarədəki 176 nəfərin hamısı həlak olub.

Həlak olanların 82 nəfəri İran, 57 nəfəri Kanada vətəndaşları olub. Ölənlərin arasında Ukrayna, İsveç, Britaniya, Almaniya və Əfqanıstan vətənsdaşları da var.

Ukrayna aviaşirkəti bildirir ki, təyyarə 2016-cı ildə istismara verilmişdi və texniki baxımdan saz idi.

İran bir neçə gün sərnişin təyyarəsinin İran hərbçiləri tərəfindən vurulmasını təkzib etsə də sonra da etiraf edib.

Tehranın rəsmi açıqlamasında bildirilib ki, Hava Hücümundan Müdafiə sistemi sərnişin təyyarəsini qanadlı raket kimi qəbul etdiyi üçün vurub. Həmin gün İran İraqdakı ABŞ bazalarına da raket zərbələri endirib. Amerika prezidenti hadisədən dərhal sonra raket zərbələri nəticəsində amerikalı hərbçilərin zərər çəkmədiyini bildirib. Amma yanvarın 16-da ABŞ mərkəzi komandanlığının kapitanı Bill Urban İraqdakı “Əl Əsəd” hava bazasına raket atılması nəticəsində 11 ABŞ hərbçisi beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

XS
SM
MD
LG