Kanadada məhkəmə iki il öncə İran İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) vurduğu Ukrayna təyyarəsində həlak olmuş 6 nəfərin ailələrinə 84 milyon dollar kəsib.
Təyyarə 2020-ci ilin yanvarında Tehran aeroportundan qalxandan az sonra vurulmuşdu. Təyyarədəki 176 nəfərin 130-dan çoxu Kanadaya bağlı sərnişinlər olub. Ölənlər içində Əfqanıstan, Britaniya, İran, Ukrayna və İsveç vətəndaşları, yaxud rezidentləri də vardı.
Məhkəmənin kompensasiya kəsdiyi ailələr yanvarın 3-də elan ediblər ki, insidentə görə təqsirkar bildikləri İrana və digər rəsmilərə qarşı mülki iddia qaldırıblar.
Aktivlərin müsadirəsinə çalışacaqlar
İran məhkəmədə özünü müdafiə etməyib, qiyabi hökm çıxarılıb.
Təyyarədə həyat yoldaşları, övladları ölmüş iddiaçıların vəkili Mark Arnold yanvarın 3-də bəyanatda deyib ki, kompensasiyanın ödənməsindən ötrü komandasıyla birlikdə İranın neft tankerləri daxil, Kanada və xaricdəki aktivlərinin müsadirəsinə çalışacaq. O, komandasının bacardığını edəcəyini deyib.
Ontario Ədalət Məhkəməsinin qərarı 31 dekabr tarixinə aiddir, Arnold tərəfindən elan edilib. Eyni məhkəmənin mayda çıxardığı qərarda deyilirdi ki, kommersiya təyyarəsinin dağıdılması beynəlxalq terrorçuluq aktıdır.
İranın Xarici İşlər Nazirliyi isə maydakı qərarı “biabırçılıq” adlandırıb, qərara legitim dəlilin olmadığını bildirib. İran təyyarənin vurulmasıyla bağlı Kanadada qaldırılmış məhkəmə iddialarını rədd edib. Tehran Kanada məhkəmələrinin bu məsələdə yurisdiksiyasının olmadığını, bütün məhkəmə prosedurlarının İranda aparılmalı olduğunu bildirir.
İrana ittihamlar
Kanada ekspertizası ötən il açıqladığı hesabatda sərnişin təyyarəsinin vurulmasına görə İranı səriştəsizlik və ehtiyatsızlıqda suçlayıb.
Hesabatda deyilirdi ki, təyyarənin vurulması öncədən planlaşdırılmasa da, İran rəsmilərini məsuliyyətdən azad etmir. İran isə hesabatı “yüksək dərəcədə siyasiləşmiş” adlandıraraq tənqid edib.
İran hakimiyyəti hadisədən dərhal sonra məsuliyyəti inkar elədi, ancaq sonradan qüvvələrinin Kiyevə uçan təyyarənin təsadüfən vurduğunu etiraf etdi. Təyyarənin ABŞ raket ilə səhv salındığı açıqlandı.
İran həmin vaxt Birləşmiş Ştatlarla qarşıdurma vəziyyətində idi. İran generalı Qasım Süleymani Bağdad aeroportu yaxınlığında ABŞ-ın dron zərbəsində öldürüləndən sonra İran İraqdakı ABŞ qüvvələrinin yerləşdiyi bazalara raketlər atıb.
Yanvarın 8-də, Süleymaninin qətlindən beş gün sonra İran bazalara raket atmışdı. Həmin gecə Ukrayna təyyarəsi İranın yer-hava raketləri ilə vurulub.