Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:58

Jurnalist Kamran Mahmudov buraxılıb


Kamran Mahmudov
Kamran Mahmudov

Kamran Mahmudov: 'Məhkəməyə müraciət edəcəyik'

«Bu ölkədə görünür, hər şeyi gözləmək olar və təəccübə səbəb ola biləcək bir şey yoxdur».

Jurnalist Kamran Mahmudov bunu iyunun 22-də Qazax Rayon Polis Şöbəsindən çıxdıqdan sonra bildirib.

K.Mahmudov deyir ki, son iki ildə dəfələrlə xarici ölkələrə gedib, ona hər hansı yasaq barədə məlumat verilməyib:

«Bu gün, iyunun 22-si səhər məni saxladılar. Gömrükdə dedilər ki, ölkədən çıxışıma yasaq var».

K.Mahmudovun deməsinə görə, yalnız Qazax Rayon Polis Şöbəsində onu öyrənə bilib ki, ölkədən çıxışına qadağa aprel ayında qoyulub. Qadağanı qoyan qurum isə Daxili İşlər Nazirliyidir.

Jurnalist deyib ki, məhkəməyə müraciət etmək niyyətindədir.

Məsələyə hələlik daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

+++

Jurnalist Kamran Mahmudov sərbəst buraxılıb.

Bu barədə vəkil Cavid Rzazadə məlumat yayıb.

+++

Jurnalist Kamran Mahmudovun sərbəst buraxılacağı gözlənilir.

Bu barədə vəkil Cavid Rzazadə məlumat verib. Vəkilin deməsinə görə, onu Qazax Rayon Polis Şöbəsinin rəisi qəbul edib:

«Rəis mənə dedi ki, Kamran Mahmudov axtarışda deyil, sadəcə, ölkədən çıxışına yasaq qoyulub. Ya o, bir azdan buraxılacaq, ya da onun çıxışına yasaq qoyan quruma təhvil veriləcək. Ancaq aradan bir müddət keçdikdən sonra rəis təkrar dedi ki, Kamran Mahmudov sərbəst buraxılacaq. Hazırda mən Qazax Rayon Polis Şöbəsinin qarşısında onu gözləyirəm».

Polis: Kamran Mahmudovla bağlı araşdırma gedir

«Kamran Mahmudov saxlanıb və Qazax Rayon Polis Şöbəsinə gətirilib. İndi araşdırma gedir».

Bunu Qazax Rayon Polis Şöbəsindən bildiriblər.

Polis əməkdaşı deyib ki, K.Mahmudovun saxlanma səbəbi ölkədən çıxışına yasaq qoyulması ilə bağlıdır:

«Amma biz deyə bilmərik ki, bu qadağanı konkret kim qoyub. Sadəcə olaraq, çıxış yasağı olduğu üçün saxlanılıb və yaxın saatlarda məsələ tam məlum olar».

Vəkil Cavid Rzazadə də K.Mahmudovun hələ ki, buraxılmadığını söyləyib:

«4 saatdan çoxdur ki, jurnalist Kamran Mahmudov saxlanıb və Qazax Rayon Polis Şöbəsinə gətirilib. Amma məni yanına buraxmırlar...».

+++

İyunun 22-də jurnalist Kamran Mahmudovun Gürcüstana gedərkən saxlandığı bildirilir. Bu barədə «Facebook» sosial şəbəkəsində vəkil Cavid Rzazadə yazıb.

«Kamran Mahmudovu Gürcüstana mənimlə birlikdə gedərkən sərhəddə saxlayıb Qazax Rayon Polis İdarəsinə apardılar. İlkin olaraq deyildi ki, Kamran axtarışdadır», – vəkil yazıb.

Vəkilin yazdığına görə, jurnalist müvəqqəti saxlanma kamerasına aparılıb.

«Kamranın üzərindən 127 manat pul, plastik kartlar və digər şəxsi əşyalar aşkar edilib götürüldü. Şəxsi axtarış hal şahidlərinin və mənim vəkil olaraq iştirakım olmadan aparıldı», – vəkil yazıb.

K.Mahmudov AzadlıqRadiosunun Bakı ofisi bağlananadək bu radioyla əməkdaşlıq edib. O, daha sonra «Kanal 13» internet televiziyasında çalışırdı. Ancaq onun axtarışda olma səbəbi, saxlanması barədə rəsmi orqanlardan açıqlama almaq, hələlik, mümkün olmayıb.

«Kanal 13» internet televiziyasının Bakı filialının rəhbəri və icraçı direktoru Əziz Orucov mayın 2-də polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə bir ay müddətinə inzibati qaydada həbs edilib. İyunun 2-də isə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi inzibati cəzasının başa çatdığı gün Ə.Orucova Cinayət Məcəlləsinin 192.2.2-ci (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürüb. Nəsimi Rayon Məhkəməsinin qərarına görə, Ə.Orucov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ə.Orucov ittihamları qəbul etmir və həbsinin «Kanal 13» internet televiziyasının fəaliyyəti ilə bağlı olduğunu bildirir.

«Kanal 13» 2008-ci il oktyabrın 10-dan yayımlanırdı. Müdafiə tərəfi bildirir ki, ofisdə axtarış zamanı bütün kompüterlər götürüldüyündən internet televiziyasının işinə maneə yaranıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG