Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

K.Abdulla pul tələbindən imtina etdi


K.Abdulla
K.Abdulla

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla məhkəməyə verdiyi «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallıya, özünün indiki və keçmiş işçilərinə qarşı pul tələbindən imtina edib. Rektorun vəkili Muxtar Mustafayev avqustun 9-da Binəqədi Rayon Məhkəməsində bunu bildirib. Vəkil deyib ki, ötən məhkəmə iclasından sonra sosial şəbəkələrdə «K.Abdullanın öz büdcəsini jurnalistlərin hesabına doldurmaq istəməsi» barədə xoşagəlməz fikirlər yayılıb.

«Bizim belə niyyətimiz yoxdur. Onları cərimələtdirməklə fəaliyyətlərinə də mane olmaq istəmirik», – vəkil belə deyib.

Amma xural.com saytındakı yazılara görə təkzib verilməsi, dörd cavabdehin hamısının üzr istəməsi hissəsində K.Abdulla iddiasını geri çəkməyib.

Cavabdeh tərəfin vəkili Elçin Sadıqov isə bu işə Binəqədi Rayon Məhkəməsində baxılmasına yazılı etiraz verib. Etirazı müdafiə edən Ə.Zeynallı deyib ki, onlarda K.Abdulla ilə Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımov arasında yaxın münasibət olması haqda məlumat var. Baş redaktorun sözlərinə görə, K.Abdulla hələ illər öncə məhkəmə sədrinin atası Nurəddin Kazımovla dost olub.

Qarşı tərəf isə məhz Binəqədi Rayon Məhkəməsində iddia qaldırmasını belə əsaslandırıb ki, qanun cavabdehlərdən birinin qeydiyyat ünvanı üzrə məhkəməyə müraciət etməyə imkan verir. Cavabdehlərdən «Xural» qəzetinin təsisçisi kimi, Ə.Zeynallının qeydiyyatı Binəqədi rayonudur.

Digər üç cavabdeh - universitetin Filologiya və jurnalistika fakültəsinin keçmiş dekanı, hazırda isə orada yarımştatla müəllim işləyən Vüsalə Ağabəyli, bir neçə ay əvvəl işdən çıxarılmış müəllimə Pərvin Mürsəlova və uzun illər universitetin kadrlar şöbəsində işləmiş Elmira Baxşəliyeva Bakının başqa rayonlarında yaşayırlar.

Hakim Emin Əliyev məhkəmə aidiyyəti ilə bağlı etirazı təmin etməyib və bu barədə qərardad çıxarıb. Qanuna görə, bu qərardaddan 10 gün ərzində apellyasiya şikayəti verilə bilər.

Ə.Zeynallı AzadlıqRadiosuna bildirib ki, qərardaddan yuxarı instansiyaya şikayət verəcəklər.

Xatırlatma

K.Abdulla iddia edir ki, xural.com saytında yayımlanan yazılarda onun şərəf və ləyaqətinə zərbə vurulub. Həmin yazılar universitetdən işdən çıxarılan və ya başqa formada cəzalandırılan V.Ağabəyli, P.Mürsəlova və E.Baxşəliyevanın Təhsil Nazirliyinə, vitse-prezidentə şikayət məktubları, müsahibələri əsasında hazırlanıb.

K.Abdulla ilkin iddiasında cavabdehlərdən üzr və təkziblə yanaşı, Ə.Zeynallıdan 10 min, V.Ağabəylidən 5 min, P.Mürsəlova və E.Baxşəliyevanın hər birindən isə 3 min manat təzminat tələb edirdi.

K.Abdulla ilə universitetin adları çəkilən işçiləri arasında məhkəmə çəkişmələri aylardır davam edir. Onların üçü də rektoru məhkəməyə verib. İddia edirlər ki, K.Abdulla rektor təyin ediləndən sonra müəllim və tələblərin ifadə azadlığını məhdudlaşdırır, onun dediklərinə qarşı çıxanları cəzalandırır.

K.Abdulla isə onların öz işlərinin öhdəsindən gələ bilmədiklərini deyir. İddia edir ki, haqlı cəzalandırdığı adamlar ona böhtan atırlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG