Binəqədi rayonu, «Elit» Ticarət Mərkəzi yaxınlığında yerləşən kafedə baş verən partlayış nəticəsində iki nəfərin öldüyü bildirilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
Xəbərdə vurğulanır ki, təcili tibbi yardım hadisə yerinə çatana qədər iki nəfər ölüb. Ölənlərdən biri qadın, biri kişidir. Daha iki nəfərin isə xəsarət aldığı, onların Respublika Yanıq Mərkəzinə yerləşdirildiyi açıqlanıb.
Partlayış zamanı ölənlərin kafenin işçiləri olduğu deyilir.
İlkin olaraq hadisəyə qaz sızmasının səbəb olduğu bildirilir.
FHN: Propan qaz balonu partlayıb
Fövqəladə Hallar Nazirliyi bu gün, mayın 21-də Bakıda baş verən partlayışla bağlı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 25 kvadratmetr olan tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb:
«Nəticədə tikilinin yanar konstruksiyaları yanıb. Şəxsiyyəti məlum olmayan 2 nəfərin (qadın və kişi) yanmış meyiti aşkar edilib. Daha 2 nəfər ( 44 yaşlı Natiq İbrahimov və 53 yaşlı Şəkər İbrahimova ) yanğınsöndürənlər hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar təhqiqat aparır».