Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:17

Kadyrov-un biznesinin ‘sahibi’ kimdir?


Vladimir Putin (solda) və Ramzan Kadyrov
Vladimir Putin (solda) və Ramzan Kadyrov

AzadlıqRadiosunun Rus xidməti Rusiya mediasına istinadən yazır ki, keçmiş Moskva daşınmaz əmlak dəllalı Pavel Krotov Çeçenistan başçısı Ramzan Kadyrov-a aid bizneslərin nominal sahibi ola bilər.

Xəbər verilir ki, Çeçenistan elitasının maraqları çərçivəsində Krotova azı iki dəfə Kadyrov-un yüz milyonlarla dollarlıq aktivlərinə giriş verilib.

Bu bizneslərdən öz payını götürən Çeçenistan rəhbərliyi bunun müqabilində münaqişəli vəziyyətlərin çözülməsini və Rusiya prezidenti Vladimir Putinə birbaşa çıxışı təmin edib.

Rusiyadakı Proyekt müstəqil araşdırma mərkəzinin məlumatında belə deyilir.

Proyekt iddia edir ki, Kadyrov və onun yaxın qohumu, Dövlət Dumasının deputatı Adam Delimkhanov qondarma fərdlərin vasitəsilə yüz milyonlarla dollar sərvət qazınırlar.

Beləliklə rəsmən heç bir biznesləri olmayan Çeçenistan elitası bəyannamə verməli olmur. Bu işi onların əvəzinə bəzən sərvəti milyardlarla ölçülən dostların və qondarma şəxslərin geniş şəbəkəsi görür.

Proyekt mülkiyyət dəllalı Krotovun belə qondarma şəxslərdən biri olduğunu iddia edir.

Qrenadanın ticarət attaşesi

Bu da qeyd olunur ki, Krotov eyni zamanda Qrenadanın Rusiyadakı ticarət attaşesidir və deməli hər hansı cinayət təqibindən diplomatik toxunulmazlığa malikdir.

Maraqlıdır ki, bu ada-dövlətin Rusiyadakı səfiri də Odessa doğumlu Oleg Firerdir.

Onun Qazaxıstanın ən zəngin biznes adamlarından Kenes Rakishev-lə sıx əlaqələri var.

Proyekt saytının iddiasına görə o da Ramzan Kadyrov-un biznes partnyorlarından biridir.

Bu da iddia edilir ki, onun BTA bankın keçmiş sahibinin aktivlərinə yiyələnməsinə, habelə Murmanskdakı Vitino neft limanına nəzarəti ələ almasına da Kadyrov kömək edib.

Kenes Rakishev
Kenes Rakishev

Proyekt ehtimal edir ki, bu şirkətin təsisçilərindən biri də Krotovun qayını ola bilər.

Bundan əvvəl Vedomosti qəzeti Krotovun Yevrosement şirkəti sahibinin 600 milyon dollarlıq borcunu almasını iddia etmişdi.

Kommersant ehtimal edirdi ki, Krotov Kadyrov-un Tsentoroydakı iqamətgahının tikintisinə rəhbərlik edib.

Proyekt yazır ki, biznesmen tikintinin smetası, layihəsi və hətta Çeçenistan başçısının təhlükəsizliyi ilə məşğul olub.

Bu da bildirilirdi ki, bu iqamətgahın təkcə layihəsinin üzərində görülmüş işin dəyəri Kadyrov-un illik gəlirindən çoxdur.

Alla Pugacheva-nın keçmiş kürəkəni

Proyekt iddia edir ki, Kadyrov “Rusiya Mis” şirkəti səhmlərinin 20 faizinin dostu Ruslan Baysarov tərəfindən alınmasına birbaşa dəstək verib.

Məşhur müğənni Alla Pugacheva-nın keçmiş kürəkəni bu yolla şirkətin 900 milyon dollarlıq aktivlərinə sahiblənib.

Bu sövdələşmə həyata keçdikdən sonra “Rusiya Mis” şirkətinin sahibi Igor Altushkin-in hüquq-mühafizə orqanları ilə problemlərinə son qoyulub.

Kadyrov onun üçün Putinlə olan problemləri yoluna qoyurdu. Bunun əvəzində ona Çeçenistandakı layihələrdə iştirak imkanı yaradılmışdı. Amma o bir neçə ildən sonra öz payını təkrar satın aldı.

Proyekt müsahibinin sözlərinə görə, “çeçenlərdən gələn ziyan, onlardan gələn xeyri üstələmişdi”.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu məqalədə adı keçənlərdən yalnız Krotov şərh verməyə razılaşıb. O Kadyrov və Delimkhanov-la hər hansı iş birliyini inkar edib:

“Bu dəqiqdir ki, mən xalis pravoslav rus olaraq heç bir çeçen elitasına işləmirəm”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG