Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 11:23

Kadırovun Facebook və Instagram hesablarının bağlandığı xəbər verilir


Ramzan Kadırov
Ramzan Kadırov

Rusiyanın internetə nəzarət edən dövlət qurumu Faceboook və Instagram-dan ziddiyyətli Çeçenistan lideri Ramzan Kadırovun hesablarının bağlanması səbəbləri barədə izahat tələb edib.

Guardian qəzetinin Moskva müxbiri xəbər verir ki, Kadırov Birləşmiş Ştatlar hökumətini sosial şəbəkələrə təzyiq göstərərək onun hesablarını bağlatmaqda ittiham edib. ABŞ ötən həftə insan haqları pozuntularına cavab olaraq Kadırov barədə səfər qadağanı qoyub və ona qarşı maliyyə sanksiyaları elan edib.

Qəzet yazır ki, “hazırda prezident Vladimir Putinə son dərəcə loyal keçmiş çeçeçn qiyamçısı sosial media, xüsusilə də Instagram aşiqidir”. O bu platformadan ara-sıra Kremlin tənqidçilərini hədələmək üçün də istifadə edir.

Bundan başqa Kadırov Çeçenistan hökumətinin bəyanatlarını, özünün timsahlarla güləşdiyini və pələnglərlə qucaqlaşdığını göstərən cəfəng fotolarını bu platformada yayır.

Ötən il Kadırov itmiş pişiyini də Instagram vasitəsilə axtarmış və Britaniya məzhəkəçisi John Oliverin lağlağısına səbəb olmuşdu.

Rusdilli Instagram-da Kadırovun 3 milyon, Facebook-da isə 750 min davamçısı var. Guardian yazır ki, onun daha az populyar olan ingilisdilli Instagram hesabı hələki açıqdır.

Rusiyada media və telekommunikasiyaları tənzimləyən dövlət qurumu Roskomnadzor sosial media nəhənglərindən Kadırovun hesabları barədə rəsmi izahat tələb edib.

Rusiya parlamentinin informasiya texnologiyaları və kommunikasiyalar komitəsinin başçısı Leonid Levin deyib ki, Facebook və Instagram-ın hərəkəti söz azadlığının pozulması deməkdir.

Çeçenistanın mətbuat və informasiya naziri Cambulat Umarov – Kadırovun hesablarının bağlanmasını ABŞ-ın “alçaq” kiberhücumu adlandırıb.

Hələlik nə Facebook, nə də Instagram bu xəbərlərlə bağlı şərh verməyib.

2015-ci ildə internetdə 17 yaşlı qızın 47 yaşlı polis rəisinə zorla ərə verilməsi barədə xəbərlər yayılandan sonra Kadırov çeçen kişiləri arvadlarına WhatsApp mesajlaşma xidmətindən istifadəni qadağan etməyi tələb etmişdi.

XS
SM
MD
LG